Bakı məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilib.

Bilik yarışında paytaxtdakı 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvləri iştirak ediblər.

Yarış ayrı-ayrı fənlər üzrə istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin üzə çıxarılması məqsədini daşıyır. Həmçinin müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqların aşkar edilməsi də yarışın əsas hədəflərindəndir.

Bakı şəhərinə həsr olunan bilik yarışının bu mərhələsi paytaxtın tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri haqqında şagirdlərdə məlumatlılığın artırılmasına xidmət edir.

Qeyd edək ki, yarış artıq 3 ildir davam edir və növbəti aylarda da sözügedən məktəblərdə müxtəlif mövzularda yarışların davam etdirilməsi nəzərdə tutulur. Yarışın bütün mərhələləri üzrə komandaların topladığı xallar hesablanaraq sonda qalib məktəb seçiləcək.

Bənzər yazılar