Qəlb kor olduqdan sonra gözün görməsindən nə fayda? Qəlbdə mərhəmət yoxdursa, insanlara məhəbbət, hörmət, qayğı yoxdursa, bu, qəlbin korluğudur. Əgər insan yalan danışırsa, qarşısındakına və ətrafındakılara paxıllıq edirsə, ziyan vurursa, şər işlər görürsə, bu, qəlbin korluğu deyil bəs nədir?! Çirkin fikirlərlə dolu qəlblər xalqlar arasında əmin-amanlığı pozaraq müharibələri qızışdırıb faciələr törədir. Törətdiyi əməllərdən utanmayıb tökdüyü qanların çoxluğu ilə “qürur” duyanlar görəsən anlayırlarmı nə etdiklərini? Əgər ermənilərin qəlbləri kor, xislətləri nanəcib olmasa idi, ac gözləri doysa idi, azyaşlı uşaqları, qocaları, qız-gəlinləri amansızlıqla öldürüb havadarları ilə birgə Xocalı faiəsini törədərdilərmi?

Deməyə söz çox, verməyə suallar ümman qədərdir. Çünki Xocalı soyqırımı amansızlıq və qəddarlıqla, heç bir beynəlxalq hüquq normalarına sığmayan tərzdə, dünya ictimaiyyətinin gözünün önündə törədilmişdir. Faciədən az sonra xarici kütləvi informasiya vasitələrinin nümayəndələri hadisələri gözləri ilə görmək üçün bölgəyə gəlsələr də, gördüklərindən heyrətlənsələr də, amma nə fayda, hələ ki dünya bu dəhşətə lazımi siyasi qiymətini verməyir. Amma uydurma “erməni soyqırımı” hər il aprel ayı gələndə dünya mediasını az qala 1 nömrəli mövzusuna çevrilir.

Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadın və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit görmüşdülər. Bu, azərbaycanlıların təbliğatı deyil, əsl reallıq idi! Amma özlərini demokratiya “atası” sayanlar hələ də susmaqda davam edirlər.

Dorudur, Ermənistanı işğalçı dövlət kimi tanıyan İslam Konfransı Təşkilatının Uqandada keçirdiyi toplantıda Xocalı faciəsi barədə xüsusi sənəd qəbul etməsi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınması baxımından əhəmiyyətlidir. Bu tarixi sənəd beynəlxalq təşkilatlar tərəfindən Xocalıda törədilmiş faciənin dinc əhalinin kütləvi qətliamı, insanlığa qarşı cinayəti kimi tanınmasında ilk addımdır. Ancaq Qarabağ həqiqətlərinin, əsasən, qərb ölkələrində tanınması Azərbaycan  üçün daha vacibdir.

Xocalı Azərbaycan xalqının elə bir faciəsidir ki, onu heç vaxt unutmaq olmaz. Bu qətlamı yalnız 26 fevralda hüzn kimi keçirməklə qənaətlənmək doğru deyil. Azərbaycan mediası, xüsusən də televiziya kanalları hər gün yayımladıqları çal-çağırlara heç olmasa ara-bir fasilə verib bu günü yada salmalıdır.

Həqiqətə yalnız qəlblərini pisliklərdən uzaq tutanlar, içində Vətən sevgisi, Vətən məhəbbəti bəsləyənlər, Vətən yanğısı ilə yaşayanlar nail ola bilərlər.

Bu günkü gənc nəsil Azərbaycan adlı məmləkətin qolları güclü, yorulmayan daşıyıcılarıdır. Odur ki, Vətəni sevmək, onun uğrunda hər an döyüşə hazır olmaq hər birimizin Vətən qarşısında sədaqət borcudur!

Ofelya Hüseynli, BSU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar