Azərbaycanda təhsil sahəsində vacib olan islahatların gerçəkləşməsində rəsmi qərarların qəbul edilməsi zərurətə çevrilir. Təhsilin keyfiyyətinin artırılması istiqamətində uzun illərdir müxtəlif işlər görülür. Bu sahədə ölkə başçısının imzaladığı bir sıra sənədlər əhəmiyyətli rol oynayır. 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cu il tarixində verdiyi fərmanla Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb. Belə ki, Prezident “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli, 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Fərmanla Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi təsdiqlənib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunub. Sənəddə ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin formalaşdırılması məqsədilə təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi kimi hədəflər öz əksini tapıb.

Göstərilən hədəflərə nail olunması və mövcud tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin formalaşdırılması üçün ölkəmizin beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə uyğun təşkil olunmuş təhsildə keyfiyyət təminatı sisteminin yaradılması zəruridir. Sadalanan tədbirlərin həyata keçirilməsi Azərbaycanın təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə irəliləməsinə və dövlət büdcəsindən kadr hazırlığı üçün ayrılan vəsaitin səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasına xidmət edəcək.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılması Azərbaycan təhsilinin inkişafına nə kimi müsbət təsir edəcək? Bu agentlik hansı zərurətdən yaranır?

  • “Bu qurumun Təhsil Nazirliyinin tabeliyində olmaqla yanaşı, həm də hüquqi publik şəxs olması isə…”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov hesab edir ki, bu agentliyin yaradılmasına böyük zərurət vardı və həmin qurumdan gözləntilər çoxdur. “Ölkə başçısının fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda artıq yeni bir qurum yaradıldı. Əslində, bu qurumun yaradılması gözlənilən idi. Çünki bundan əvvəl ölkə başçısı Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını imzalamışdı. Strategiyada təhsilin keyfiyyəti başlıca strateji hədəf olaraq götürülüb. Bu strategiyadan irəli gələrək xüsusilə təhsil sistemində təhsilin keyfiyyətinə təminat verə biləcək bir qurumun yaradılması olduqca zəruri idi. Dövlət başçısının təhsillə bağlı həyata keçirdiyi siyasətin əsas motivi təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsildə keyfiyyətin təmin olunmasıdır. Həm Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbul edilməsi, həm də agentliyin yaradılması ölkə başçısının Azərbaycan təhsilinə olan yüksək münasibətinin təzahürüdür. Azərbaycan artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bilirsiniz ki, həm regionların, həm paytaxtın inkişaf etdirilməsi ilə bağlı müxtəlif müddətli dövlət proqramları qəbul edilir, həm bütövlükdə Azərbaycanın təhsil sistemi, onun infrastrukturu, kadr bazası yeniləşir. Bütövlükdə isə Azərbaycanın inkişafı dedikdə burada təhsilin inkişaf etdirilməsi çox vacibdir. Regionların inkişafı dedikdə bura yalnız yol infrastrukturu, körpülərin salınması, tikinti-quruculuq işlərinin aparılması, su-qaz, işıq xətlərinin çəkilməsi və s. deyil, həm də təhsilin inkişafı, yeni təhsil müəssisələrinin qurulması, təhsil infrastrukturunun formalaşdırılması daxildir. İndiyə qədər bu sahədə görülən bütün işlərin davamı olaraq və Azərbaycanın inkişaf tempinə müvafiq olaraq təhsildə keyfiyyətin təminatını şərtləndirən, bunu həyata keçirən aidiyyəti qurumun yaradılmasına ciddi ehtiyac vardı. Düşünürəm ki, bu qurum nəzərdə tutulmuş işləri layiqincə həyata keçirəcək, çünki artıq Təhsil Nazirliyində təhsilin keyfiyyətinin artırılması, aşkarlığın, şəffaflığın təmin olunması ilə əlaqədar çox ciddi işlər gedir. Ardıcıl olaraq həyata keçirilən proqramlar, görülən işlər ona yönəlib ki, Azərbaycan, eyni zamanda, təhsil ölkəsinə çevrilsin, ölkəmizin inkişafı həm də təhsillə, elmlə bağlı olsun”.

İ.Orucov hesab edir ki, agentliyin yaradılması Azərbaycanın elm, təhsil tutumlu bir ölkəyə çevrilməsini də şərtləndirən əsas amillərdən biridir. O, həmçinin, vurğuladı ki, bu qurumun yaradılması həm də Azərbaycanda yeni kadr bazasının formalaşdırılmasına, idarəetmənin şaxələndirilməsinə təkan verəcək. “Əlbəttə, hesab edirəm ki, Təhsildə Keyfiyyət Təminatı  Agentliyinin çox vacib işləri, hədəfləri olacaq. Bu qurumun Təhsil Nazirliyinin tabeliyində olmaqla yanaşı, həm də hüquqi publik şəxs olması isə onun əlavə vəsaitlər qazanmasına da gətirib çıxaracaq. Bu agentliyin nizamnaməsinə nəzər salmaq kifayətdir ki, onun görəcəyi işlərin sırasını əvvəlcədən proqnozalaşdıra bilək. Təhsildə Keyfiyyət Təminatı Agentliyi ölkəmizdə özəl və dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinin akkreditasiyanı həyata keçirəcək. Eyni zamanda, xarici dövlətlərin Azərbaycanda təhsil sahəsində həm ixtisasların tanınması, həm onların nostrifikasiyası, xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşlarının diplomlarının, sənədlərinin tanınması məsələsi də agentliyin səlahiyyətlərinə aiddir. Peşə təhsili ilə bağlı bilik və bacarıqların qiymətləndirilməsi, hətta müvafiq imtahanların həyata keçirilməsi və s. bura aiddir. Bütövlükdə, agentliyin xeyli geniş məqsəd və hədəfləri var”.

İ.Orucov qeyd etdi ki, keçən ilin sonunda Təhsil naziri ilə görüşdə də təhsilin bütün pillələrinin inkişafının həyata keçirilməsinin gündəmdə olduğu qeyd edilib. Bu sahədə çox ciddi məqsəd ortaya qoyulduğunu deyən İ.Orucovun sözlərinə görə, bu işlərin həyata keçirilməsində ən mühüm rollardan birini yeni yaradılan agentlik oynayacaq.

İradə SARIYEVA

Bənzər yazılar