Bu gün küçədə əlində neyə bənzəyən bir alətlə türk musiqisi ifa edən bir uşaq gördüm. Uşağın əynində cırıq, köhnə paltar, ayağı yalın, sanki soyuq küçədə ifa edərək çörək pulu qazanmağa məcbur edilmişdi. Dəqiq deyə bilmərəm məcbur edilib, yoxsa bu onu öz istəyi ilə edir. Amma bildiyim budur ki, Azərbaycanın gələcəyi sayılan bugünkü uşaqlardan birinin gələcəyi məhv olur. Bu balaca oğlan uşağı həyatının ən gözəl çağlarını əzab – əziyyət içində yaşayır.

Görəsən onu zalım dünyaya məsum və aciz bir uşaq kimi gətirəndirmi günahkar, yoxsa zəmanə? Heç bir musiqi təhsili olmayan bu uşağın İbrahim Tatlısəsin “Saçlarını yol gətir” mahnısını yanıqlı şəkildə ifa etməsi insanı olduqca təəccübləndirir. Düşünürəm ki, bu uşağın ailədə sosial vəziyyəti qaydasında olsa, o zaman bu uşaq gələcəkdə çox yaxşı musiqiçi ola bilər.

“Balaca musiqiçi”ni bir neçə dəqiqə kənardan müşahidə etdim. O, gözlərini yumaraq türk musiqisini ifa etməyə başlayır və sanki özünü küçədə yox, bir səhnədə təsəvvür edirdi. Arada bir gülümsünür, amma, ifasını dayandırmırdı. Sanki o, onunla acı rəftar edən dünyaya gülürdü. Amma qəh – qəhə ilə yox, sadə bir təbəssümlə. Hərdən bir gözlərini açaraq ona tamaşa edən, səsləndirdiyi musiqiyə görə qarşısındakı qutuya pul qoyan insanlara baxırdı. O, nə dilənçidir, nə də oğru. O, sadəcə öz zəhməti ilə pul qazanan balaca musiqiçidir. Ona baxanda nədənsə “Qaraca qız” filmi yadıma düşdü. Filmdə Qaraca qız kimi tanınan Tutu da bir müddət qaraçılarla birlikdə rəqs edərək pul qazanırdı. O da musiqini, rəqsi sevirdi.

Bu gün bu balaca oğlanın həyatını yaşayan uşaqlarımız heç də az deyil. Onlar belə mühütdə ya bu cür musiqi ifa edərək pul qazanmağa çalışırlar, ya da dilənçiliklə məşğul olurlar. Əslində cəmiyyətimiz belə hallara qarşı biganə qalmamalıdır. Uşaqların bu şəkildə işlədilməsinə icazə vermək olmaz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən 15 yaşına çatmamış fiziki şəxslərin işlədilməsi yol verilməzdir. Bu uşağında digər uşaqlar kimi təhsil almaq, gözəl yaşamaq, qayğı görmək, sevilmək haqqı var. Onun da, hamı kimi gözəl bir gələcəyi olmalıdır. Gəlin uşaqlarımıza, övladlarımıza qayğı, nəvaziş göstərək, onları sevək və qoruyaq. Çünki onlar bizim həyatda ən əziz varlığımız və gələcəyimizdir. Gəlin gələcəyimizi küçələrdə məhv etməyək, ona sahib çıxaq. Bəzi dırnaq arası “valideynlər” öz övladlarını dünyaya gətirən kimi onlardan imtina edirlər. Onları ya uşaq evinə verirlər, ya da küçəyə atırlar. Anlamaq olmur, insan öz qanından, canından olan övladını necə tərk edə və ya ata bilər? 9 ay uşağını bətnində daşıyıb, analıq hissini yaşayırlar. Sonra da, bu hissdən imtina edirlər.

Bunun üçün insan gərək daşqəlbli, hissiyatsız olsun. Əslində belə insanlara insan deyilməsi də doğru deyil. Çünki insan ən şüurlu varlıqdır. Bu tip insanlar isə insanlığın üz qarasıdır. Hətta heyvanlar belə öz balalarını yırtıcı heyvanlardan qorumaq üçün onlarla savaşırlar. Ona görə də deyirlər ki, insanı dünyaya gətirən yox, onu boya-başa çatdırandır əsl ana! Ona soyad verən yox, ona sevgi verəndir əsl ata!

Bu gün hər bir valideyn övladı ilə bir dost münasibəti qurmalı, onun hər bir dərdinə şərik olmalıdır. Bəzən valideyn diqqətindən məhrum olan uşaqlar özlərinə qapanırlar. Neqativ düşüncələrin təsiri onları intihara vadar edir. Son dövrlərdə azyaşlı intiharlarının sayının artmasını görən psixoloqlar da valideynlərə övladları ilə daha çox vaxt keçirməyi məsləhət görürlər. Bəzən bu tipli uşaqların pis yollara düşməsinə, narkotik, siqaret istifadəçisinə, daha doğrusu qurbanlarına çevrilən uşaqlara da, rast gəlirik. Onlara bir uşaq kimi yanaşmağımız doğru deyil. Onlara bir şəxsiyyət kimi yanaşmaq lazımdır. Dövr inkişaf edir, biz də bu inkişafdan geri qalmamalıyıq. Zamanla bərabər düşüncələrimizdə dəişməlidir. Cəmiyyətimizdə elə uşaqlarımız varki, bir çox böyüklərdən ağıllıdır. Necə deyərlər, ağıl yaşda deyil, başda olur. Hər bir uşağın içində bir istedad yatır. Bu istedadı üzə çıxarmağa onlara kömək etməliyik. Onları hədiyyələrlə, sürprizlərlə sevindirək. Çünki, yaradanın  bizə verdiyi ömrün nə zaman bitəcəyini bilmirik. Unutmayaq ki, bu dünyada anasız, atasız uşaqların sayı da az deyil. Gəlin onları valideyn sevgisindən məhrum etməyək…

Fərahim Kərimov, BSU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsi


Bənzər yazılar