ADPU-nun Tarix və Coğrafiya fakültəsinin IV tədris ilinin tələbəsi Taleh Mirzəyev “Ümumtəhsil kurikulumunun əsasları” fənnindən müəllim Nəzakət Zamanovanın “Sənin təhsil və müəllim modeli haqda düşüncələrin” mövzusunda verdiyi sərbəst işini şeir formasında qələmə alıb. Şeirdə müəllif öyrədən, öyrənən və cəmiyyət münasibətləri haqda öz baxışlarını məsnəvi şəklində ifadə edib. Şeiri sizə təqdim edirik:

Haşiyə: Müəllifin öz səsləndirməsində şeirin youtube versiyası: https://www.youtube.com/watch?v=VrHw_Fg7JUs

Bir neçə əsr əvvəl çox yorğun qoca vardı.

Qocanın gözlərində sonsuz ümüd yaşardı.

Bir xalqın ən abidi, ən alicənabıydı,

“Axmaqdı” – ona gülmək gündəlik savabıydı.

Qoca könlü, gözütox, qarnı yarıac idi,

Hər kəs cəvahir gəzsə, o elmə möhtac idi.

Derdi elm qidadır ruhumuzun nəfsinə,

Niyə dilini kəsib durmusunuz qəsdinə.

Boğursuz özünüzü öz içinizdə heyhat,

Daim çırpınan qəlbdə tapılarmı heç səbat?!

Çörək cismin qidası, ruha ziya gərəkdi,

Ziya əbədiyyətə qovuşduran çörəkdi.

Ona baxıb keçənlər rişxəndlə düşərdi:

“Özü yarıac ola, bizə çörəkmiş dərdi,

Sən bir bax bu əfələ, dünya saçırkən zər-ləl,

Elm oxuyur, haqq deyir, – ruzi qazanmır tənbəl.”

Bu minvalla o yerdə hamının dərdi vardı,

Hər kəs zər sevdasında, ləllə nəfəs alardı.

Əsir edib ruhların mal-dövlət işığına,

Hey göz gəzdirərdilər dost-qardaş qaşığına…

***

Qoca abidin ancaq təsəllisi, dirəyi

Öyrətmə eşqi idi,

çırpınardı ürəyi

Şagirdlərin görüncə – ənginlik görər kimi,

Balaca fidanların ruhlarının həkimi…

Fəqət təmanna ummaz, sevgiylə danışardı,

Qandaşının yolunda yanardı-alışardı,

Çi-fayda ki, bu sonsuz eşq odunun istisin,

Çoxları duyanmazdı, görərdilər tüstüsün…

***

İnamı sonsuz abid, xoşbəxt yaşardı, çünki,

Hər an ək-becərdəydi, dünən olmazdı günü.

Günlərin bir günündə toplaşaraq əyanlar,

Haqqı deyən abidə yağdırdılar hədyanlar.

Uşaqlara dedilər: o dəlidir, cinlidir

Aman, yaxın durmayın, cinlər sizi incidər.

Bir qarın çörək üçün gəzir avara-üryan,

Heç bir başıpozuğu dinləyər ali insan?!

***

Qoca baxdı, düşündü: … İlahi, Sən rəhm elə,

Ürəklərdəki cəhli zəlil elə, qəhr elə.

Qoy gəlsin o səadət, məndənmi küsüb yenə,

Nə qurban istəyirsə, canım fəda gülşənə…

Düşüncələr ardınca, uçdu ruhu yuxarı,

Ki yaxalaya bilsin, o laləzar baharı…

Gözlərində açıldı insanlıq təntənəsi,

Hər kəs can-can deyirdi, sonsuz idi nəşəsi.

Abidlər ocağında elm öyrənən cavanlar,

Hərftək öyrənirdi nədir əxlaq, nədir ar.

Ən yüksəkdə dərk idi, insanlıq fitrətiydi,

Bütün bəşər dost idi, həmrəylik halətiydi.

Yox idi kin – küdurət, yox idi paxıllıqlar,

Sülhə Salam deyirdi məhsullu taxıllıqlar…

Cəhalətə yox deyib mal üçün yaşamırdı,

Bəşər bəşər naminə, elm ilə yarışırdı.

***

Camaatın içində donub durmuşdu fəqət,

Baxan heykəl deyərdi, qorxub edərdi heyrət…

Bir anlıq canlı heykəl açaraq gözlərini,

Ətrafa baxdı, dedi, burda son sözlərini,

Mənim gördüklərimi görəcəksiz bilirəm,

Dirilməyə gedirəm, sanmayın ki, ölürəm…

Donan son baxışlarda sonsuz sevinc oxundu,

Uzaqlarda mal-dövlət, səadətlər yaxındı.

Taleh HunObaNurlu

Bənzər yazılar