Dünyada xəstəliyin pik həddinin keçilməməsinə baxmayaraq, bir çox ölkələrdə koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlər yüngülləşdirilir. Ukraynada məktəblilərə təhsil müəssisələrində tədris məsələsi müzakirə edilir. Eyni problem Azərbaycanın da qarşısında dayanır.

Sentyabrda bizi nə gözləyir?

Media.Az şərh üçün biologiya elmləri namizədi, Ukrayna Texnoloji Elmlər Akademiyasının müxbir üzvü, ukraynalı siyasətçi, Ukraynadakı Vətəndaş Vətənpərvərliyi siyasi ideologiyasının banisi Nikolay Qaberə müraciət edib:

– Əgər zəruri tədbirlər görülərsə, o zaman uşaqların məktəblərdə təhsili tamamilə mümkündür. Ukraynada nə etmək istəyirlər? Məsələn, uşaqlar tədris müddətində bir sinifdən digərinə keçməməlidirlər.

Siniflərə müəllimlər gələcəklər, şagirdlər isə məktəbdə gəzməyəcəklər. Bu, bütün sinif şagirdlərinə – birinci sinifdən sonuncu sinifə qədər aiddir və olduqca düzgün yanaşmadır.

Digər bir məqam. Dərslər bütün şagirdlər üçün eyni vaxtda başlamalı deyil. Bəziləri üçün 8:15-də, digərləri üçün 8:30-da və s. Beləliklə, bu, izdihamın qarşısını almağa kömək edəcək, uşaqların axını kəsişməyəcək, yəni yoluxma ehtimalı daha az olacaq.

Ukraynada yoluxma təhlükəsinə görə dörd qrup region müəyyən edilib. Anladığım qədər Azərbaycanda da təxminən bu istiqamətdə fəaliyyətini qurur.  

– Bəs məhdudlaşdırıcı tədbirlərə riayət edilməsinə nə dərəcədə etibar etmək olar? Bilirəm ki, hətta ən sərt tədbirlər zamanı Kiyevin və ölkənin digər şəhərlərinin bir çox gecə klubları yüzlərlə insan toplayıb. Odur ki, söhbət təkcə məktəblərdən getmir…

– Sizinlə razıyam. Məsələ burasındadır ki, bir çoxlarında koronavirusun mif, siyasi-psixoloji oyun olduğuna dair bir hiss var. Hərçənd bu statistika pandemiya səbəbilə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin nəticəsi ola bilər.

– Siz təkcə bioloq deyil, həm də siyasətçisiniz …

– Buna görə həm də siyasi nöqteyi-nəzərdən şərh edəcəyəm. Ukraynada oktyabr ayında yerli seçkilərin keçirilməsi planlaşdırılır. Hakimiyyətin onları təxirə salacağını da istisna etmirəm. Formal səbəb pandemiyadır. Ancaq hazırda hakim “Xalqın Xidmətçisi” Partiyasının əleyhinə olan reytinqlər də var.

Mövzuya qayıdaraq… Adi həyatda insanlar COVİD-19 xəstəsi olan insanları görmürlər və buna görə də onu “qorxu mifi” hesab edirlər. İnsanlar isə həmişə müxtəlif səbəblərdən ölürlər…

– Bir çox mütəxəssis Ukraynada yoluxanların nisbətən az olması testləşmənin aşağı səviyyədə olması ilə əlaqələndirirlər. 30-40 milyon əhalisi olan Ukrayna 10 milyon əhalisi olan Azərbaycanla təxminən eyni sayda test edib…

– Əlbəttə, testlər nə qədər çox olarsa, aşkarlanmış halların sayı bir o qədər çox olar. Bir çox insan hətta bunun fərqinə belə varmadan xəstələnir, onları xəstəxanaya yerləşdirmək lazım deyil.

Bəli, koronavirus var. Ancaq hesab edirəm ki, təşvişə düşmək lazım deyil. Daha çox test – daha çox yoluxmanın, daha az test isə daha az yoluxmanın aşkarlanması deməkdir.

İstənilən halda insanların sıxlığı müxtəlif xəstəliklərin ötürülməsinə səbəb olur. Odur ki, gigiyena mədəniyyətinin inkişafı, sosial məsafəyə riayət edilməsi zəruridir. Biz ailəmizdə maska taxırıq və bu, koronavirusa inandığımıza və ya inanmadığımıza görə deyil. Əgər bu, ağır deyilsə, xüsusən qaydalar bunu tələb edirsə, niyə də olmasın?!

Bənzər yazılar