Kamal Qasımovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib

            21 dekabr 2019-cu il tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində şəhid Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbində Böyük Vətən Müharibəsi Qəhrəmanı, əslən basqallı olan siyasi rəhbər Kamal Qasımovun anadan olmasının 110 illiyinə həsr olunmuş “Qəhrəmanın hünəri – Vətən qəhrəmanlarını unutmur” adlı tədbir keçirildi. Tədbir İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşəbbüsü və Basqal qəsəbə tam orta məktəbilə birgə təşkilatçılığı ilə hazırlanmışdı.

            Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Məhərrəmov,  İsmayıllı Rayon Təhsil Şöbəsinin Həmkarlar İttifaqının sədri Hafiz Kərimov, qəsəbədəki idarə, müəssisə və təşkilatların əməkdaşları, Bakı və digər şəhərlərdə yaşayan əslən Basqaldan olan ziyalılar, iş adamları, hərbçilər, qonşu kəndlərin icra və məktəb nümayəndələri və qəsəbə sakinləri iştirak edirdilər.

            Tədbirin əvvəlində Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbirin bədii hissəsi nümayiş etdirildi. Məktəbin gənc müəllimləri və şagirdləri tərəfindən şeirlər və hərbi vətənpərvərlik mahnıları səsləndirildi, Kamal Qasımovun qəhrəmanlığını əks etdirən səhnə təqdim olundu. Bədii hissənin sonunda Kamal Qasımova həsr olunmuş, 1941-ci ildə “Azərbaycanfilm” tərəfindən lentə alınmış “Vətən oğlu” filmi nümayiş etdirildi.

            Tədbirin rəsmi hissəsini giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbəsi üzrə nümayəndəsi Novruz Əsədov açaraq, tədbir iştirakçılarını salamladı. Daha sonra Kamal Qasımovun şərəfli ömür yolu barədə geniş məlumat verdi. Bildirdi ki, Kamal Qasımov müharibənin əvvəlində – 1941-ci ilin iyul ayında üç gecə ərzində altı əsgərlə Moldaviya ərazisində Cənub cəbhəsində Prut çayı üzərində üç körpü partladaraq düşməni Rumınıya ərazisindən Moldaviya ərazisinə keçməsinin qarşısını almışdır. Kamal Qasımov düşmənlə qeyri-bərabər keçən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 

            Tədbirdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Məhərrəmov çıxış edərək, rayon icra hakimiyyəti başçısı Mirdaməd Sadıqovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Daha sonra çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğını xüsusilə vurğuladı. Ardınca çıxış edən İsmayıllı Təhsil Şöbəsinin əməkdaşı Hafiz Kərimov tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi. Məktəbin icraçı direktoru Yeganə Ağayeva çıxış edərək, hərbi vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin vacibliyindən danışdı.

            Tədbirdə iştirak edən basqallı ziyalılar da çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. AMEA-nın elmi işçisi Abduləhəd Tağıyev, Ukraynanın Xarkov şəhərində Azərbaycan diasporunun üzvü Kifayət Cəfərova, “Elm və təhsil” qəzetinin baş redaktoru Pərixanım Mikayıl qızı çıxışlarında Basqal qəsəbə tam orta məktəbinin tikintisinə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Daha sonra Roman Səfərov çıxışında Kamal Qasımova həsr etdiyi şeiri səsləndirdi. Ardınca çıxış edən ehtiyyatda olan polkovnik-leytenant Çingiz Məhərrəmov tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi, bu kimi tədbirlərin sayının gələcəkdə daha da çox olmasını arzuladı.

            Kamal Qasımovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir insanlarda böyük ruh yaratdı. Tədbir itirilmiş torpaqların geri qaytarılması, üçrəngli bayrağımızın Qarabağda dalğalandırılması arzusu ilə sona çatdı.

Fəyyaz Mustafaye,Basqal qəsəbə icra nümayəndəsinin müavini

Bənzər yazılar