Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib.

Məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gənclərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev rayondakı dini durum barədə məlumat verib. M.Hacıyev bildirib ki, Astara rayonunun əhalisi hər zaman öz mənəvi dəyərlərinə bağlı olub.

Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov hazırda Azərbaycanda 2250 məscid, 14 kilsə və 7 sinaqoqun mövcud olduğunu bildirib. Sədr müavini qeyd edib kİ, ibadət evləri ilə yanaşı, respublikamızda İslam, xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri və s. fəaliyyət göstərir. Onun sözlərinə görə, din sahəsəində savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsini və ilahiyyat elminin inkişafını təmin etmək üçün müstəqil ali təhsil müəssisəsinin yaradılmasına ehtiyac var idi. Bu məqsədlə Azərbaycan Respublikası Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini ali və orta məktəblərdə dini biliklərin tədrisi ilə bağlı məsələyə də toxunub. G.İsmayılov deyib ki, orta məktəblərdə din və şəriət deyil, dini biliklər tədris olunur: “Bu ilin sentyabr ayından etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” fənni tədris edilir. Orta məktəblərdə isə “Həyat bilgisi” fənni vasitəsi ilə şagirdlərə yalnız dini biliklər deyil, həm də dinlərin tarixi barədə məlumat verilir”.

Astara Rayon Təhsil Şöbəsinin müdir müavini Sultanağa Baxşıyev və DQİDK-nın Dini maarfiləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dinin cəmiyyətdəki rolundan danışaraq vurğulayıblar ki, din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil edib. Natiqlər bildiriblər ki, dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Mektebgushesi.az

Bənzər yazılar