Özünü vətəndaş zənn edən insan Vətənin dərdinə biganə qala bilməz! O orduya ordu deyərəm ki, əsgəri düşmənlə döyüşdə Vətən naminə ölümə belə hazır olsun. Çünki hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun ordusu və  əsgərinin vətənpərvərlik ruhudur. Əgər bu ruh yoxdursa, qüdrətdən, vətənin etibarlı müdafiəsindən danışmağa dəyməz. Vətənimiz illərdir ki, müharibə şəraitindədir.  Belə məqamda hərbçiyə olan hörmət, qayğı daha da çox olmalıdır.

Mənim atam hərbçidir. Çox yaxşı bilirəm hərbçilərin xasiyyətlərini, davranışlarını , nələri sevib, nələri sevmədiklərini. Atam hər dəfə hərbçilik həyatından danışanda sanki mən də özümü hərbçi kimi hiss edirəm. Ruhən döyüşçüyə çevrilirəm! Çünki Vətən – doğma diyar, ana yurddur. Vətən bir millətin tarix boyu yaşadığı, adət-ənəsinin, milli-mənəvi dəyərlərinin, ümumilikdə bütöv bir varlığının birləşdiyi məkandır. Elə bir hərbçi olmaq lazımdır ki, Vətən onunla qürur duysun, özgüvənliyini onda tapsın! Düzdür, biz Vətən uğrunda çox şəhid vermişik, çox qanlar tökülüb doğma Azərbaycanımızda. Ona görə də hərbçilər  sadəcə coğrafı sərhədləri qoruyan biri deyildir. Onlar xüsusi sevgi və hörmətə layiq müqəddəs insanlardır. Şübhəsiz ki, biz bu gün əsgər və zabitlərimizə görə rahatıq yaşayırıq. Bu rahatlıqlığa görə hamımız ordumuza, əsgərlərimizə borcluyuq. 

Vətən həm də ona görə müqəddəsdir ki, ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş və onun uğrunda vuruşmuşlar. Bu üzdən də bizə babalarımızdan əmanət qalmış Vətənimizi qoruyan hərbçiləri sevmək böyük bir əxlaqi keyfiyyətdir. Onları  sevmək təkcə orduya olan sevgi deyil, həm də torpağı, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Ona görə də hər bir vətəndaş mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları heç vaxt unutmamalıdır. Mənsub olduğu xalqın dilini, dinini, dövlət rəmzlərini göz bəbəyi kimi qorumalıdır. Hüquqlarını bilib, qanunlara əməl etməlidir. Hərbçilər bütün ruhları ilə vətənə bağlı insanlardır. Vətən eşqi onların bütün ruhunu bürüyür. 

Mənim üçün vətən deyiləndə, əsasən 3 şey fikrimə gəlir, hərbçi atam, əsgərim, ordum. Onlar vətəndaş olmaqla yanaşı, xalqın, torpağın, dövlətin bir sözlə Vətənin müdafiəsində həmişə əzmlə dayananlardır. Çünki hərbçi vətəni ilə nəfəs alır. Bütün varlığımızı ana Vətənimizə – Azərbaycanımıza borcluyuq. Hər bir vətəndaş yurduna sadiq, layiqli vətəndaş olmalıdır və bunun üçün əlindən gələni əsirgəməməlidir. Biz hamımız Azərbaycan vətəndaşıyıq, biz Azərbaycanımızı çiyinlərimizə qaldırıb işıqlı sabahlara, aydın gələcəyə aparmalıyıq. Hərbçinin polaq qolları, tükənməz gücü sayəsində Vətənimiz bu gün işıqlı sabahların yolçusudur. 

Qəlbimizdəki Vətən sevgisi və Vətən məhəbbətinin atəşi ilə düşmənləri məhv etməliyik. İşğal altındakı torpaqlarımızı azad etmək, şəhidlərimizin qanını almaq üçün ayağa qalxmalıyıq.

Atamdan soruşan da ki , “Hərbçi kimdir?” o deyir: “Əsl hərbçi o adamdır ki, o, öz Vətənini bütün qəlbi, canı və qanı ilə sevir, onun azadlığı, istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazır olur!”.

Dilarə Həsənova, BSU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar