1980 – ci illərin axırlarından başlayaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə, təhsildə psixoloji xidməti praktikada ilk dəfə tətbiq etmək barədə qərarı verilib.

İctimai həyatın bütün sahələrində bu xidmətə böyük ehtiyac vardır. Sosial – iqtisadi böhran və mənfur düşmənimiz olan ermənilərin doğma torpaqlarımıza təcavüzü nəticəsində evlərindən didərgin düşən respublikamızın əhalisi dərin psixoloji stress keçirir və onların sosial – psixoloji reablitasiyaya ehtiyacı vardır.

İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada psixoloji biliklərin zəruriliyi duyulmasın. Ona görə də hazırki dövrdə bütün dünyada hər cür fəaliyyətdə insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Psixologiya insan haqqında əsas elmlərdən biri kimi insana xidməti ön plana çəkmişdir. Bəzən böyük bir müəssisədə ilk baxışda hər şey öz yerində, öz qaydasında olduğu halda nəticə sevindirici olmur, əmək məhsuldarlığı aşağı düşür, qarşılıqlı münasibətlər pozulur, işçi axını başlayır. Bu kimi hallarda psixoloji işin aparılması, psixoloqun işə qarışması lazım gəlir və onun gördüyü işlər səmərəli nəticə verir.

Məktəbdə də psixoloji xidmət eyni zərurət üzündən meydana gəlmişdir. Müasir dövrdə məktəblərin qarşısında duran vəzifələri yerinə yetirə bilməsi üçün psixoloji köməyə ehtiyacı böyükdür. Biz tez – tez şagirdlərin təlimə münasibətinin zəifləməsi, müəllim – şagird münasibətlərində, eləcə də müəllim – müəllim, müəllim – valideyn münasibətlərində çətinliklərin olması barədə mülahizələrin şahidi oluruq. Şagirdlərin bilik səviyyəsinin müxtəlifliyi, çətin tərbiyə olunan uşaqların xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənməyi və onların hər birinə fərdi yanaşmağı tələb edir. Psixoloji xidməti həyata keçirmədən gənc nəslin təlim və tərbiyəsində istədiyimiz uğuru əldə edə bilmərik.

Məktəblərin gündəlik fəaliyyətində həmişə problemlərə rast gəlinir və müəllim, şagird və valideynlərə konkret köməkliyin göstərilməsinə ehtiyac olur ki, bu da məktəbdə psixoloji xidmətin ən mühüm vəzifəsi hesab edilir.

Məktəbdə psixoloji xidmət fəaliyyətinin perspektiv istiqaməti hər bir şagirdin inkişafı, onda yaradıcı həyata psixoloji hazırlığının formalaşması məqsədinin həyata keçirilməsinə yönəldilmiş istiqamətdir. Psixoloqun əsas vəzifəsi – hamının və hər bir şagirdin qabiliyyətlərinin inkişaf səviyyəsinin müxtəlifliyini aşkar etmək və inkişafına nail olmaqdır. Şagirdlərin hamısında eyni inkişaf səviyyəsi yaratmaq qeyri mümkündür, temperamentin tipləri, idrak prosesləri, psixi hallar müxtəlifdir. Burada birinci növbədə onların imkanları mühüm rol oynayır. Buna görə də psixoloqun hər bir şagirdlə yerinə yetirəcəyi fərdi iş müxtəlif olacaqdır.

Uşaqların həyatının keçid mərhələləri, onun əsas fəaliyyət növünün kəskin şəkildə dəyişməsi ilə nəticələnən məktəbə daxilolma dövrü,yeniyetməlik dövrünün başlanması və s.üzərində nəzarətə xüsusi yer verilməsi lazım gəlir.

Məktəbdə psixoloji xidmət fəaliyyətində müəllim, şagird və valideynlərlə aparılan məsləhət işləri əsas yer tutur. Psixoloq müəllimlərə şagirdlərin tədris materialını mənimsəməkdə, dərsi qavramada çətinliklər, oxumaq həvəsinin olmaması, müəllimlə sinif arasında münaqişə yarandıqda və şagirdlərin meyl və qabiliyyətlərini aşkara çıxarmaqda məsləhətlər verir.

Psixoloqun köməyi ilə şagirdlərin həm əqli, həm də şəxsi imkanları aşkara çıxarılır. Psixoloq diaqnostik işlər aparmaqla şagirdin sinif yoldaşları ilə qarşılıqlı münasibətlərinin pozulmasının, uşağın məktəbə hazırlığının, şagirdlərin ibtidai məktəbdən orta məktəbə keçməyə hazır olmalarının keyfiyyətlə həll olunmasına nail olur.

Laçın rayon 7№-li tam orta məktəbində də psixoloji xidmətin səviyyəsinin artırılması üçün şərait yaradılıb. Məktəb rəhbərliyi və sinif rəhbərləri, fənn müəllimlərinin köməyi ilə şagirdlərlə işləmək çətin deyil. Psixoloqun kabineti var, amma maddi təchizatla elə təmin olunmalıdır ki, şagirdlər bura daxil olanda özlərini rahat hiss etsinlər. Onlarla söhbət aparmaq, tapşırıqlar vermək asan olsun.

Məktəbdə psixoloji xidmətin səviyyəsini artırmaq üçün şagirdlərlə ünsiyyətdə çox olmalısan. Bunun üçün də siniflərdə psixoloqun dərs saatı olmalıdır ki, şagirdləri müşahidə etmək, onların davranışındakı müsbət və mənfi keyfiyyətləri görmək və bunun üçün tədbirlər planı həyata keçirmək mümkün olsun.

Hazırda məktəblərimizdə məktəbəqədər hazırlıq kursları fəaliyyət göstərir. Biz psixoloqlar bu uşaqlarla fərdi məşğul olur, onların məktəbə alışmasına, kollektivə öyrəşməsinə, valideynlərindən ayrı qalmasına köməklik göstəririk.

Məktəbdə təşkil etdiyim intellektual oyunlar və testlər də şagirdlərdə böyük marağa səbəb olur. Bu zaman zəif oxuyan və davranış problemləri olan uşaqların davranışında və təhsilində irəliləyişlər olur, onların özlərinə güvəni artır, uğurları günü-gündən artır .

Şagirdlərlə “Vətənpərvərlik” mövzusunda sorğu keçirirəm. Əsas məqsəd şagirdlərdə doğma, ana qədər əziz bildiyimiz, lazım gələrsə canımızdan keçəcək qədər sevdiyimiz Azərbaycanımız, onun tarixi, ölməz şəhidləri, qəhrəmanları haqqında məlumat vermək, yaradıcılıq qabiliyyətlərinin, idrak proseslərinin inkişaf etdirilməsidir.

Məktəbimizdə bütün tədris ili boyu siniflərdə müsbət psixoloji auranın yaranmasına çalışırıq. Bu il də əldə etdiyimiz nəticələr işimizdə müsbət irəliləyişin olduğuna sübutdur.

İş prosesində psixoloqları qayğılandıran əsas problem test və paylayıcı materialların çatışmaması, əmək haqlarının digər kateqoriyalı təhsil işçilərinə nisbətən aşağı olmasıdır.

Biz inanırıq ki, dövlətimizin başçısı hörmətli prezidentimiz İ.Əliyevin sərəncamı ilə biz psixoloqlar da məktəbdə apardığımız psixoloji xidmətlərə görə lazım olan qiymətləri alacağıq.

Laçın rayon 7 № – li tam orta məktəbin psixoloqu

Qarayeva Nazənim Ramazan qızı

Bənzər yazılar