Gənc nəslin imkanları və problemləri yaşadığımız bu dönəmdə ən aktual məsələlərdən biridir. Bir gənc olaraq məncə bizim nəsil öz imkanlarından heç də layiqincə yararlanmır, bununla yanaşı, yaradılmış müasir şəraitləri dəyərləndirə bilmir.

Valideynlərimizin söylədiklərini nəzərə alanda 20-30 il bundan əvvəl bizim indi əldə etdiyimiz bu imkanların heç biri onlarda olmayıb. Anamın mənə ən çox dediyi – “Qızım zamanın qədrini bil” ifadəsidir. Anam bunu məhz müasir dövrdəki imkanlarımızı nəzərə alaraq deyir.

Hərdən universtetdən evə gələndə çox yorğun olduğumdan deyirəm: “Ana çox yorğunam, müəllimlər də çox tapşırıq verib, çatdırıb yaza bilməyəcəyəm”. Anam o dəqiqə təbəssümlə yarızarafat, yarı gerçək deyir ki, “Ay naşükür, niyə axı, hər cür imkanın şəraitin var. Bizim vaxtımızdakı kimi zülüm çəkmirsən ki”. Əslində anam yerdən göyə qədər haqlıdır.

İndi təhsil ocaqlarımız, dərslərimizə rahat hazırlaşmaq üçün hər cürə şərait imkanımız, tələbə biletimizlə istədiyimiz bəzi dükanlarda endirim əldə etməmiz, ali təhsil müəssisələrimizin kitabxanaları və qiraət zalları, könüllülük fəaliyyəti başladan bir çox kampaniyalardan faydalanma imkanımız vardır. Bununla bərabər istedadı olan gənclər – bacarığını nümaiş etdirmək üçün böyük imkanlara sahib gənc nəslin nümayəndələrik.

Bizim imkanlarımız təkcə bununla yekunlaşmır. Müasir dövrdə gün-gündən inkişaf edən texnologiyaların sayəsində istədiyimiz an dünyanın istənilən yeri ilə əlaqə yaratma, hətta görüntülü danışmaq imkanına belə sahibik. Əgər əvvəllər tələbələr dərslərini hazırlamaq üçün bir çox kitab axtarışında olurdularsa, amma bu gün biz gənc nəsil bu problemi çox rahatlıqla – məlumatların qısaldılmış formasını qısa zaman kəsiyində əldə edə bilərik.

Gəlin bu arada Azərbaycanın gözəl filmlərindən biri olan “Bir Qalanın Sirri” bədii filmini yada salaq. Filmdə Simnar xan tərəfindən girov götürülən Həkim babanı Elşən yalnız qalaq-qalaq kitabları oxuduqdan sonra xilas edə bildi. Ancaq indiki  zamanda o kitablarda olan məlumatları biz gənclər istədiyimiz qədər qısa və aydın şəkildə elektron qaydada rahatlıqla əldə edə bilirik. Sizcə bu bizə yaradılmış ən yaxşı imkanlardan biri deyilmi?

Maraqlıdır, bəs görəsən gənc nəslin bu qədər geniş imkanı olduğu təqdirdə narazı olmalarına səbəb nədir? Problemin kökündə nə dayanır? Bir gənc olaraq məncə  problemi elə özümüzdə axtarmalıyıq. Çünki bu problemləri biz özümüz süni şəkildə yaradırıq. Baxın, mobil telefonlar artıq hər birimizin həyatının bir parçasına çevrilib. Doğrudur, biz onun vasitəsi ilə çox şeyləri əldə edirik, amma telefona həddindən artıq aludəçilik – müxtəlif oyunlar, sosial şəbəkələrdə yerli-yersiz yazışmalar bizim vaxtımızı alır. Bununla yanaşı, sağlamlığımıza, xüsusən də gözlərimizə çox pis təsir göstərir. Yəni biz beynimizi gərəksiz informasiyalarla yükləyincə, yorunca, onun əvəzinə bizə lazım olan məlumatlara vaxt ayırmış olsaq bu daha yaxşı olar.

Unutmayaq ki, hər şey qədərində gözəldir. İmkanını dəyərləndirən hər bir gənc problemini də həll etmiş olar. Odur ki, anamın mənə dediyi – “Qızım zamanın qədrini bil” ifadəsi, mənim ən qiymətli ziynətimdir.

Səbinə Nəsibli, BSU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar