Dərc olunub: 09.01.2020

Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri Nəriman İsmayılov İtaliyanın Siciliya əyalətinin Kataniya şəhərində elmi ezamiyyətdə olub.

Ezamiyyətin məqsədi 10-cu beynəlxalq OPTİCON Gaia mitinqində iştirak etmək, həmin missiyada ŞAR-ın müşahidə cihazları və avadanlıqları haqqında geniş məlumat vermək, gələcəkdə Şamaxı Astrofizika Rəsədxanasının da bu konsorsiuma qoşulma perspektivini müzakirə etmək olub.

Bu işgüzar tədbirə Avropanın aparıcı ölkələrini təmsil edən 50 iştirakçı qatılıb. Məruzələrin əsas mövzusunu Gaia missiyasının müşahidə imkanları, alınan nəticələr və hazırda bu materialların işlənmə metodları təşkil edib. Görüşdə həm də tranzient (qısa müddətə qeyri adi xassə göstərən obyektlərin) obyektlərin çağırış əsasında müşahidəsinin vacibliyi qeyd olunub, bu istiqamətdə teleskopların robotlaşdırılması, avtomatik müşahidələrin vacibliyi qeyd edilib.

N.İsmayılov ezamiyyət müddətində konsorsium rəhbərləri ilə Şamaxı rəsədxanasının OPTİCON çağırış proqramları çərçivəsində müşahidə proqramlarında iştirakı məsələsini müzakirə edib. O, müzakirə zamanı ŞAR-ın müşahidə cihazları və ümumən rəsədxana haqqında çıxış edərək geniş məlumat verib. Müzakirənin yekununda Şamaxı Astrofizika Rəsədxanası beynəlxalq səviyyəli Gaia OPTİCON çağırış konsorsiumunda iştirak etmək imkanı qazanıb.

Bənzər yazılar