Erməni qəsbkarlarına qarşı Azərbaycan xalqının apardığı haqq savaşında -44 günlük Vətən müharibəsində şəhid olanlar arasında Lənkəran Dövlət Universitetinin prorektoru, filologiya elmləri namizədi , dosent Kamran Kazımovun yeganə oğlu Vüsal Kazımov da var. Bu gün şəhid baş leytenantın- Vüsal Kazımovun doğum günüdür . Yaşasaydı, bu gün 30 yaşını qeyd edəcəydik. Amma nə ağır ki, doğum gününə hədiyyəsi ölümündən sonra təltif olunduğu “Vətən uğrunda medalı” oldu.

… 30 il əvvəl 2 qız övladından sonra dünyaya gəlişində Kamran müəllim körpəyə “düşmənə çəpər oğlum” deyəndə, tanrının qapıları o dəm açıq imiş sən demə… Azğın erməni qəsbkarları ilə döyüşdə, əzəli torpaqlarımızı düşmən tapdağından azad edərkən düşmənə elə çəpər, sipər oldu Vüsal Kazımov. Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid oldu.

Şəhidlik uca zirvədir, ölümlərin ən şərəflisidir…Amma həm də doğmalarını ömürlərinin sonunacan daima için –için sızladan əbədi ayrılıqdır…

Uşaqlığın kimi, bala, ürəyimdə dolanırsan,

Gözlərimdə yaş olursan, qalanırsan, calanırsan,

Hərdən də bir dağ –qəm olub ürəyimdə qalanırsan,

Dağlar kimi başı uca, yaxşı çatdın şəhadətə,

Şəhid balam, bayram sənin, görüş qalsın qiyamətə.

30 yaşlı cənnətməkan…Ad gününə, 30 illik yubileyinə Şəhriyarın şeirindən yaxşı oxşama tapa bilmədim sənə . Oxuduğun universitetdə, çalışdığın kollektivlərdə qısa zaman kəsiyində çox böyük hörmət, ehtiram qazandın, sevdirə bildin özünü hamıya, bizlərə. Sanki ürəyinə damıbmış ki, sonra zamanın çatmayacaq, əcəl macal verməyəcək. İşgüzar, səmimi, qətiyyəti, iradəli kimi tanıdıq, sevdik səni. General Polad Həşimov şəhid olanda cəhbəyə könüllü yazılmaqla sübut etdin ki, Vətən təəssübü hər şeydən irəlidir, şəxsi maraqlardan, qayğılardan çox-çox üstündür. Gözü yollardan yığılmayan ömür gün yoldaşından, ürəyi qübarlı valideynlərdən, iki körpə fidanından da üstündür vətən təəssübkeşliyi, vətəndaşlıq borcu!

Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,

Şəhidlər azadlığın uca heykəl daşıdır.

Şəhidlər məmləkətin , xalqın qan yaddaşıdır,

Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar,

Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Ölməzi ağlamazlar, Kamran Kazımov! Belini dikəlt, əziz həmkarım! İndi sizin çiyinlərinizə təkcə şəhid Vüsalınızın iki ciyərparasını ovutmaq deyil, həm də atalarının adına layiq böyütmək məsüliyyəti düşür, şəhid atası adının ülviliyini, ucalığını yaşatmaq düşür.Şəhid anası qəlbinin ağrısını göz yaşı ilə, ağılarla ovutsa da, siz dik dayanın nə qədər çətin olsa da! Vətəni yaşatmaq üçün vətənin daşına dönmək hamımızın vicdan borcudur. Nə xoş ki, Vüsal bu borcunu şərəflə ödədi. Ödədi ki, yağı düşmən bir daha ana torpağımda at oynatmasın, Paşinyan Cıdır düzündə “Yallı” getməsin.Şəhid oldu ki, qızları vətənində xoşbəxt böyüsünlər, adı ilə fəxr etsinlər. Şəhid oldu ki…

…Vətən sağ olsun!

Esmira İsmayılova

Bənzər yazılar