Artıq yavaş-yavaş ayaq səslərimiz neçə illərdir işğalda olan torpaqlarımızda eşidilir. Bizim gənclər Qarabağı görməyib, yalnız kitablarda, böyüklərin hekayələrindən xəyallarında özləri üçün vətən yaradıblar. Bu gün isə həmin gənclər yenidən Qarabağın şanlı tarixin yazır. Qanları bahasına olsa belə. Yalnız bir şüarları var: “Qarabağ Azərbaycandır!” Bu gün hər bir azərbaycanlının ürəyi səngərdə onlarla bir Qarabağ üçün döyünür. Azərbaycan ordusunun qüdrəti, gücü ondadır ki, bu ordunun generalı cəbhənin önündə, cəbhədə şəhid olursa, bu, ordumuzun vətənpərvərlik ruhunun yüksəkliyini, vətənə, torpağa sevgisini göstərir.

“Qarabağ sənin üçün nədir?” – sualına hərə bir cür cavab verir. Kimisi üçün mədəniyyət, kimisi üçün uşaqlıq, kimisi üçünsə, hər şeydir. Ən kədərli cavablar qarabağlılardan gəlir. Nə də olsa, qəlbi qırıqdı onların vətən sarıdan. Qarabağ deyəndə hərə bir cür hisslər keçirir. Kimisi kədərlənir, kimisi uşaqlığını xatırlayır, kimisi də vətəndən son qalan əşyaları qucaqlayıb ağlayır. Bu gün bu hisslər artıq qələbə sevincinə çevrilib. Qəhrəman xalqın oğulları sayəsində. Azərbaycan xalqının mübarizə ruhunu bu gün kimsə qıra bilməz. Bu neçə ilin həsrətidir. 28 ildir evinin açarını göz bəbəyi kimi qoruyan ananın əzmini, ümidini kim qıra bilər ki? Hər bir vətəndaş bir ağızdan vətən deyir. Haqlı olan savaşımızda bir yumruq olur. El bir olsa, dağ oynadar yerindən. Yaxın gündə bu həsrət artıq bitəcək. Doğma Şuşamıza, Laçınımıza, Xankəndimizə qovuşacağıq. Şuşanın dağlarının gözəlliyini, Laçının ecazkar təbiətini mahnılardan, hekayələrdən eşitsək də, yaxın zamanda tarixə qovuşacağıq. Bu gün xəyalı belə xoş olan gələcəyin özü necə şirin olacağı artıq bəllidir.

Öz torpağının tarixini yazan bu oğullar kimdir? – Ötən əsrdə gözlərini çıxarıb, vəhşicəsinə təcavüz edilən uşaqların ruhlarıdı bu gün başqa bədəndə qəhrəman olaraq geri dönür. Ayaqyalın getdikləri yerdən tank belində qayıdırlar. Bu gün göstərilən şücaət 30 ilin ağrısıdır. Biz yenidən qayıdırıq…

Ayrılarmı Könül candan? – Bizdən ayrı düşən torpağı yenidən qaytaracağıq. Yenidən bir olacağıq. Murovun o üzünü görəcəyik. Bu torpaqlarda qələbə sevinci, havalanan xanın səsini, Qarabağın şikəstəsini eşidəcəyik. Haqq torpaqlarımıza qovuşacağız, bir daha ayrılmamaq, parçalanmamaq şərti ilə.

Bəlkə bir həftə, bir ay sonra. Amma bilirik ki, o günlər çox uzaqda deyil. Qanımız bahasına olursa-olsun biz qayıdırıq, Vətən…

Aysel Məhərrəmova,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Bənzər yazılar