Mirqabil Hüseynov  Şərəfli müəllim ömrü Bəzən insanlar vətəninə xidməti yalnız hərbi xidmət kimi başa düşürlər. Əslində, Vətənə xidmət vətəndaşlara, xalqa xidmətdən, sağlam gələcəyimiz üçün aparılan işlərdən başlayır. Bu baxımdan Vətənə xidmət edənlərin önündə müəllimlər durur.

Müəllimlik peşəsi barədə müdrik kəlamlar çox deyilib. Ulu öndərimiz müəllim haqqında demişdir: “Mən dünyada müəllimdən daha yüksək bir ad tanımıram!”Müəllimlik şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir. Bu müqəddəs peşəni şərəflə daşıyan ziyalılarımızdan biri də Mirqabil müəllimdir.İnsanın müəllimləri haqda yazmağı həmişə çətindir. Təkcə ona görə yox ki, şagird  üçün ustadı barədə söz demək böyük məsuliyyət tələb edir. Həm də ona görə ki, müəlliminə qarşı duyduğun minnətdarlıq hissini ifadə etmək istədiyin kəlmələr həmişə yetərsiz görünür. Əslində, belə də olmalıdır. Çünki müəllim adı hər cür təşbehdən yüksəkdə dayanır. Mən də bu gün hər cür süni bənzətmələrdən uzaq sadə sözlərlə müəllimlərimdən biri haqqında danışacam.

Bu günlərdə 70cı ilini başa vurduğu ömrünün  41 ilini müəllimliyə,  elmə xərcləyən  Mirqabil  müəllimdir.O, həyatı boyu saf, ülvi duyğulara tapınmaqla insanlığa, işıqlı fikirlərə dəstək verib. Onun üçün ən şərəfli iş xalqa, vətənə layiqli xidmət olub. Ağlı, bacarığı, işinə və insanlara sədaqəti onu həmişə başqalarından uca tutub. Sanki ona uca Tanrı vicdanlı iş görmək, elinə-obasına sədaqətlə xidmət etmək üçün dünyaya bəxş edib. Xasiyyəti –  xoş rəftarı, mərdliyi, yaxşını pisdən seçə bilməsi kimi keyfiyyətlərini çözələmək, onda olan mənəvi xəzinənin açarını tapmaq, ciddi bir məsələ olduğuna görə bu yazını işləyəndə məsuliyyətim bir az da artdı. Onu yaxından tanıdığım üçün cəsarətlənirdim, çünki onun sadəliyi, mehribanlığı, müdrikliyi həmişə məni düşündürüb. Odur ki, bu işıqlı, ziyalı, nəcib insan əsl vətəndaş haqqında bildiklərimi oxucularımızla bölüşmək istədim. Xalqa sədaqət nümunəsi göstərən belə insanlar elin əvəzsiz sərvətidir.Əqidə, əməl adamı olan Mirqabil Mirhüseyn oğlu Hüseynov 1949-cu il noyabrın 19-da Masallı şəhərində anadan olub. Şəhər 1 və 2 nömrəli orta məktəblərində təhsil alıb.

1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix-fəlsəfə fakültəsini bitirib. Həmin ildən şəhər 1 nömrəli orta məktəbində tarix müəllimi və şəhər qiyabi məktəbində metodist kimi fəaliyyətə başlayıb. Hərbi xidmətini başa vurduqdan sonra – 1971-ci ildən şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərində direktor müavini, 1976-cı ildən şəhər 1 nömrəli tam orta məktəbin direktoru işləyib. 1990-1993-cü illərdə Masallı RİHB-nin müavini vəzifəsində çalışıb. 1993-cü ildən yenidən şəhər 1 nömrəli orta məktəbin direktoru işləyib. 41 il bu təhsil ocağına rəhbərlik edib.Ömrünün 50 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən M.Hüseynov “Tərəqqi” medalı (04.10.2005) ilə təltif olunub, Əməkdar müəllim (03.10.2013) fəxri adına layiq görülüb. Mİrqabil müəllim yalnız müəllimi olduğu şagirdlərə deyil, həm də öz övladlarına yüksək təlim-tərbiyə verməklə örnək ola biləcək bir ziyalıdır. 

Mirqabil müəllimin yetirmələri – övladları müxtəlif sahələrdə çalışmaqla Vətənə, xalqa xidmət edir.Mirqabil müəllim indi də var gücü ilə ölkəmizin iqtisadi inkişafı üçün çalışır, insanlarımızın rifahı naminə bilik və bacarığını əsirgəmir. Mən də bu yolda MÜƏLLİMİMƏ davamlı uğurlar arzulayıram.


Mərhəmət Lələyev 

Bənzər yazılar