Odlar yurdu Azərbaycanımızın canı Bakıdırsa, gözü Qarabağdır! Qarabağ vətənimizin dilbər guşəsi, musiqi beşiyi, muğam ocağı, söz məbədi, istedadlar diyarıdır.

Amma çox təəssüf ki, qoruya bilmədik bu gözəl diyarı. Qarabağ neçə illərdir ki, hələ də düşmən işğalında qalmaqdadır. Babalarımızın yandırdığı od-ocağı söndürülmüş, sərvəti yağmalanmış, torpağı talanmış bu yerin həsrəti hamımızın, xüsusən də doğma elindən, obasından didərgin düşmüş məcburi köçkünlərin qəlbini daha çox göynədir.

Bu gün Qarabağın gözü yolda, qulağı səsdədir. O, yağı düşmən əlindən xilas olmağı həsrətlə gözləyir, bizi intiqama cağırır. İşğaldakı torpaqlarımız yad əlləri, yad nəfəsləri qəbul etmir, edə bilmir, edə bilməyəcək də. Neçə illərdir ki, Qarabağ, xarıbülbül bizdən düşmən əlindən, düşmən tapdağından azad olunmasını istəyir.

Keçmə şeirindən, musiqisindən,

Könlümün sevgisi bu oylaqdadır.

Sevinməyə haqqım yoxdur dünyada,

Çünki Qarabağım dar ayaqdadır…

Əlbəttə, ümid edək ki, bu həsrət belə uzun sürməyəcək, tezliklə bitəcək. Biz doğma Qarabağımıza mütləq qovuşacağıq. Amma onu da bilməliyik ki, bu gün böyüməkdə olan gənc nəsli vətənpərvərlik ruhunda tərbiyyə etmək, onlara vətən sevgisi, vətən məhəbbətini aşılamaq əvvəlki dövrlərlə müqayisədə daha çox lazımdır. Heç nə və heç kim bizi ruhdan salmamalıdır. Vətənin havasını udub, suyunu içən, torpağında gəzən hər bir gəncin onu  sevməsi, onun hər qarış torpağı uğrunda canından belə keçməyə hazır olmaq duyğusu ilə yaşaması böyük şərtdir.

Sözsüz ki, hər bir Azərbaycan gəncinin ürəyində qələbə arzusu, işğal olunmuş dogma Qarabağımızın azad edilməsi istəyi vardır. İnanırıq ki, qeyrətinə güvəndiyimiz, cəsarətinə, igidliyinə bel bağladığımız rəşadətli ordumuz, qəhrəman vətən övladları xalqımızı bu bəladan xilas edəcək, düşmənlərimizə həddini bildirəcəklər. Qarabağın kimə aid olduğunu sübut edəcəklər və biz tezliklə doğma Qarabağımıza qayıdacağıq! Mütləq qayıdacağıq!

Billurə Nəsibova, BSU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar