İsrayıl İsgəndərov: “Tələbələr kollecin məşhur məzun və müəllimlərinin obrazlarını canlandırdılar”

Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 100 illiyi ilə əlaqədar yubiley mərasimi keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımıza böyük mədəni-maarif töhfəsi kimi həyata vəsiqə almış bu kollecin yubileyinin necə keçirilməsi barədə kollecin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent İsrayıl İsgəndərovla həmsöhbət olduq. Müsahibimiz mərasimlə yanaşı kollecin tarixi ilə ilgili bəzi məlumatları da ictimaiyyətin diqqətinə çatdırdı. Onunla söhbətimizdən:

İsrayıl müəllim, Azərbaycan Dövlət Pedaqoji Kollecinin yubileyi ölkə ictimaiyyəti üçün xüsusi çalarlı bir hadisə kimi gözlənilirdi. Yubiley mərasiminiz necə keçdi?

Yubileyimiz elə 100 ilin tamamı kimi şərəfli bir tariximizin adına layiq, çox yüksək səviyyədə baş tutdu. Yubileyin keçirilmə vaxtı da çox gözəl bir zamana – yeni, 2020-ci ilin astanasına təsadüf etmişdi. 25 dekabr 2019-cu il tarixində bu tədbiri reallaşdırdıq. Yubileyimizdə təhsil nazirinin müavini Məhəbbət xanım Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, fəxri qonaqlar arasında Azərbaycan Milli Elmlər Akademiyasından nümayəndələr, universitetlərin rektorları, Yasamal və Sabunçu rayonları icra hakimiyyəti başçılarının müavinləri, mənim həmkarlarım kolleclərin direktorları və başqaları iştirak edirdi.

Tədbirin təşkili barədə məlumatlar da maraqlıdır…

Tədbirimiz saat 14.00-da başladı. Tədbirdən əvvəlcə biz foyedə kollecin tarixini, müvəffəqiyyətlərini əks etdirən sərgi təşkil etmişdik. Sərgidə kollecin təsis olunduğu 1919-cu ildən indiyədək hansı adlarla fəaliyyət göstərdiyi haqda məlumatların yer aldığı stendləri nümayiş etdirdik. Bu stendlər “hərəkət edən muzey” xarakterli hazırlanmışdı. Bu stendlərdə həmçinin kollecimizdə dərs demiş və kollecimizin məzunu olmuş görkəmli şəxsiyyətlər barədə məlumatlar öz əksini tapmışdı. Eyni zamanda kollecin ilk məzunları, indiyədək təhsil ocağına rəhbərlik etmiş direktorların adları da bu məlumatlar sırasında idi. Sonra tələbələrimizin əl işləri nümayiş olundu. Tələbələrimiz əyani surətdə bir tərəfdə rəsmlər çəkirdilər. Təsviri incəsənət ixtisasının tələbələri bu işi görürdülər. Qonaqlar, həmçinin Məhəbbət xanım onların əl işlərini çox bəyəndilər. Sərgi ilə tanışlıq dəvət olunan qonaqlarda çox böyük təəssürat yaratdı kollecin həm tarixi, həm də bu günü haqqında.

Sorğulardakı qələbəmiz kollektivdə ruh yüksəkliyi yaratmışdı

Və tədbir başladı…

 Kollecin direktorunun dəvətliləri salamlamasından və kollecin əldə etdiyi naliyyətləri sadalamasından sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər müəllim təbrik nitqi ilə çıxış etdi. O, öz çıxışında kollecin azərbaycan Dövlət Pedaqoji Universitetinə inteqrasiyası və bu istiqamətdə gələcək planlar barədə məlumat verdi. Daha sonra təbrik üçün söz təhsil nazirinin müavini Məhəbbət xanım Vəliyevaya verildi. Məhəbbət xanım kollecin Azərbaycan təhsilinə verdiyi töhvələr barədə məlumat verməklə bərabər kollecdən gözləntilərini də qeyd etdi ki, bu da bizim gələcək fəaliyyət planımızda öz əksini tapacaq. Sonda kollecin məzunu, Müəllimlərin İşə Qəbulu imtahanlarından 58 bal toplamış, xalıqov adına Qobu 1 nömrəli tam orta məktəbin müəllimi Aidə Mikayılova çıxış etdi.

 Əslində biz yubiley törəninin necə hərarətlə davam edəcəyini əvvəlcədən də proqnozlaşdırmışdıq. Çünki artıq bir il yarım idi ki, kollektivimizin üzvləri yüz illiyimizin keçirilməsinə xüsusi həvəslə hazırlaşırdılar. Bizim belə həvəslənməmizdə sizin Mektebgushesi.az internet portalının da böyük rolu olub. Çünki bu saytın keçirdiyi iki nominasiyanın şəriksiz qalibi olmaq və hər iki təqdimat mərasimində kollecin 100 yaşının xüsusi vurğulanması bizim müəllim və tələbə kontingentində böyük ruh yüksəkliyi, xoş ovqat yaratmışdı. Bilavasitə ölkənin müasir təhsil siyasətinə istiqamətlənən “yay imtahan sessiyasının şəffaf keçirilməsi” və “hansı kollecin fəaliyyəti cəmiyyətimiz üçün yararlıdır” kimi çox ciddi və obyektiv mübarizə şəraitində keçirilən virtual sorğularda ölkə üzrə bütün kollecləri qabaqlayaraq qalib gəlmək doğrudan da çox böyük uğur idi. Onu da deməyi özümə borc bilirəm ki,  praktiki baxımdan siz də bu sorğularda qarşınıza qoyduğunuz məqsədlərə tam nail oldunuz. Onların təqdimatından sonra kollecdə yaranmış canlanma mənim bu qənaətə gəlməyimə əsaslar yaratmış oldu.

Yubiley tədbirimizi isə mən bu prosesin yekunu kimi dəyərləndirirəm. Bu prosesi hələ kollecin məndən əvvəlki rəhbərliyi Qulu müəllim ilkin plan şəklində cızmışdı. Üstəlik bilirsiniz ki, hazırkı statusumuza görə bilavasitə nəzdində fəaliyyət göstərdiyimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin çoxminli kollektivi də bizim arxa-dayağımızdır. Cəfər müəllim və onun komandası hazırlıq prosesinin bütün mərhələlərində bizi dəstəkləmişdir.

Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi xüsusəndə “Elm, ali və orta ixtisas təhsili şöbəsi”nin əməkdaşları səviyyəsində böyük dəstək gördük. Bütün bu köməkliklər tədbirin hazırlanmasında da qolumuzdan tutdu, onun belə yüksək səviyyədə keçirilməsində də.

Kollecin müəllim və məzunları – Azərbaycanın dahi sənətkarları

Mümkünsə, kollecin yaranışından bəri ölkəmiz və xalqımız üçün əhəmiyyəti barədə də bir neçə kəlmə danışardınız…

Bilirsiniz ki, bu kollecin varisi olduğu təhsil ocağı Azərbaycan xalq Cühuriyyəti dönəmində -1919-cu ildə “Bakı Kişi Müəllimlər Seminariyası” adı ilə milli müəllim kadırlarının hazırlanması məqsədilə yaradılmışdı. Bu məqsədə isə artıq tamamilə nail olunub. Paytaxt Bakıda, eləcə də regionlarımızda bu məqsədlə açılıb fəaliyyət göstərən universitetlər, kolleclər, digər təhsil ocaqlarımızın olması həmin ideyanın özünü ən yüksək səviyyədə doğrultmasına işarədir. Hətta gördüyünüz kimi, bu proses indi də davam edir, filiallar yaradılır və sairə. Amma bir anlığa xəyalımıza 1919-cu ili gətirib o dövrdəki şəraiti qiymətləndirsək, o zaman AXC hökumətinin necə böyük çətinliklər bahasına bu kollecin sələfinin yaradılmasını gözlərimiz önündə canlandıra bilərik. Unutmamalıyıq ki, İkinci Dünya Müharibəsindən əvvəlki və sonrakı bütün dövrlərdə bu kollecin milli müəllim kadrlarının yetişdirilməsi ilə bağlı çox böyük rolu olub. Bu gün ölkəmizin bütün regionlarında, az qala bütün kəndlərində bu kollecin məzunu olan müəllimlərin dərs deməsi danılmaz faktdır. Buranın müəllimləri görün hansı şəxsiyyətlər olub: Abdulla Şaiq, Hüseyn Cavid, Mikayıl Müşfiq, Müslüm Maqomayev, Sabit Rəhman, daha kimlər…Bu şəxsiyyətlərin Azərbaycanın ictimai-siyasi, ədəbi mühitində çəkisi görün hansı səviyyədədir?!.. Kollec kollektivi öz məzunları Əlisöhbət Sumbatzadənin, tanınmış professorlardan Məmmədhüseyin Təhmasibin, Əkrəm Cəfərin, Mərdan Muradxanlının, Əli Sultanlının, məşhur mədəniyyət xadimləri Niyazinin, Səid Rüstəmovun, Əfrasiyab Bədəlbəylinin, tanınmış yazıçılardan Mehdi Hüseyinin, Mirvari Dilbazinin, Sabit Rəhmanın, Əzizə Cəfərzadənin, Cabir Novruzun adlarını böyük iftixar hissi ilə çəkir.

Hörmətli Məhəbbət xanım öz şıxışında qeyd etdiyi kimi bu qocaman maarif ocağı movcud olduğu müddətdə adı 10 dəfə dəyişdirilsə də müqəddəs amalı-millətə, maarifə və dövlətə ləyaqətlə xidmət missiyasını heç zaman dəyişmədi. Fəaliyyət göstərdiyi müddətdə Azərbaycan maarifinə, Azərbaycan təhsilinə, Azərbaycan müəllimliyinə, Azərbaycan məktəbinə ləyaqətlə xidmət etdi. Ötən əsrin 20-30 cu illərində savadsızlığın aradan qaldırılmasına böyük töhfələr verdi…

Söhbətimizin bu məqamında kollecin yaranması şəraiti barədə də bir qədər danışmaq istərdim. Kollec yaranandan sonra bura direktor Qori seminariyasının məzunu Pənah Qasımov təyin olunub. Bu şəxsin yaşayışı da, dərsi də Respublika Əlyazmalar İnstitundaymış. Bütün həyatını bu işə sərf edib. Təsəvvür edin ki, birinci buraxılışda cəmisi 9 nəfəri kolleci bitirə bilib və məzun olmuşdur. Yəni, təhsilə görün nə qədər ciddi yanaşırlarmış. Təəssüf ki, cümhuriyyət cəmisi 23 ay yaşaya bildi. Allah rəhmət eləsin bizim ulu öndərimiz Heydər Əliyev cənablarına ki, o, bizim yeni müstəqil dövlətimizi cümhuriyyətin sütunları üzərində qurdu. Təhsilimizi də, mədəniyyətimizi də, hakimiyyət idarəçiliyimizi də, bayrağımızı da, himnimizi də, gerbimizi də – hamısını cümhuriyyətin yaratdıqlarının üzərində qurdu. Ulu öndər müstəqillyin davamlılığının təmin olunması yollarını göstərdi, bu yolla necə getməyi öyrətdi. Bunları qorumaq və saxlamağı, həmçinin inkişaf etdirməyi isə cənab Prezident İlham Əliyev müvəffəqiyyətlə həyata keçirir.

Aydındı. İsrayıl müəllim, tədbirə kollektiviniz necə hazırlaşmışdı?

Yubiley tədbirimizin belə yüksək səviyyədə hazırlanıb ortaya çıxarılmasının arxasında bizim kollektivin çox böyük zəhməti var idi. Düzdü, bayaq  da qeyd etdiyim kimi, bizə həm ADPU-nun rektoru, hörmətli Cəfər müəllimin, həm nazirliyin əməkdaşlarının mənəvi dəstəyi var idi. Bunu hər zaman hiss etmişik. Ancaq maddi tərəfi və təşkilatçılıq məsələləri bilavasitə kollektivin çiynində idi. Bu işdə direktor müavinləri, eyni zamanda kollektivin demək olar ki, bütün müəllim və tələbə kollektivinin də əməyi böyük oldu və belə bir gözəl nəticə ilə yubileyimiz keçirildi. Tələbələrimizin rolunu xüsusi qeyd etməliyəm. Məsələn, biz hədiyyələr hazırlamışdıq. Onu necə hazırlayacağımzı müzakirə edərkən nələrə üstünlük verdik. Qərara gəldik ki, tələbələrimizin əl işlərindən nümunələr bəzəsin bu hədiyyələrimizi. Tələbələrimizin idman sahəsində göstəriciləri də nümayiş olundu. Ümumiyyətlə yubiley tədbirinə hazırlıq komandası formalaşdırmışdıq ki, bu komandaya Respublikanın xalq artisti, kollecimizin dostu Məmmədsəfa müəllim kimi mütəxəsislər daxil idi.

Yüzillik yubiley yəqin həm də təltiflərlə yaddaşlarda qalacaq…

 Əlbəttdə. Tədbirimiz təltifolunma mərasimi ilə müşayət olundu. “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə 10 nəfər, “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə 13 nəfər, ADPU-nun fəxri fərmanı ilə 12 nəfər ADPK-nin fəxri fərmanı ilə isə 12 nəfər müəllimlərimiz təltif olundu. Beləliklə 47 müəllimimiz yüzilliklə əlaqədar müxtəlif formada mükafatlandırıldılar.

Kollecin məzunu Sabit Rəhmanın nəvəsinin təbrik nitqi

Təbrik nitqləri barədə danışmağınızı da istərdik. Bu reqlamentdə nəzərdə tutulmuşdumu?

Təbrik üçün qonaqların çıxışına gəlincə, müraciətlər çox olmuşdu. Lakin biz onları ümumiləşdirərək bütün qonaqların adından Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran xanım Mahmudovaya söz verdik. Bunun həm də simvolik bir mənası, başqa sözlə Ceyran xanımın yubiley tədbirində çıxış etməyə mənəvi haqqı var idi. Çünki onun babası, məşhur yazıçımız Sabit Rəhman bizim kollecin məzunu və müəllimi olub.

Mərasimdə tələbələrin fəallığı da hiss olundumu?

Böyük əksəriyyət qonaqlarımızın etirafına görə, yubiley törənini ən çox yaddaqalan edən məqamlar tələbələrimizin rəqsləri, xor ifaları və ədəbi-bədii kompozisiyaları oldu. Bütün bədii hissənin rejussura yükünü məşhur rejissor, Azərbaycan Respublikasının xalq artisti Məmmədsəfa müəllim çəkmişdi. Mədəniyyət və İncəsənət Universitetinin tələbələri bizim tələbələrlə birgə Mirzə Ələkbər Sabir də daxil olmaqla kollecin məzunu və ya müəllimi olmuş məşhurların obrazlarını canlandırırdılar. Onlar əvvəldən sonadək tamaşaçıların, qonaqların içərisində idilər. Kimlərləsə onların adından söhbətlər edirdilər, kimlərəsə şeir söyləyirdilər və nəhayət səhnədə də öz üslublarına uyğun olaraq həm qadın, həm də kişi kimi onların adından çıxışlar etdilər. Bu səhnələr iştirakçılar tərəfindən xüsusilə maraqlı qarşılandı.

Ümumilikdə tədbirimiz çox müvəffəqiyyətlə başa çatdı. Təbii ki, bizdən çox iştirakçıların verdiyi qiymət önəmlidir. Təxminən 400 nəfərə yaxın iştirakçı vardı. Onun 150-si qonaqlar, qalanları bizim müəllim və tələbələrimiz idi.

                                                                                   Nəzirməmməd Zöhrablı

Bənzər yazılar