Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü ənənəvi olaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günündə təşkil edilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, nazirlik Təhsil Nazirliyi ilə birgə Bakı, Gəncə, Mingəçevir, Bərdə, Şamaxı, Lənkəran, Qəbələ də daxil olmaqla ölkənin 70 ümumtəhsil məktəbində informatika müəllimləri tərəfindən Beynəlxalq Təhlükəsiz İnternet Günündə internetdən təhlükəsiz istifadə üzrə açıq dərslərin keçirilməsini təşkil edib. Dərslər əsasən 6-11-ci siniflərdə təşkil edilib, həmçinin bir sıra məktəblərdə sinif rəhbərləri, məktəb psixoloqları və valideynlər də prosesə cəlb olunub.

Açıq dərs müddətində informatika müəllimləri tərəfindən şagirdlərə internetdən istifadə zamanı üzləşə biləcəkləri kibertəhlükələr və bu təhlükələrdən müdafiə üsulları barədə xüsusi təqdimat nümayiş etdirilib və Təhlükəsiz İnternet Günü ilə əlaqədar hazırlanmış tapşırıqlar yerinə yetirilməsi üçün şagirdlərə təqdim edilib. Şagirdlər tərəfindən təhlükəsiz internet mövzusunda maraqlı posterlər hazırlanaraq nümayiş olunub.

Dərslər 2020-ci ilin yanvarın 17-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi ilə birgə təşkil edilən “Təhlükəsiz internet” təlimlərində iştirak edən müəllimlər tərəfindən keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə 2010-cu ildən Təhlükəsiz İnternet Günü ilə bağlı aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin nümayəndələrinin məruzəçi və dinləyici qismində iştirakı, habelə gənclər və uşaqların aktiv şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilməkdədir.

Bənzər yazılar