Dekabrın 25-də Azərbaycan Dillər Universitetində ADU YAP ilk ərazi təşkilatı, Beynəlxalq Münasibətlər kafedrası və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev faktoru” mövzusunda dəyirmi masa keçirilib.

Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri, ADU YAP ərazi təşkilatının sədri Sərraf Hüseynov dəyirmi masa iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Cənab Prezidentin daxili və xarici siyasəti Azərbaycanın uğurlu gələcəyinə, inkişafına və rifahına hesablanıb, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə, milli maraqlara əsaslanır. Prezident İlham Əliyev ölkəmizin mövqeyini ən mötəbər beynəlxalq tribunalardan inamla, qətiyyətlə və cəsarətlə ifadə edir, güclü, qüdrətli Azərbaycanın mövqeyini, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırır. Buna görə Azərbaycan yüksək beynəlxalq nüfuza, dünya ölkələri sırasında xüsusi hörmətə sahibdir.

Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Nərmin Qədirova “İlham Əliyev-uğurlu lider, düşünülmüş strategiya” adlı məruzə ilə çıxış edib. Bildirilib ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi fonunda həyata keçirilən prinsipial siyasət, hücum diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz nəticələrini göstərir. Beynəlxalq təşkilatlar Azərbaycanın prinsipial mövqeyi fonunda Ermənistanın qeyri-konstruktiv mövqeyinin, status-kvonun qorunması cəhdlərinin davam etməyəcəyi qənaətini ifadə edirlər. Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olan Azərbaycanın milli maraqlarına söykənən bir siyasətdir. Bu siyasət müstəqil fəaliyyəti və müstəqil xətti özündə əks etdirir. Bu gün dünyanın bütün ölkələrinin təsnifatını versək, onların heç də hamısının bu və ya digər məsələlərin həllində müstəqil olmadığını görə bilərik.

Beynəlxalq münasibətlər kafedrasının müəllimi Lamiyə Qasımova “İlham Əliyev və Azərbaycan enerji diplomatiyasının yeni inkişaf mərhələsi” adlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycan Respublikasının neft diplomatiyasının imperativi kimi ilkin nəhəng enerji layihələrinin və sonrakı mərhələlərdə alternativ enerji daşıyıcıları marşrutlarının yaradılmasını müəyyənləşdirmişdir. Azərbaycan Respublikası ilə Avropa ölkələri arasında enerji sahəsində iş birliyinin sərhədləri kifayət qədər geniş olmaqla bir çox mühüm sahələri əhatə edir. Bu əməkdaşlıq sahələri içərisində neft sektoru mərkəzi yerdədir. Bunu Azərbaycan dövlətinin enerji diplomatiyasının böyük uğuru kimi dəyərləndirmək olar.

ADU-nun rektoru, akademik Kamal Abdulla çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olan, Azərbaycanın milli maraqlarına söykənən bir siyasətdir. Bildirilib ki, ölkəmizə xarici ölkələrin başçılarının səfərləri daha da genişlənməkdədir, bu səfərlər

zamanı ikitərəfli əlaqələrin qurulması və sənədlərin imzalanmasını müşahidə etməkdəyik. Azərbaycan özünün multikultural dəyərləri ilə dünya ölkələrinə nümunədir. Bu nümunənin müəllifi Ulu öndər Heydər Əliyevdir. Bu gün isə onun layiqli davamçısı İlham Əliyev Azərbaycanı parlaq gələcəyə doğru aparır.

Dəyirmi masa tələbələrin sualları ilə başa çatıb.

Bənzər yazılar