Dərc olunub: 26.12.2019

Abituriyent, müəllim və valideynləri narahat edən suallardan biri də buraxılış imtahanında balların hesablanma qaydasıdır.

Mektebgushesi.az AzEdu.az -a istinadən cari ilin məzunları üçün buraxılış imtahanı, əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsində ballarının hesablanma qaydasını təqdim edir.

 Məlum olduğu kimi buraxılış imtahanlarında məzunlar üç fənn-azərbaycan dili, riyaziyyat və xarici dil fənnindən imtahan verir. Hər fənn üzrə maksimal bal 100, yekun bal isə 300 hesablanır.

Azərbaycan dili fənni üzrə  oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik formalı) – hər mətnə 10 tapşırıq (5 yazı tələb olunan açıq tipli + 5 qapalı tipli tapşırıq) və dil qaydalarına dair 10 qapalı tipli tapşırıq təqdim olunur.  Məzunlar cəmi 30 tapşırıq üzrə suallara cavab verir. Həmin fənn üzrə ballar aşağıdakı düstur əsasında hesablanır.

5/2*(2nd(açıq, yazılı)+nd(qapalı))

Burada nd- açıq, qapalı suallar üzrə düzgün cavabların sayını göstərir.

Riyaziyyat fənni üzrə 7 açıq( həlli yazılması tələb olunan), 5 açıq tipli tapşırıq və 13 qapalı tipli tapşırıq olmaqla 25 suallar verilir. Həmin fənn üzrə ballar göstərilən düstur əsasında hesablanır.

25/8*(2nd(açıq, yazılı)+nd(açıq, ənənəvi)+nd (qapalı)

Nd-doğru cavabların sayıdır. Tapşırıqlar üzrə doğru cavablar toplanıb ikiyə vurulur, daha sonra isə 8-də 25-ə vurulur.

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) üzrə dinləyib anlamaya dair mətn (publisistik və ya dialoq formalı) – 6 tapşırıq (3 qapalı tipli, 3 yazı tələb olunan açıq tipli);  oxuyub-anlamaya dair mətn – 8 tapşırıq (4 qapalı tipli, 4 yazı tələb olunan açıq tipli); 16 qapalı tipli tapşırıq olmaqla cəmi 30 tapşırıq verilir və aşağıdakı düstur əsasında hesablanır.

 100/37*(2nd(açıq,yazılı)+nd(qapalı))  

nd(açıq)- açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi, nd(qapalı)- qapalı tipli test tapşırıqları üzrə düzgün cavabların cəmidir.

İmtahan bir mərhələdə keçirilir, şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir. Hər sual 1 bal hesablanır.

Bənzər yazılar