Təhsilə baxış dəyişməlidir


Azərbaycanda Sentyabrın 1-də  TAM (Teaching Advancement Matrix)  təşkilatçılığı və Təhsil Nazirliyi yanında İctimai Şuranın dəstəyi ilə “Təhsildə Yeni Çağırışlar” adlı Beynəlxalq Forum keçirildi. Yeni dövrün təhsil tələblərini və təhsildə keyfiyyətin yüksəldilməsi yollarını Forumda müzakirə edildi. Forumda əsas məruzə ilə PISA ( Program for International Student Assessment) direktoru Andreas Schleicher  “Pandemiya və postpandemiya dövründə təhsilin keyfiyyətini yüksəltməyin yolları” mövzusunda geniş təqdimatla çıxış edib. Onun çıxışında “Şagird keçmişdəki ənənələrlə deyil, gələcək zaman üçün hazırlanmalıdır” fikri ana xətt kimi keçdi.
Beynəlxalq Forum “Youtube” üzərindən canlı yayılandı və 10 mindən çox insan izlədi. 
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri kimi təbrik üçün ilk söz mənə verildi. Spikerləri və iştirakçılarını salamlayaraq “Təhsilə baxış dəyişməlidir” mövzusunda  çıxış etdim.  Bu qısa çıxışa reaksiyalar çox olduğundan (suallar da oldu) onu Moderator.az -ın oxucularına bir  az geniş şəkildə təqdim etməyi məqsədəuyğun sayıram:
“Hörmətli Forum iştirakçıları! Bəşəriyyətin harmonik inkişafı təhsildən asılıdır. Görünən odur ki,  bəşəriyyət düz istiqamətdə inkişaf etmir. Yaxşını pisdən, düzü əyridən, dostu düşməndən, alimi nadandan ayırmaq getdikcə çətinləşir. İlahi qadağalara əməl edilmir. Sanki, dünya haqqı nahaqdan ayırmağa qadir deyil. Bu səbəbdən əzəli və əbədi tarixi torpagımız olan Qarabağ beynəlxalq durumun biganəliyi ucbatından mübahisə predmetinə çevrilib. Qeyri-ciddi həyat tərzinə aludəçilik mənəviyyatı pozur. Leninqradlı yazıçı İvan Efremov hələ 1967-ci ildə bəşəriyyətin gələcəyini belə görürdü: “dürüst həyat tərzinə alışmış nəsillər gələcəkdə yox olacaq”. Dəhşətli öncəgörmədir! Deməli, hamı hamını aldadacağı gün çox uzaqda deyil. Tomas Manna görə həyat və mənəviyyat bölünməzdir.  Onun öümündən 12 il sonra bu fikri İ.Efremov belə ifadə etmişdir: “imperiyaların, dövlətlərin və digər siyasi təşkilatların  məhv olması mənaviyyətin itirilməsi ilə baş verir”. 


Milli və bəşəri dəyərlər gözümüz qarşısında sürətlə əriyir. Səbəb nədir? 

  Hesab edirəm ki, bəşəri dəyərlər, mənəviyyat ona görə qiymətdən düşür ki,  təhsilin doktrinası qüsurludur. Təhsil bəşəriyyəti düz istiqamətdə yönəldə bilmir.

Hamı, o cümlədən də təhsil ictimaiyyəti hesab edirlər ki, təhsilin əsas  məqsədi  gəncləri şəxsiyyət yönümlü yetişdirməkdir. İlk baxışda şəxsiyyət yönümlü istiqamət xoş görünsə belə qüsurludur. Belə ki,dünya iqtisadiyyatının 20%-ni kölgə iqtisadiyyatın əlindədir. Bu iqtisadiyyatın yönəldiciləri mürəkkəb kombinasiyaları qura bilən qara fikirli intellektual şəxsiyyətlərdir. Nəzərə almaq lazımdır ki, bu şəxslər də mövcud təhsil sisteminin yetişdirmələridir. 
Təhsilin təriflərinin birində deyilir: Təhsil – keçən nəslin buraxdığı səhvləri təkrar etməmək üçündür. Ancaq qüsurlar həm cəmiyyətdə, həm də təhsildə təkrarlanır. Təhsildə keyfiyyət düzəlmir, baxmayaraq ki, son on illərdə ən çox diqqət mərkəzinə çəkilən problem -“təhsildə keyfiyyətdir”.


Bu deyilənləri nəzərə alsaq bəs, onda təhsilin başlıca vəzifəsi, və ya ali hədəfi  nə olmalıdır?


Hesab edirəm ki, təhsilin  məqsədi savadlı, bilikli şəxsiyyətlər yox, kamil insan yetişdirmək olmalıdır. Kamil insan yetişdirmək üçün təhsilə baxış dəyişməlidir, təhsil siyasəti, təhsilin doktrinası dəyişməlidir. Şəxsiyyət yönümlü təhsil həm bəşəriyyəti, həm də cəmiyyəti parçalayır. Kamil insanlardan təşkil olunmuş cəmiyyətlərdə prinsipcə parçalanma ola bilməz. Deməli, harmonik cəmiyyətlərə gedən yol kamillikdən keçir.   


Kamilliyin meyarı varmı?  

Məlumdur ki, hər bir insan doğumla iki mənafe daşıyıcısıdır:  şəxsi mənafe və ictimai mənafe. Kamilliyin meyarı  olaraq ictimai mənafenin şəxsi mənafeyə olan nisbətin götürmək olar.
Kəsrin sürəti artdıqca insan kamilləşir, məxrəci artdıqca isə insan cahilləşir. Ətrafınıza diqqət edin. Cəmiyyətin sevdiyi insanlar o insanlardı ki, onların ictmai mənafeyi şəxsi mənafedən çox yüksəkdir. Təhsil vasitəsi ilə kamilliyi artırıb və ya azaltaq olar. İctimai mənafeyi şəxsi mənafeyindən dəfələrlə çox olan insan KAMİL insandır. A.Eynşteynə görə ABŞ təhsili pula itaət, sitayiş  üzərində qurulubdur.  Yəni ABŞ təhsili kəsrin məxrəcinə işləyir. Avropa təhsili fərqli olaraq insana, təbiətə qayğı üzərində qurulubdu, yəni kəsrin sürətinə işləyir. İnanıram ki, bəşəriyyətdə əgər hər iki nəfərindən biri kamil olarsa cəmiyyətdə dava-dalaş, dünyada isə müharibə olmaz. 


Beləliklə, bəşəriyyətin inkişafını düz istiqamətə yönəltmək üçün təhsilə baxış dəyişməlidir. Yeni baxışın bəzi konseptual müddaları sadalayaq:
1.Təhsil iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən asılıdır. 

2.Təhsil milli və bəşəri dəyərləri qorumalıdır və yeni dəyərlər yaratmalıdır. Mənəvi dəyərləri maddi dəyərlərə qurban vermək yol verilməzdir.

3.Mənəviyyatın aşılanmasının qarşısını almaq üçün tərbiyyə probleminə diqqət artmalıdır.

4.Məktəb pedoqoqika və psixoloqiyası elmlər sırasında ilk  yerləri tutmalıdır. 

5.Tam orta təhsilli cəmiyyətdən tam ali təhsilli cəmiyyətə keçmək lazımdır.

6.Müharibə vaxtı ordu komandirləri hansı önəm  daşıyırlarsa, əmin -əmanlıq (sülh)  dövründə təhsil komandirləri (məktəb direktorları) da eyni önəm daşımalıdırlar. 

7.Əmin-amanlıq dövrünün əmək qəhramanları müəllimlər olmalıdır.   Bütün şagirdlərinə dərs dediyi fənni əla öyrədən müıllim dövrün əmək qəhramanıdır.
P. S. Kamilliyə gedən yolun elmi-nəzəri əsasları mənim “Kamilləşən düşüncə” və “Путь к совершенству” kitablarımda tapmaq mümkündür.

Professor Şahlar Əsgərov, əməkdar elm xadimi, TN yanında İŞ sədri

Bənzər yazılar