Vətən! Bu söz nə qədər mənalı və nə qədər əzizdir. Deyilişi şirin, olduğu kimi, məzmunu da hikmətlidir. Elə bir hikmətdir ki, hər birimiz vətən dedikdə ana, ana dedikdə vətənimizi düşünürük. Odlar yurdu vətənimizin gözəllikləri haqqında şairlərimiz, yazıçılarımız çoxlu əsərlər yazıb, bəstəkarlarımız mahnılar bəstələyiblər.

Qarabağ savaşı onu göstərdi ki, Azərbaycanda həmişə olduğu kimi indi də canını vətən yolunda qurban verməyə, onun uğrunda ölümə getməyə hazır olan igid oğullarımız və qızlarımız çoxdur. Bu mərd, mübariz vətən övladları öz doğma torpaqları uğrunda canlarını fəda edib və gələcək nəsillərin də vətəni dərin məhəbbətlə sevmələrinə nümunə olabiləcək şərəfli iz qoyublar. Vətəninə bağlı olan, ürəyi Azərbaycanla döyünən hər bir vətəndaşın bu sözlər qarşısında qürur hissi keçirdiyinə əminəm.

Uzun illər idi ki, tarix kitablarından, televiziya və radio verilişlərindən ermənilərin xalqımıza yaşatdığı o dəhşətli günləri oxuyur, dinləyir, izləyirdik. Ancaq 2020-ci ilin sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda düşmənlə mübarizədə Azərbaycanın şanlı ordusu öz gücünü, qüdrətini düşmənə layiqincə göstərdi.

Ali baş komandan İlham Əliyev ölkədə qismən səfərbərlik elan etsə də, minlərlə gənc, eləcə də orta nəslin nümayəndələri könüllü olaraq, bu mübarizədə iştirak etməyə hazır olduqlarını bildirdilər. Müharibə və onun nəticələri nə qədər ağır olsa da, xalqımızın mərd oğulları gülə-gülə, sevinc hissi ilə, cəsarətlə düşmənlə döyüşə atıldı. Uzun illərdən bu günə qədər torpaq uğrunda canını fəda edən igid şəhidlərimizin, gözü yaşlı analarımızın, atalarımızın, yarımçıq qalan sevgilərin, ata-ana qayğısından məhrum olan körpələrin, yurdundan, isti ocağından didərgin düşən insanlarımızın qisasını almağa getdi bizim vətənpərvər oğullarımız.

Və budur, biz Qələbə çaldıq. Hər millət öz gələcəyinə və öz sabahına qəhraman əsgərlərinə güvənərək yaşayır. Güclü ordusu olmayan dövlət tarixdə iz qoya bilməz.  

Əlbəttə ki, hər kəs qəhraman doğulmur. Onu yaşadığı zaman, mövcud olan hadisələr və malik olduğu xarakter yetişdirir. Bu gün biz böyükdən kiçiyə tarixi günlər yaşayırıq. Vətənimiz bütövdür, işğaldan azaddir. Bu sevincli günləri yenilməz ordumuza borcluyuq. Artıq bu şanlı qələbə mənfur düşmənin və eləcə də, onlara havadarlıq edənlərin yadından çıxmayacaq.

Artıq dünya Azərbaycan əsgərinin şücaətini, Azərbaycan xalqının iradəsini və Ali baş komandanın müdrikliyinin şahidi oldu. Millətimiz sevincli anlarla bərabər şəhid olmuş oğullarımızın ruhu önündə baş əyərək, onların qanı ilə suvarılmış torpağımızı daha da qorumaq əzmində olduğunu dərk edir…

Düşmən tərəfindən xarabalığa çevrilmiş şəhər və kəndlər, erməni vandallarının yerlə yeksan edilmiş ata-babalarımızın uyuduğu qəbiristanlıqlar, atasız və anasız qalmış fidanlar qarşısında and içirik ki, bu yurdu daim göz bəbəyimiz kimi qoruyacağıq

Ülviyyə Cəfərova, BSU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar