Son illər qadınlara qarşı ailədaxili zorakılıq faktlarının sayı təəssüf ki, artmaqda davam edir. Bu barədə indi hər kəs bilir. Bu hal əvvəllər də, yəni, yüz il bundan əvvəl də olub və bu gedişlə yüz il bundan sonra da olacaq. Ancaq bunun qarşısını kimsə və necəsə axı almalıdır. Bilirik ki, zorakılıq sözünün mənası zəif, gücsüz tərəfə hücum etmək deməkdir. Görəsən qarşı tərəfi və ya tərəfləri öz istəyinə, öz mənafeyinə uyğun şəkildə davranmasını güc yolu ilə əldə edən, zorlayan, aşağılayanlar insanlığın nə olduğu barədə heçmi xəbərləri yoxdur? Çox vaxt zorakılıq deyəndə əksəriyyətimizin ağlına döymək və ya hansısa formada zəif şəxslər üzərində güc nümayiş olunması gəlir. Amma zorakılıq təkcə bunlarla məhdudlaşmır. Əslində psixoloqlar tərəfindən zorakılığın 3 növü – fiziki, psixoloji və sosial növləri olduğu araşdırılıb öyrənilmişdir.

Fiziki zorakılıq burada, adından da göründüyü kimi döymək, cinsi təzyiq və fiziki güc hesabına edilən davranış nəzərdə tutulur. Psixoloji və ya mənəvi zorakılıq isə  hədələmə, verbal təhqir, gözlə və jestlərlə təzyiq, şantaj etməkdir. Biz zorakılıq deyəndə ilk növbədə bu sözü təkcə fiziki mənada başa düşsək də, ancaq insana ən böyük zədə vuran və uzunmüddətli təsir, iz qoyan məhz psixoloji zorakılıqdır. Verbal təhqir sözlə edilən təhqirdir ki, o həqiqətən də qılınc yarasından da ağrılı olur.

Sosial zorakılığa gəlincə, burada söhbət əsl şiddətdən gedir. Yəni zorakılığın bu növünə düçar olunanlar cəmiyyətdən uzaqlaşdırılmışlardır. Yəqin ki, bəzi kişilərin  öz qadınını işləməyə qoymaması və ya hər hansı bir yerə getməyə icazə verməməsi bu sosial zorakılığın ən bariz nümunəsidir. Əlbbəttə zorakılığın kökündə aqressiya dayanır. Odur ki, zorakılıq insan aqressiyasının müəyyən şəraitdə və ya vəziyyətdə mənfi reaksiya olaraq büruzə verilməsidir.

Azərbaycan cəmiyyətində bir çox ailələr tərəfindən qız uşağının istənilməməsi, ona oğlan uşağı ilə müqayisədə ikinci dərəcəli varlıq kimi baxılması, əslində elə qız uşaqlarına qarşı psixoloji zorakılıqdır. Bundan əlavə, hələ uşaq dünyaya gətirilməmişdən öncə qadından yalnız oğlan dünyaya gətirmək kimi tələblər də baş verir ki, bu da yol verilməzdir. Növbəti addımlarda qız uşaqlarının təhsildən uzaq saxlanılması, onun inkişafına yönəli olan yasaqlar, həmçinin qızların məburən kiməsə ərə verilməsi birmənalı olaraq psixoloji zorakılığın nümunəsiidir.

Sosial zorakılıqla bağlı olan məsələlərdə isə qadınların hər hansısa bir sahədə çalışmaları kişilər üçün sanki böyük bir problemə çevrilir. Qadınların maddi baxımdan öz ərlərinə nisbətən üstün olmaları ailədə çox vaxt qısqanclığa səbəb olur. Ədalət naminə deyək ki, bəzi qadınlar maddi üstünlüklərindən sui-istifadə edərək ailədə hegemonluğu ələ ala da bilirlər. Bu isə ailədə böyük söz-söhbətə və nəticədə xoşagəlməz hallara gətirib çıxarır.

Azərbaycanda bəzi media orqanları təəssüf ki, qadına qarşı olan şiddəti əsk etdirərkən çox vaxt birtətəfli qaydada şiddət hadisəsini törədənlərin izahatına uyğun olaraq şərh edirlər. Burada əksər halda qadınların günahkar olduğunu göstərir. Bununlada media şiddətin mənfiliyini üzə çıxarmaq və bu olayda obyektivliyi ifadə etmək əvəzinə qadınlara uyğun olmayan davranışlarına görə şiddətə məruz qalmalarını sanki normal bir hal kimi qələmə verir. Bu isə cəmiyyətdə zorakılığın azalmasına deyil, əksinə çoxalmasına daha da geniş şərait yaradır. Bu üzdən də media qadın zorakılığı mövzusunda diqqətli olmadır.

Nəzrin Paşasoy, BSU-nun jurnalistika fakültəsinin II kurs tələbəsi

Bənzər yazılar