Bu günlərdə gündəmdə olan məsələlərdən biri ilə bağlı müsahibə almaq üçün mənə zəng etdilər. Düzü, müsahibə vermək üçün o qədər də həvəsli deyiləm. Bir çox hallarda dediklərini tam başqa istiqamətdə yozanlar da olur. Kənarda olduğumu bildirdim. Cavab isə ondan ibarət oldu ki, hardasansa ora gələk. Nə isə, təyin etdiyim yerdə görüşməli olduq. Bərk yağış yağırdı. Kameraya çəkiliş mümkünsüz hesab olunurdu.

Belə qərara gəldik ki, nisbətən yaxınlıqda yerləşən “Hədəf” liseyinə gedək və foyedə çəkiliş aparılsın. Elə də etdik. Çəkilişdən sonra özlüyümdə fikirləşdim ki, liseyə gələsən, müəssisənin rəhbəri ilə görüşməyəsən, bu etik baxımdan heç də düzgün olmaz. Bir də ki, nə bilmək olar, sonradan eşidər, məndən bərk inciyər.

Yuxarı qalxdım, qapını döyərək, içəriyə daxil oldum. Həmişəki kimi yerində, iş başında idi. Xarakterinə uyğun məni sevinclə, xoş üzlə qarşıladı. Hal-əhval tutduqdan, pandemiya ilə bağlı vəziyyətə uyğun görülən işlərə yüngülcə nəzər salaraq, vaxtını çox almadım. Ayrılarkən, mənə son kitablarından biri olan “İnsan mühəndisi” adlı kitabını hədiyyə etdi.   

Elmi ədəbiyyatda insanların xüsusiyyətlərini, gücünü və qabiliyyətlərini müəyyənləşdirən, həmçinin, insan idarəçiliyi, insan seçimi və “keyfiyyətli insan” anlayışını formalaşdıran psixoloji bilik sahəsi kimi səciyyələndirilən “insan mühəndisliyi”, habelə  insanlarla psixoloji manipulyasiyadan bəhs edən “sosial mühəndislik” nəzəriyyələri barədə çox oxumuşdum.

İmkan tapıb kitabı oxudum. Məsələnin mahiyyəti heç də kitab yazmaqdan və hər yazılanı da oxumaqdan ibarət deyil. Kitaba resenziya yazmaq məqsədindən də uzağam. Şəmil Sadiqin gənc müəllimlər, valideyn və məktəb qurmaq istəyənlər üçün nəzərdə tutulan, şagird-valideyn, şagird-müəllim, müəllim-ailə münasibətlərindəki aktual problemləri əks etdirən məqamlara münasibət bildirilən bu kitabına professor Fərahim Sadıqov geniş ön söz yazıb.

Hələ təyinatla kənd məktəbində pedaqoji fəaliyyətə başladığım ilk illərdən məni  XX əsrin ən görkəmli pedaqoqlarından biri, novator müəllim,  SSRİ PEA-nın müxbir üzvü, pedaqoji elmlər nami­zədi,  Ukraynanın Əməkdar müəllimi,  Sosialist Əməyi Qəhrəmanı,  Pavlış orta məktəbinin müdiri, 40 monoqrafiya, 600 elmi məqalə, 1200 hekayə və nağılın müəllifi olan V.A.Suxomlinski maraqlandırıb.

O, dünya təhsil tarixində nəzəriyyə ilə eyni vaxtda praktik fəaliyyətlə də məşğul olan tək-tək pedaqoqlardan biri olub, adi bir məktəbi bütün dünyada tanıtmaqla bərabər, müəllimlərin masaüstü kitabı olan onlarla kitab yazmış, öz pedaqoji sistemini yaratmış, təhsil sahəsində bir çox “ilk”lərə imza atıb. V. A. Suxomlinskinin “Ürəyimi uşaqlara verirəm” kitabı  Ukrayna Dövlət Mükafatına layiq görülüb.

Deməyim odur ki, niyə bizim müəllimlər, məktəb, digər təhsil müəssisələri rəhbərləri özlərində cəsarət tapıb, öz təcrübələrinə istinad edərək belə kitablar yazmasınlar, milli təhsil sistemi ilə çağdaş təhsildəki fərqli və ortaq məqamlara münasibət bildirməsinlər? Axı, bizdə də bir vaxtlar Respublikanın hüdüdlarından da kənar tanınan Məhər Quliyev, Zərbəli Səmədov, Sona Tağıyeva, Zahid Şöyübov kimi məktəb qurucularımız olub.

Bəşəriyyəti cənginə alan pandemiya bir çox peşə sahibləri kimi təhsil işçilərini də əslində bir növ qaynar mühitdən kənarlaşdırıb. Yaranmış müvəqqəti fürsətdən yararlanaraq, müəllimlərimiz, məktəb rəhbərlərimiz fəallıqlarını bir az da artırmalı,  yaradıcılıq fəaliyyətlərini genişləndirərək mövcud vəziyyətə, yeni şəraitə uyğun olaraq təkliflər verməli, layihələr hazırlamalı, təcrübələrini geniş ictimaiyyətlə bölüşməlidirlər.

Nadir İsrafilov

Bənzər yazılar