Taleyinə şəhidlik zirvəsi yazılan, doğulduğu torpaqdan yüzlərlə kilometr uzaqda “Öncə Vətəndir!” – deyib canından keçən 31 yaşlı baş leytenant Vüsal Kamran oğlu Kazımovun əziz xatirəsinə.

Bu acı xəbəri eşidib Vüsal haqqında yazmaq mənim üçün çox çətin idi. Zirvə təbiətin coğrafi yüksəkliyi, əlçatmazlığı, ucalığı olduğu kimi, şəhidlik də vətənpərvərliyin ən ali məqamıdır. Belə ucalığa yüksələn, bu şərəfi daşıyanların xatirəsi daim yaşayıb, yaşayır və nəsillər dəyişdikcə də yaşayacaqdır. Bu gün çox ağır hisslər, sarsıntı keçirirəm. Son dəfə Vüsalla oktyabrda cəbhədə olanda danışmışam. Ordudakı ruh yüksəkliyindən razılığını bildirirdi. Tez–tez görüşərdik həmişə deyərdi ki, “hərbidəki məxfiçilik qanıma işləyib. Dövlətçiliyə sadiq adamam”. Ən böyük arzusu isə bütün işğal altındakı bütün torpaqların azad edilməsi idi. Vətən müharibəsində zabit kimi ona ehtiyac olduğunu da deyərdi. Tovuz döyüşlərindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə gedərək könüllü xidmətə yazılmışdı. Müharibə başlayan kimi də çağrıldı. Ailəsi ilə tez–tez əlaqə saxlayırdı. Elə danışardı ki, sanki ömrünü hərb sənətinə həsr edib. Müzəffər Ordumuzun qüdrətindən qürurla söhbət açırdı. Bugün də şəhadət xəbərini aldıq.

Vüsal Lənkəran Dövlət Universitetində ali təhsil aldıqdan sonra bir müddət N saylı hərbi hissədə tağım komandiri vəzifəsində çalışmışdır. Sonradan həqiqi hərbi xidmət müddəti başa çatdığı üçün rayona ailəsinin yanına qayıtdı. 2018–ci ildən Lənkəran şəhər gənclər və idman idarəsində işləməyə başladı. Vətənpərvərlik hisslərinin gənc nəsildə aşılanmasında mühüm xidmətləri olmuşdur. Qısa müddət ərzində ona böyük etimad göstərilərək Lənkəran şəhər uşaq, gənclər və idman məktəbinə direktor göndərildi. Vüsal ziyalı ailədə böyüyüb boya başa çatmışdı. Atası Kamran Kazımov Lənkəran Dövlət Universitetinin prorektoru və dosentidir.

Şəhidimiz Vüsal həyatı sevirdi. Dostcanlı, qohumcanlı idi. Yaşamağı bacarırdı. Həmişə pozitiv və gülərüz idi. Zabit adını daim uca tuturdu. Hələ sağlığında şəhid ailələrinə baş çəkməyi, yardım etməyi sevə sevə edərdi. Dəfələrlə Lənkəranda şəhid ailələrini birgə ziyarət etmişik. Şəhid övladlarıına baxanda mənə deyərdi ki, o uşaqların atasından artıq deyilik. Onlar Azərbaycanın üç rəngli ay ulduzlu bayrağı uğrunda, ərazi bütövlüyümüz uğrunda, torpaqlarımız üçün, bizim üçün şəhid olublar. Allah mənə də o adı qismət eləsin. Belə də oldu…

II Qarabağ müharibəsində (Vətən müharibəsi) Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Şuşa şəhərlərinin erməni işğalçılarından azad edilməsində böyük qəhrəmanlıq və şücaət göstərmiş Azərbaycan Ordusunun (Quru qoşunları) baş leytenantı Kazımov Vüsal Kamran oğlu Daşaltı və Şuşa əməliyyatlarında gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.

Bu gün qəhrəman şəhidimiz Vüsalla təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Şəhidin doğması, yadı olmaz axı. Kimliyindən asılı olmayaraq, hər bir şəhid Vətən övladlarının qəlbinə düşmüş bir qordur. Elə bir qor ki bu millət yaşadıqca o, işıq saçacaq xalqımızın yoluna, örnək olacaq gələcək nəsillərə. Üçrəngli bayrağımız ucalıqdan enməsin deyə, canından keçən, Vətən oğlu sənin və bütün şəhidlərimizin igidliyi milyonların qəlbində əbədi yaşayacaq.

Ondan geriyə xatirələrdə hər zaman gözəl anlarla yaşadacaq ailəsi, dostları və bir də vətən əmanəti Nuray və Aynur adlı iki qız övladı qaldı. Şəhidimiz noyabrın 29–da Lənkəran rayonu Yuxarı Nüvədi kənd qəbirstanlığında böyük izdihamla dəfn edildi.

Allah səni qəni–qəni rəhmət eləsin nur üzlü şəhidim. Qəbrin nurla dolsun.

Cəmil Quliyev

LDU nəzdində Sosial və Aqrar–Texnoloji

Kollecin müəllimi, t.ü.f.d, AJB –nin üzvü

Bənzər yazılar