Məşhur Türk youtuberi olan Ruhi Çenet Korona virusu ilə bağlı Çinə səfər etdikdən sonra, qayıdanda Ermənistana da baş çəkib. Orada insanların türklərə qarşı olan fikirlərini öyrənib və erməni “həqiqət”lərini onların öz dilindən dinləyib (https://www.youtube.com/watch?v=baQKJMZt3Vk).

Bildiyimiz kimi Azərbaycan və Türkiyə dövlətlərinin Ermənistanla olan sərhədləri bağlıdır. Nə bu iki dövlətin Ermənistanda, nə də Ermənistanın bu dövlətlərdə səfirliyi fəaliyyət göstərir. Hətta pasportunda Azərbaycan vizası olan xarici ölkə turistləri Ermənistana buraxılmır. Türkiyənin Ermənistanla iki sərhəd qapısı vardır. Ancaq Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyinə görə bu qapılar bağlanıb. Yəni anladığınız kimi Türkiyədən birbaşa Ermənistana keçə bilməzsiniz.

Ruhi Çenetin videosuna baxmağa başladığımız andan etibarən onun və operatorun neçə dəfə polislər tərəfindən yoxlanıldığını görürük. Buna səbəb təbii ki, onların türk dilində danışması idi. Əvvəlcə iki polis onları sorğu-sual etsələr də, türk olduqlarını bildikdən sonra 10-15 polis və 2 əsgər onların ətrafına toplanır.

Daha sonra R.Çenetin videoda öz kinini gizlətməyən bir erməni ilə olan söhbət yer alır. Türklər haqqında nə düşündüyü soruşulan zaman, erməni bunun axmaq bir sual olduğunu bildirir. Ermənilərin torpaqlarını itirdiklərini, hal-hazırda tarixi torpaqlarının sadəcə 10/1 sahib olduğunu, 1.5 milyondan çox insanın qətlə yetirildiyini (hərçənd, qaynaqlara görə erməninin dediyi zamanda ermənilərin sayı cəmi 1 milyon 18 min olub) bildirdi. Eyni zamanda, Ermənistanda yaşayan hər kəsin “soyqırımla”  bir bağlantısı olduğunu da söyləməyi unutmur. Ruhuna yalan hopdurulmuş bu adam hətta Türklərin güya erməniləri susuzluqla, aclıqla, işgəncələrlə öldürdüyünü də vurğulayır. 

Bütün  bu iddialara və yalanlara səbəb olan  hadisələrdən  biri Vudro Uilsonun “14 maddəsi”nin 12-ci bəndidir. Ermənistanın Türkiyəyə ərazi iddiaları ABŞ prezidenti Vudro Vilsonun hamiliyi ilə çox dəstəklənirdi. Beləki, V.Vilson Ermənistan üzərində ABŞ-ın mandatını rəsmiləşdirmək üçün Senata müraciət etmişdi. Ancaq 1920-ci il iyunun 1-də ABŞ Senatı 23 səs lehinə, 52 səslə əleyhinə olmaqla Prezidentin arzusunu rədd etdi.  Vilsonun düşüncələrinə görə insan haqları “Böyük Ermənistan və ermənilərin xilası”ndan ibarət idi.

Tarixi sənədlər göstərir ki, Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə Ərzurum, Trapezund, Van, Bitlis Ermənistana verilirdi. Onun sərhədlərini Vilson təyin edəcəkdi. Lakin elə bu vaxt müzəffər türk ordusu bir-birinin ardınca doğma vilayətlərini düşmənin tapdağından azad edir və məkrli planın reallaşmaq ehtimalını puça çıxardır. Bununla da V.Vilsonun qərarı ilə yaradılmalı olan süni “Müstəqil Ermənistan” iki həftəyə süquta yetir  (https://www.wikiwand.com/az/Vudro_Vilson).

Ruhi Çenet daha sonra həmin erməni vətəndaşına Xocalı Soyqırımı haqqında sual verir:

-Xocalı Soyqırımı haqqında eşitmisiniz?

-Xocalı? Xocalu demək istəyirsən?

– Bəli. Demək olar.

– Xocalı hadisəsi haqqında müxtəlif fikirlər var. Bu bir soyqırım idi, ya deyildi? Həmin müharibə dövrünü incələsən bir çox fərqli fikirlərlə qarşılaşarsan. Ortada bir soyqırım olduğunu sübut edən bir fakt yoxdur. Məncə bu bir soyqırım deyil, çünki…? Eee… Məncə… İngiliscə bilmirəm necə deyim. Eeee… Yaxşı. Həmin müharibə vaxtında həyatda olan bir çox insanı tanıyıram. Və çox insan deyir ki, Xocalıdakı insanların öldürülməsi Azərbaycan tərəfindən planlaşdırılmışdır. Çünki ermənilərin  pis olduqlarını sübut etmək üçün buna ehtiyyacları var idi. Siz türksünüz, azərbaycanlılar da türkdür. Siz azərbaycanlılarla qohumsunuz. Elədir? Ancaq ermənilərlə qohum olan heç kəs Azərbaycanda rahat gəzə bilməz. Aramızdakı fərq budur. Sənə gülümsəyirəm. Sənin babaların mənim babalarımı öldürüb. Amma sən burada rahat gəzə bilirsən. Bax, Ermənistan insanın fərqi budur. Bilmirəm, sadəcə İNSAN olun, İNSAN olun. İNSANLAR soyqırım törətməzlər. Bizim insanlar sizə qarşı nifrət hiss edir. Siz təksiniz. Siz və Pakistan, (gülür) terrorist ölkə.

Türklərə qarşı olan nifrət təbii ki, təkcə bununla bitmir. Amma məncə ən  bariz nümunə olan bu dialoq özündə bir çox problemləri əks etdirir.  Bütün söhbət boyunca ingilis dlində mükəmməl danışmağı bacaran bu şəxs Xocalıda baş verənlərin soyqırım olmadığını sübut etməyə çalışanda nədənsə birdən-birə fikrinə ingilis dilində bir qarşılıq tapa bilmədi.

Bu antitürk söhbətin ardından türk youtuber “erməni soyqırım”ı muzeyinə baş çəkir. Burada erməni soyqırımını tanıyan müxtəlif dövlətlərin  – Fransa, İngiltərə, İsrail, Gürcüstan, Argentina, Çex dövləti, Misir, Yunanıstan, Almaniya, Bolqarıstan, Hindistan, Rusiya, Belçika və digər dövlətlərin adına rast gəlir. Elə həmin zaman yenidən polislər tərəfindən yoxlanışa və sorğulanmağa başlanılırlar. Hətta polis onlara yaxınlaşanda əlini yumruq şəklində tutur, yəni onlara rahat çəkiliş etməyə imkan verməyəcəklərini göstərirlər.

Ermənilərin yalan yuvası olan “Muzeydən” çıxdıqdan sonra insanlardan Xocalı Soyqırımı haqqında nələr bildiklərini soruşurlar. Bəziləri heç nə bilmədiklərini söyləsələr də, bir vətəndaş 10-15 nəfərin öldürülməsinin soyqırım olmadığını və bunu Azərbaycanın ermənilərin adına qara yaxmaq üçün uydurulduğunu deyir.

Ruhi kaskada komplesində gedir, onun nə üçün inşa olunduğuna aydınlıq gətirir. Ağrıdağ (ararat) ermənilər üçün milli ikona rolunu oynayır. İncildə Nuhun  gəmisinin 7-ci ayın 17-ci günündə bu dağa yan aldığı göstərilir. Ermənilər həmin gəminin Ağrıdağda olduğuna inandıqlarından bu komplesi də məhz burada inşa ediblər. Bəli, bura Türkiyədə yerləşən Ağrıdağı görmək üçün inşa edilmişdir. 

Ermənistanın coğrafi ərazi mövqeyinə baxdıqda, Şərqdə Azərbaycan, Qərbdə Türkiyə, Şimalda Gürcüstan, Cənubda isə İranla qonşu olduğunu görürük. Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olduğunu və dənizə çıxış olmadığını nəzərə alsaq, xaricdən ekonomik olaraq Gürcüstana və İrana möhtac olduğunu görürük. Yalnız bu iki ölkə ilə  xarici ticarət əlaqələri saxlaya bildiyindən iqtisadi durumu çox çətinliklə hələlik tab gətirə bilir.

Sonda isə seysmik zona olan, tez-tez zəlzələlərin baş verdiyi Gümrüyə yollanan Ruhi Çenet burada küçələrin necə natəmiz olduğunu, olduqca köhnə və yararsız evlərdə insanların necə yaşadığını, İrəvandan başqa heç yerə yolun çəkilmədiyini, qalan hər yerin daş-torpaq olduğunu görür. İnsanların ortalama aylıq maaşı və qazancının da aşağı səviyyədə olduğu məlum olur.

Bax belə, bu ermənilərin türklər barədə olan fikirləridir. Biz bu gün QAN YADDAŞIMIZI düz-əməlli bilmədiyimiz halda, onlar bizə qatil deyir, törətdikləri vəhşilikləri həyasızlıqla bizim adımıza yazır, güya bizim onları dünyaya pis tanıtdırmaq istədiyimizi qeyd edirlər. Həm də  açıqaşkar, utanmadan düz bizim üzümüzə deyirlər hər bir düşündüklərini. Bəs, biz nə edirik? Sakitcə bu videonu izləyib, bu yazını oxuyub, bir-neçə dəqiqə erməniləri ürəyimizdə söyüb, daha sonra hər şeyi unuduruq. İndi gəlin əlimizi vicdanımızın üstünə qoyub deyək: kim daha güclüdür? Əlində faktları ola-ola susan BİZ, yoxsa yoxdan var düzəltməyə çalışan, bütün günü bar-bar “soyqırım” bağıran düşmən? Unutmayın, biz susduqca düşmən öz bildiyini edəcək. Odur ki, artıq oyanmaq vaxtdır, biz Qarabağı azad etmək üçün bütün sahələr üzrə hücumda olmalıyıq!

Xanım Babazadə, BSU-nun jurnalistika fakültəsinin II kurs tələbəsi

Bənzər yazılar