10 noyabr 2019 cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olmuş Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi İlkin Qəniyevin rəhbəri olduğu  “Vətənim Azərbaycan” layihəsinin Lənkəran rayonunun müəyyən olunmuş 4-cü ərazisi (Liman şəhəri və ona yaxın ərazilər) üzrə ümumtəhsil müəssisələrinin məktəbliləri arasında  “Azərbaycanın tarixi və coğrafiyası” üzrə Breynrinq yarışı uğurla həyata keçirilib.

Lənkəran rayonu  Liman şəhəri  1 saylı tam orta məktəbinin geniş akt zalında həyata keçirilən yarışda Lənkəran rayonunun Liman şəhər 1 saylı, Liman şəhər 2 saylı, Qumbaşı kənd, Boladi kənd 1 saylı, Boladi kənd 2 saylı, Nərimanabad 2 saylı, Üzümçülük qəsəbəsi tam orta məktəblərinin şagirdlərindən ibarət komandalar mübarizə aparıb.  Breynrinq yarışının əvvəlində layihənin rəhbəri olan İlkin Qəniyev Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf  və  innovasiyalar üzrə III qrant müsabiqəsinin təhsilin inkişafı üçün əhəmiyyətli rolunu qeyd edərək, Breynrinqin formatı, qaydaları barədə informasiya verərək qeyd edib ki, bu istiqamət üzrə finala ilk  yeri qazanan komanda  vəsiqə əldə edəcək. Sonra yarışa start verilib.  Gərgin keçən yarışda mümkün 100 baldan 86 balı toplayan Lənkəran rayonu Qumbaşı kənd tam orta məktəbinin komandası ilk yeri qazanmaqla  “Vətənim Azərbaycan”  layihəsinin final turuna vəsiqəni təmin etmişdir.  Müvafiq olaraq  II yeri 53  balla Lənkəran rayonu Boladi  kənd 1 saylı tam orta məktəbinin komandası, III yeri isə 33 balla Liman şəhər 2 saylı tam orta məktəbinin komandası qazanmışdır.  Müvafiq ərazi üzrə yarışa dəvət olunmuş, lakin  iştirak etməyən  4 orta məktəbin  nəticələri isə  layihənin təşkilat komitəsi tərəfindən   “0”  balla dəyərləndirilmişdir.

          Qeyd edək ki,  “Vətənim Azərbaycan” layihəsi çərçivəsində Lənkəran rayonunun Ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycanın tarixi və coğrafiyası üzrə breynrinq – bilik yarışı Lənkəran rayonunda daha 1 istiqamət üzrə həyata keçiriləcəkdir. Sonra final görüşü həyata keçiriləcəkdir.  Növbəti yarışmanın mərkəzi Lənkəran rayonu Darquba kənd tam orta məktəbi olacaqdır.

Bənzər yazılar