Cəmiyyətdə müəllim-şagird və ya müəllim-tələbə münasibətləri həmişə aktual olub və bu, indi də davam etməkdədir. Ötən illərə nəzər salanda müəllimin valideyndən sonra 2-ci himayədar hesab olunduğunu görürük. Hətta valideynlər öz övladlarını müəllimlərə həvalə edəndə bildirərdilər ki, “Əti sizin, sümüyü bizim” olsun. Ancaq indi vəziyyət o qədər dəyişib ki, məcazi mənada deyilən bu deyim ümumiyyətlə öz əhəmiyyətini itirib. Valideynlər uşaqlara adi səs tonunu belə qaldıran müəllimi az qala “topa” tutsunlar. Doğrudur, heç kəsin, həmçinin müəllimin də ixtiyarı yoxdur ki, qarşısında olan şəxsi hansısa formada alçaldsın. Amma ömrünü gələcək nəsillər uğrunda şam kimi əridən, hətta tələbələrinə ailəsindən belə daha çox vaxt ayıran, onları doğma övladları qədər sevən, vicdanlı, peşəkar, qayğıkeş bir müəllim məgər valideynin əvəzi demək deyilmi? Sözsüz ki, hər bir valideyn övladının olan səhvlərini deyir, onu danlayır, təmbeh edə bilir. Niyə bu tərbiyəvi üsul müəllimlərə qəbahət sayılsın?

Bəzən müəllim tələbəyə qarşı tələbkar olanda, tələbələrdə dərhal belə bir fikir formalaşır ki, “Müəllim mənə qarşı ayrıseçkilik edir, mənimlə prinsip aparır”. Bu da bir faktdır ki, şagirdlər, həmçinin tələbələr adətən onlara qarşı tələbkar olmayan müəllimləri sevirlər. Ancaq düşünmürlər ki, bu “sevginin” sonunda savadsızlıq və  artıq vaxt itkisi dayanır. Çox vaxt tələbələr onları hamıdan çox sevən, savad verən, doğma övladı kimi münasibət bəsləyən müəllimlərin ümidlərini qırırlar. Belə olan halda isə müəllim-tələbə arasında olan münasibətdə güvənsizlik, inamsızlıq və soyuqluq yaşanır. Əlbəttə, ideal insan yoxdur, müzakirə olunan müəllim-tələbələr arasında, həm müəllimlərin, həm də tələbələrin yaxşısı və pisi olur. Yaxşı müəllim o müəllim deyil ki yaxşı savad versin, amma insanlığı olmasın. Eyni zamanda, yaxşı insan olsun, amma savad verməsin. Əsl müəllim odur ki, bu iki amilin hər ikisi onda vəhdət təşkil eləsin.

Savadsız, rüşvətxor, şəxsi marağını güdən, tələbəyə qarşı laqeyd olan müəllimlər tələbələr üçün heç vaxt sevilən müəllim ola bilməz və olmurlar da! Ancaq gərək tələbələr də bir şeyi anlasınlar ki, rüşvətxorlara düşmən kimi baxan, savadlı, tələbkar müəllimlərin qayəsi təlbəsinə yalnız savad verməkdir. 

Müəllim peşəsi çox çətin və şərəfli peşədir. Unutmaq olmaz ki, yer üzünə gəlmiş bütün dahiləri, alimləri, sənətkarların hamısını müəllim yetişdirib. Sevimli xalq şairi Bəxtiyar Vahabzadə “Müəllim” şeirində məhz ona görə müəllimləri dünyada “ən varlı bağban” adlandırırdı. Ulu öndər Heydər Əliyev isə – “Mən müəllimlikdən yüksək və şərəfli bir peşə tanımıram” deyirdi.

Əslində müasir cəmiyyətimizdə gənclərin müəllimlərə qarşı yanaşması bir çox hallarda doğru deyil. Müəllimlər tələbələrlə səmimi olanda, onlara qayğı ilə yanaşanda – “Əziz tələbələr, biz təkcə müəllim-tələbə deyil, həm də dostduq”  deyəndə, gərək tələbələr bu səmimiyyəti anlasınlar. 

Odur ki, tələbə dostlarımız bilməlidirlər ki, onların gələcəyini düşünən, onları valideyn kimi sevən müəllimlərə qarşı hörmət etmək hər kəsin mənəvi borcudur!

Səbinə Nəsibli, BSU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar