Mektebgushesi.az saytı müəllimlərimizi tanıtmaq istiqamətində yeni layihəyə start verir. Özünü tanıtmaq istəyən müəllimlər üçün yeni rubrikamız olacaq. Hər kəs özü haqqında və yaxud tanıdığı istedadlı müəllim haqqında yaza bilər.

Bütün dövrlərin dahi filosofu Sokrat deyirdi ki, dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. Əlbəttə, dünyanın ən böyük rütbəsini daşıyan insanın, hətta müəllimin özünün belə müəllimi olubsa, onda demək ki, müəllimlik həqiqətən də ən uca və ən ali sənətdir.Müasir, demokratik və aydın düşüncəli Azərbaycan cəmiyyətinin formalaşmasında da fədakar, zəhmətkeş, uşaq və gənc ruhundan anlayan, savadlı müəllimlərimizin rolu heç də az deyil. Bu yazımızda haqqında danışacağımız Aqşin müəllimdə həmin cəfakeş müəllimlərdən biridir.Aqşin müəllimi uzun illərdən artıq olar ki, tanıyıram, onun haqqında fikir və düşüncələrim çoxdur.Bu zəhmətkeş, dostcanlı, sədaqətli insanın ömür yolunun bundan sonrakı məqamlarını da xəyalən göz önünə gətirib, onun həyat xronikasına bələd bir adam kimi,müəllimin şərəfli və bir az da keşməkeşli ömür-gün taleyi ilə oxucuları da tanış etmək istəyi ilə bu yazını hazırladım. Onun doğulduğu ailə mühiti əsl ziyalı təşnəsi, maarifpərvərlik mücəssəməsi kimi bu gün də insanlara yaxşı tanışdır.

Aqşin Ağaşirin oğlu Kazımov. 1981-ci il aprelin 1-də Abşeron rayonu Ceyranbatan qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. 1998-2002-ci illər ərzində LDU-nin “İqtisadiyyatın idarəedilməsi” fakültəsində təhsil almışdır. 2002-2003-cü illərdə “N” saylı hərbi hissədə qulluq etmişdir. 2003-cü ildə hərbi xidmətini başa vurduqdan sonra bir neçə özəl müəssisədə çalışmışdır.2005-2006-cı illərdə Gəncə Müəllimlər İnstitunun “İnformatika müəllimliyi” ixtisasartırma kursunda təhsil almışdır. 2007-ci ildə Masallı rayon Xıl kənd tam orta məktəbinə İnformatika müəllimi təyin olunmuşdur. 2015-2016-cı illər ərzində ADPU-nin “Riyaziyyat-İnformatika müəllimliyi” ixtisasartırma kursunda təhsil almışdır. 2016-cı ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək Masallı rayonu Sarıcəfərli kənd ümumi orta məktəbinə ixtisası üzrə müəllim qəbul olunmuşdur. Bir müddətdən sonra elə həmin məktəbdə direktorun tərbiyə işləri üzrə müavini vəzifəsinə təyinat almışdır. Hal-hazırda məktəbdə fəaliyyətini davam etdirir. Bundan başqa təhsil sahəsində aktivliyi ilə seçilən Aqşin müəllim Azərbaycan Təhsil Şurası İB-nin üzvü,STEM layihənin iştirakçısı olmuşdur. TİPİİ-nin məktəb psixoloqları üçün keçirilmiş təlimdə sertifikata layiq görülmüşdür. Bundan əlavə təhsil sahəsində uğurlu fəaliyyət göstərərək müxtəlif sertifikat və diplomlara layiq görülmüşdür. YAP-ın üzvüdür.
Biz də öz növbəmizdə elm fədaisi, layiqli müəllim, araşdırmaçı, dilçi Aqşin müəllimə gələcək yaradıcılığında uğurlar diləyirik!

Validə Arifqızı

Bənzər yazılar