Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsi başa çatıb.

BŞTİ-dən Mektebgushesi.az -a bildirilib ki, paytaxt məktəbliləri arasında fevralın 27-də keçirilmiş müsabiqənin rayon mərhələsində 249 ümumtəhsil müəssisəsindən 747 şagird iştirak edib. Şagirdlər 2 akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.

Müsabiqənin final mərhələsinə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq. Müsabiqənin III mərhələsində 30 test sualı və 2 məsələ ilə yanaşı, komandalar 1 təcrübə işini də yerinə yetirəcəklər. Müsabiqənin nəticələrinə görə, ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaqlar.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, bu sahədə dərin biliyə malik şagirdlərin aşkar edilməsindən ibarətdir. Müsabiqə IX, X, XI sinif şagirdləri arasında keçirilir.

Bənzər yazılar