Təhsil sahəsi üzrə jurnalist Böyükağa Mikayıllı dünyanın 1000-dən artıq universitet rektoruna müraciət ünvanlayıb.

Bu barədə Avrasiya.net-ə təhsil sahəsi üzrə araşdırmaçı-jurnalist, universitet tədqiqatçısı Böyükağa Mikayıllı məlumat verib.

O, bildirib ki, bu universitetlərin əksəriyyətinin rəhbərliyi ilə yaxından tanışdır və onların fəaliyyətini ayrı-ayrı vaxtlarda tədqiq edib. Jurnalist qeyd edib ki, müraciətdə ermənilən zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar, ərazi işğalları, tarixi abidələrin dağıdılması, terror aktlarının həyata keçirilməsi nəticəsində minlərlə insanların həlak olması faktları öz əksini tapıb. Müraciətdə ermənilərin körpələri, azyaşlı uşaqları, qadınları və qocaları hədəf seçərək qətlə yetirməsinə, təhsil müəssisələrinin dağıdılmasına xüsusi diqqət yetirilib.

Qeyd olunub ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların qanuni tələblərinə məhəl qoymayaraq 30 ildir ki, tarixən Azərbaycana məxsus olan torpaqları işğal altında saxlamaqda davam edir. Bütün bunlarla kifayətlənməyərək Azərbaycanın digər ərazilərini də işğal etməklə hədələyir, Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər kimi böyük şəhərlərini raket atəşinə tutmaqla dinc əhalinin ölümünə səbəb olur. Müraciətdə Qarabağ hadisələrinin tarixi kökləri də rektorların diqqətinə təqdim edilir.

Jurnalist universitet rektorlarından xahiş edir ki, erməni təcavüzkarlığını daim diqqətdə saxlasınlar, yeri gəldikcə erməni terrorizmi ilə bağlı fikir və mülahizələrini bildirsinlər. Dünya erməni vandalizminə biganə qalmamalı, həqiqətləri görməlidir.

Bənzər yazılar