Dünyanın bütün iri şəhərlərində tıxaclar nəqliyyat təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, insanların sağlamlığına xələl gətirir, həmçinin, regional və qlobal ekoloji vəziyyətə təsirsiz ötüşmür.

Yaşadığımız şəhərdə demək olar ki, hər birimiz gün ərzində ən azı 1 dəfədə olsa evdən çıxıb harasa gedirik. Kimisi dükana, bazara, kimisi işə, kimisi də məktəb və ya universtetə. Amma hər dəfə də mənzil başına gecikirik. Bəzən yolda hansısa avtomobil xarab olub bütün yolu bağlayır, bəzən də ümumiyyətlə avtomobillərin çoxluğundan uzun-uzadı tıxac yaranır.

Artıq bir neçə ildir ki, tıxac problemi Bakıda əsas problemlərdən birinə çevrilib. Maraqlı fakt ondan ibarətdir ki, tıxac yalnız şəhərin mərkəzində və pik saatlarda deyil, hətta şəhərin istənilən yerində, istənilən saatda yaranır. Bu barədə çox yazılıb, çox deyilsə də, amma mövcud problemin həllində çox az irəliləyiş müşahidə olunur.

Yeni avtomobillərin  sayının artmasını, dar yollar, yolların səhv planlaşdırılması, bir çox sürücülərin yol hərəkəti qaydalarını lazımınca bilməməsi, avtomobillərin dayanacaqlardan kənar yerlərdə saxlanması və digər bu kimi səbəblər bu problemi daha da çətinləşdirir. Şübhəsiz ki, burada rayondan şəhərə gələn sürücülərin yolu yaxşı tanımaması da tıxaca səbəb olan amillərdən biridir.

Ona görə də bəlkə də yolların bölgüsü yaxşı qurulsa, işiqforlar düzgün tənzimlənsə, bəzi  sürücülər sürücülük vəsiqəsini rüşvət və ya tapşırıqla əldə etməsələr, həmçinin, avtomobillər üçün xüsusi dayanacaqlar düzəldilsə tıxac problemi qismən də olsa aradan qaldırılar.

Doğrudur, yolların genişləndirilməsi, yollarda təmir işlərinin aparılması, yeraltı keçidlərin tikilməsi və bu kimi üsullarla problemin aradan qaldırılması istiqamətində Bakıda və rayonlarda nə qədər lazımi işlər görülsə də, amma təəssüf ki, bütün bunlar tıxac problemini hələ ki birdəfəlik həll edə bilmir.

Hazırda dünyanın əksər ölkələrində insanlar tıxac problemindən əzizyyət çəkdiyindən müxtəlif üsullarla bunu aradan qaldırmağa çalışırlar. Əslində yollarda tıxacın aradan qaldırılması bir tərəfdən sürücülərin, digər tərəfdən də yol təmir-tikinti işçilərinin öhdəsinə düşür. Piyada keçidlərinin lazımsız yerlərdə qoymaq və ya bir-birindən çox aralıda qoyulması buna səbəb ola bilir. Tıxacdan qurtulmaq üçün Dövlət Yol Polisi əməkdaşlarının işi nə qədər danılmaz olsa da, amma bəzən onları tıxac yaranan yerlərdə görmək olmur. Bu üzdən də tıxac problemini həll etmək üçün, həm sürücülər, həm yolların təhlükəsizliyinə cavabdeh qurumlar, bir sözlə “A”- dan “Z”-yə qədər hər kəs gərək öz üzərində məsuliyyət hiss etsin.

Elmin Sərdarlı, BSU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar