Dərc olunub: 09.01.2020

Bakının 165, 259, 275, 319 nömrəli tam orta məktəb şagirdləri ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin yanvarın 9-da Azərbaycan Texniki Universitetinə (AzTU) ilk infoturu təşkil edilib.

Açıq qapı günləri çərçivəsində keçirilən “AzTU-da bir gün” adlı ekskursiyanın məqsədi ali texniki təhsilə marağı gücləndirməkdir. İnfotur iştirakçılarına AzTU-nun tarixi, karyera imkanları barədə geniş məlumat verilib. Məktəblilərə AzTU-da müxtəlif sahələr üzrə aparılan elmi tədqiqatlar, ixtiralar, müasir texnoloji avadanlıqlar, mühəndislik işləri nümayiş etdirilib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tələbə və şagirdlərlə görüşüb. Rektor elmi-texniki inqilablar dövründə texniki universitetlərin üstünlüklərindən danışıb.

AzTU-da Açıq qapı günləri tədris ilinin sonuna kimi davam edəcək.

Bənzər yazılar