Kitab dilin “açarıdır”, biz kitab oxumaqla dilimiz açılır, mənəvi cəhətdən zənginləşirik və dünya görüşümüz artır. Amma bu gün nədənsə kitaba olan həvəs soyuyub, kitab oxuyanların sayı azalıb. Ona görə də günümüzün ən aktual problemlərindən biri məhz mütaliyə ilə bağlıdır. Bu yerdə maraqlı və düşündürücü bir sual yaranır: Biz niyə kitabdan aralı düşmüşük, niyə mütaliyə etmirik?

Bu problemə müxtəlif yöndən yanaşanda görürük ki, fikirlər fərqlidir. Amma bizi 50 il sonra bu mütaliəsizliklə nə gözlədiyini heç kim düşünmür. Çox təəssüflər olsun ki, gənclər, yeni nəsil bunun fərqinə belə varmadan öz gələcəklərini məhv edirlər.

Əgər bu mövzu ilə bağlı gənclər arasında biz bir sosial sorğu etsək ki, “Son zamanlar neçə kitab oxumusunuz?” əminəm ki, 10 gəncdən ən çox kitab oxuyan 1 nəfər taparıq ki, onların da oxuduğu kitabın sayı ən yaxşı halda 2 ya da 3 olar. Məhz, kitab oxumamağın səbəbidir ki, müasir dövrdə öz fikrini sərbəst ifadə edən, düzgün, sərbəst, səlist nitqə malik olan çox az gəncə rast gəlirik. Amma Azərbaycan dili çox zəngin, xəlqi və ahəngdar bir dildir. Əslində bu bir faciədir ki, hansısa bir gənc 10 dəqiqəlik çıxışı zamanı gözəl nitqlə öz düşüncələrini sərbəst  ifadə edə bilmir. İki sözü ard-arda qoşaraq cümlə qurmaqda çətinlik çəkirlər. Bəzən telekanallarımızda gənc aparıcılar efirdə əcnəbi sözlərdən istifadə edərək güya özlərini savadlı kimi göstərmək istəyirlər. Amma onlar ana dilimizin nə gözəlliyini anlayır, nə də onu qorumaq barədə düşünürlər.

Bu kimi hallara doğma dilini, vətənini sevən bir gənc, eyni zamanda, gələcək bir jurnalist kimi çox narahat oluram. Bir gənc və ya uşaq kitab oxuyaraq nitqini yaxşılaşdırmaq, söz ehtiyatını artırmaq, zövqünü formalaşdırmaq və maariflənmək əvəzinə, günün çox hissəsini yalnız telefona aludə olmaqla keçirirsə, bu yolverilməzdir.

Bu gün istər orta məktəb şagirdləri, istərsə də ali məktəb tələbələri sərbəst nitqlə çıxış etməkdə çox çətinlik çəkirlər. Səbəb aydındır, əlbəttə ki, bütün bunlar birbaşa mütaliəsizlikdən qaynaqlanır və problem olaraq cəmiyyəti bürüyür. Təəssüf ki, müasir gənclik bu gün kitab dilindən deyil, məişət dilindən istifadə edirlər. Zaman isə dayanmadan gedir.

Jurnalistikanı bizə sevə-sevə öurədən müəllimlərimizdən biri Mübariz müəllim dərslərimizin birində qeyd etdi ki, “İndi texnologiya o qədər inkişaf edib ki, biz fərqinə varmadan mobil telefonlarımız vasitəsilə məcazi mənada dünyanı cibimizdə gəzdiririk”. Bəli, bu mənada mən də müəllimimlə razıyam. Amma gəlin görək bəs bu elektron dünya bizə nələri verir, nələri alır? Əlbəttə, o bizə çox şey verir, istədiyimiz hər bir məlumatı belə istədiyimiz vaxt əldə edə bilirik. Amma qarşılığında nələri alır? Ünsiyyəti, gözəl nitqi, sərbəst danışığı alır bizdən müasir texnologiya. Buna görə də, yeni texnologiyalar mütaliə etməməyimizin əsas səbəblərindən biri kimi başa düşülür.

Əslində inkişaf etmək, yeniliklərlə təmasda olmaq çox gözəldir, amma mənə görə mütaliə çox vacibdir. Hər oxuduğumuz kitab xəzinə tapmağa bərabərdir, kitab bir sərvətdir. Mütaliə insana hər şey verir. Bu səbəbdən kitabxanalarda yeniliklər edilsə, ali məktəblərin, orta məktəblərin, kitabxanalarında kitab oxumaq barədə aksiyalar təşkil olunsa, zənnimcə bu yolla gəncləri kitaba maraq göstərməyə sövq etdirmək olar. Doğrudur, şəhərin istənilən yerində, Dəniz kənarı Milli Parkda, digər istirahət parklarında telefonların enerji blokunun bərpası üçün aparatlar, həmçinin, mobil telefonlar üçün addımbaşı internet şəbəkələri yaradılıb. Amma bunlarla yanaşı kitab köşkləri qoyulsa, məsələn hər kitab köşkündən səsucaldıcılar vasitəsilə hər hansı bir əsər səsləndirilsə, bu, gənclərin diqqətini çəkmiş olar və  gənclər mütaliəyə maraq göstərərlər.

Səbinə Nəsibli, BSU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar