Hər bir insanın həyat gəmisi vardır könlünün əngin dənizlərində. Fırtınaların insanın qəlbini külə döndərdiyi o anlar sığınacaq limanın künclərinə sığınır titrək nəfəslərlə. Dənizin sonsuz görünən dalğalarında xəyalları dalğalanarkən könlündə, keçmiş süzülür qəlbindən gözlərinə. Tora bürünmüş bir cüt göz boylanır əngin okeanlara. Dumanmı bürümüş limanları? Görə bilmirsən, yoxsa sənin gözlərin də  bu qədər dumanlanıb?

Həyat həyatdan həyat alanlar üçün həyatdır. Həyatın kapitanı zamandır. Zamanın kapitanı isə yaşamaqdır. Bir gününü deyil, hər gününü zamanın yelləncəyində ümidlə, hiss edərək yaşaya bilməkdir. Həyat gülümsəyə bilməkdir.  Həyat sevə bilməkdir. Həyat bir körpənin gözlərindəki parıltıdır. Həyat şükr etməkdir. Sevdiklərin üçün, sahib olduqların üçün şükr edə bilməkdir. Həyat ümid etməkdir. Ümid çiçəklərini soldurmadan yaşaya bilməkdir. Bəzən bu tikanlar canını yandırsa belə, o çiçəklərə sahib çıxa bilməkdir. Həyat xoşbəxtliyin qığılcımlarını ovuclarında hiss edə bilməkdir. Təkcə başqalarının gözlərindəki parıltını deyil, aynaya baxarkən gözlərindəki ən parlaq ulduzun sonsuzluğu ilə yaşaya bilməkdir.

Bir zamanlar, səmanın aydın, amma bir cüt gözün bilinməyən diyarları gəzərkən, susuz səhrada qalmış kimsəsizliyi ilə yorğun düşmüşdü. Sükutun səssizliyi pianonun notları arasında yavaşca gözdən itirdi. Tak-tak, iki həzinli not kimi qapının döyüntüsü eşidildi. Təkcə iki not – tak-tak… Döyünən qapımıydı, yoxsa bu qapının arxasındakı o qəlbmiydi? Bu döyüntü nəyin döyüntüsü idi?

Psixoloq – “Buyurun” deyə işarə etdi – “Sizə necə kömək edə bilərəm?”

Adam kədərli gözlərlə həkimə baxaraq, təmkinlə danışmağa başladı:

– Mənim maddi vəziyyətim yaxşıdır. Sağlamlığımda qaydasındadır, ancaq bir problemim var?

– Nədir o?

– Sevincli ola bilmirəm. Daim əhvalım kədərlidir. Gülmək, əylənmək istəyirəm. Bu səbəbdən sizin yanınıza gəldim.

– Sözün doğrusu, bu mənim ixtisasıma aid deyil. Ancaq sizə bir məsləhət verə bilərəm. Bura ilə üzbəüz yerə 10 gün əvvəl bir sirk gəldi. Bir də klounu var. Mən getdim. Çox gözəl və maraqlı idi. Əsasəndə klounu əla idi. Gülməkdən özümü güclə saxlayırdım. O qədər əyləndim ki… Sizə də o sirkə getməyinizi və əsasən də o klounu seyr etməyinizi məsləhət görürəm.

Bu sözlərin üstünə adamın əhvalı daha da pis olaraq, fısıltılı bir səslə deməyə başlayır:

– O dediyiniz kloun elə mənəm…

Həyat başqalarını güldürməyə çalışarkən, öz gülüşünü unutmaq deyil. Əgər bir gün məndən həyat nədir deyə soruşsalar, deyərəm ki: Həyat mənəm, mən həyatam…

Nurcahan İsmayıl, BSU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar