Dərc olunub: 29.08.2020

Yeni tədris ilinin başlanacağı tarix elan edilər-edilməz, gündəmə yeni bir problem gəlib. Övladları özəl məktəblərdə oxuyan valideynlər iddia edirlər ki, özəl orta məktəblər onlardan əlavə pul istəyirlər.

Valideynlərin dediyinə görə, tədris ilinin əvvəlində təhsil alanlar müəyyən təhsil müəssisəsi ilə müqavilə imzalayır və üzərlərinə müəyyən öhdəliklər götürürlər. Öhdəliyin əsasını o təşkil edir ki, normal qaydalarda bütün təhsil alanlar auditoriyalarda və siniflərdə tədris prosesinin iştirakçısı olmalıdırlar. Amma pandemiya səbəbindən ənənəvi təhsil almaq mümkün olmadı. Müqavilənin şərtləri pozuldu və nəticədə müəssisənin öhdəliyinə götürdüyü xidmətlərdən yalnız şagirdin onlayn şəkildə təhsil almaq hüququ qüvvədə qaldı. 

Məktəbin təklif etdiyi digər xidmətlər, məsələn, qidalanma, nəqliyyat və digər psixoloji xidmətlər reallaşmadı. Bütün bunlar pandemiya üzündən baş verdi. Amma bəzi özəl məktəblər göstərmədikləri xidmətə görə valideynlərdən ödəniş tələb edirlər. Valideynlər isə narazılıq edirlər ki, özəl məktəblər göstərmədikləri xidmətə görə niyə pul tələb etməlidirlər?

Bu halda kim haqlıdır,valideynlər, yoxsa özəl orta məktəblər?

  • “Pandemiya ilə əlaqədar ənənəvi tədrisin dayandırılmasının elə ilk günlərindən, faktiki olaraq, məsafədən təhsilin lazımi effekt vermədiyi əsas gətirilərək…”

Tanınmış təhsil eksperti Nadir İsrafilov qeyd edir ki, problem, istənilən halda, qarşılıqlı anlaşma şəraitində həll edilməlidir: “İstənilən halda, qarşılıqlı anlaşma ən optimal variantdır. Pandemiya ilə əlaqədar ənənəvi tədrisin dayandırılmasının elə ilk günlərindən, faktiki olaraq, məsafədən təhsilin lazımi effekt vermədiyi əsas gətirilərək, təkcə özəl orta məktəblərdə deyil, hətta ödənişli ali məktəblərdə belə təhsil haqqında müəyyən güzəştlər edilməsi, “keyfiyyət düşübsə, ödəniş niyə azaldılmır?”, hətta “özəl məktəblər nəzərdə tutulan tədris proqramını həyata keçirə bilmirlərsə, ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar” kimi iradlar və tələblər səsləndirilib. Başqa sözlə, bir çox valideyn arasında özəl məktəblərə ödədikləri təhsil haqqının adekvat qarşılığını tələb edənlər də az olmayıb. Maraqlıdır ki, məsələyə münasibət də birmənalı olmayıb. İstənilən səbəblə əlaqədar özəl məktəblər nəzərdə tutulan tədris proqramını həyata keçirə bilmirlərsə, ödənilən təhsil haqqını geri qaytarmağa borcludurlar. Çünki “insan alacağı təhsil üçün ödəniş edir” fikrində olanlar da olub, “fövqəladə rejimin tətbiq ediləcəyi halda, valideynlər ödədikləri təhsil haqqını geri tələb edə bilməzlər” qənaətində olanlar da. Ədalət naminə deməliyik ki, istər dövlət, istərsə də özəl təhsil müəssisələri tədrisin fasiləsizliyini və davamlılığını təmin etmək, təhsili ayaq üstə saxlamaq üçün əllərindən gələni ediblər və etməkdə davam edirlər də. Bildiyim qədər, ayrı-ayrı özəl təhsil müəssisələri xüsusi karantin rejimi dövründə ərzaq, nəqliyyat, digər kommunal xərcləri ləğv edib və təhsil haqqında 20 faizdən 30 faizə qədər güzəştlər tətbiq edənlər də var. Məbləği əvvəlcədən ödəyən valideynlərə gəlib ödənişi geri götürmək və ya bu məbləği şagirdin növbəti təhsil haqqına əlavə etmək seçimi verən müəssisələr də olub. Bununla belə, göstərilməyən xidmətlərlə əlaqədar güzəştə getməyən müəssisələr barədə xəbərlərə də təsadüf olunur ki, bu da yolverilməzdir. Hansı xidmətlər ki, göstərilmir, onlar təhsil haqqından çıxarılmalı və valideynlərə geri ödənilməlidir. Xidmət təqdim edilmirsə, hansı xidmət haqqından söhbət gedə bilər?”.

N.İsrafilovun sözlərinə görə, digər məsələlər, əlbəttə, proseslərin növbəti gedişatına uyğun kompensasiya oluna bilər. Onun fikrincə, bu kimi məsələləri valideynlər və özəl sahibkarlıq subyektləri öz aralarında həll etməlidirlər. “Hər bir halda, özəl təhsil müəssisəsi sahibkarlıq obyekti sayılır. O da var ki, özəl məktəblərin maliyyələşməsi şagirdlərdən, tələbələrdən yığılan vəsait hesabına formalaşır. Müqavilə şərtlərinə əsasən, qarşılıqlı olaraq anlaşma yalnız valideyn və özəl müəssisənin rəhbəri arasında müəyyən olunur. Bununla belə, mövcud şərait nəzərə alınmalı, vəziyyətə uyğun addım atılmalıdır. Yenə də deyirəm, istənilən halda, qarşılıqlı anlaşma ən optimal variantdır” – deyə N.İsrafilov qeyd etdi.

İradə SARIYEVA

Bənzər yazılar