Milli Elmlər Akademiyasında islahatlar məsələsi rəsmən qaldırıldı – hələlik əsas diqqət əlavə maliyyə vəsaitlərinə yönəldilir…

Uzun illərdir Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) böyük islahatların keçirilməsinə ehtiyac olduğu bildirilirdi. Dəfələrlə müstəqil ekspertlər, AMEA-dan kənarda fəaliyyət göstərən elm adamları bildiriblər ki, Akademiya bir elm qurumu kimi artıq özünün tənəzzül dövrünü yaşayır və yalnız qurumda aparılmalı olan islahatlar onu bir elm təşkilatı kimi bu böhrandan xilas edə bilər.

Ekspertlər qeyd edirdilər ki, bu qurumda fundamental dəyişikliklər olmalıdır.

Əvvəllər AMEA rəhbərliyi müstəqil ekspertlərin, başqa elm xadimlərinin islahat çağırışlarına əhəmiyyət vermirdi, hətta o şəxsləri qərəzli olmaqda, qeyri-obyektivlikdə ittiham edirdi. Amma artıq vəziyyət dəyişib və AMEA-nın daxilindən islahat çağırışları güclənib.

AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin sədri, akademik Dilqəm Tağıyev bu qurumda islahatların qaçılmaz olduğunu və bunun zərurətə çevrildiyini qeyd edib: “Təəssüflə onu da qeyd etmək lazımdır ki, AMEA-nın elmi potensialının tədqiqatları və onların ciddi elmi nəticələri heç də həmişə layiqincə dəstək almır”.

Onun sözlərinə görə, dünya praktikasında fundamental tədqiqatlar əsasən dövlət tərəfindən maliyyə dəstəyi aldığı halda, tətbiqi işlərin böyük hissəsi biznes, özəl sektor tərəfindən maliyyələşdirilir: “Elmi məhsulların yüksək rəqabəti mühitində yalnız o innovasiyalar real gəlir gətirir ki, onların laboratoriyadan istehsala qədər keçdiyi yol (laboratoriya tədqiqatları, texnoloji araşdırmalar, dəyərləndirmə hesablamaları, layihələndirmə işləri, iriləşdirilmiş pilot qurğuları, bir neçə mərhələli sınaqlar və s.) və müddət mümkün qədər qısa olsun. Bu baxımdan AMEA-da aparılan bir çox tətbiq məqsədli tədqiqat vaxt keçdikcə rəqabət qabiliyyətini itirir”.

D.Tağıyev qeyd edib ki, AMEA-nın problemləri mövcuddur, lakin bu heç də o demək deyil ki, AMEA-nın fəaliyyətinin nəticələri görsənmir.

Onun fikrincə, AMEA-nın islahatlara, bütün dünyada olduğu kimi, özəl sektorun və biznesin dəstəyinə böyük ehtiyacı var: “Bununla belə, Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunan elmi məhsuldarlığının böyük hissəsi AMEA-nın payına düşür, hərçənd ki, ölkədə olan elmi işçilərin, elmi təşkilat və müəssisələrin yalnız üçdə biri AMEA-da fəaliyyət göstərir”.

  • “Azərbaycanda ümumdaxili məhsulun hətta 10 faizi belə elmə yönəldilsə

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şəhrində bildirdi ki, uzun illərdir özü və digər alimlər Akademiyada ciddi islahatlar aparılmalı olduğunu gündəmə gətiriblər: “Biz illərdir qeyd edirik ki, elmin idarə olunmasında, dövlətin elmi siyasətinin həyata keçirilməsində yeni baxışlar olmalıdır, islahatlar aparılmalıdır. Ancaq bu islahatlar kosmetik xarakter daşımamalıdır. Təəssüf ki, biz “islahat”ı yalnız söz olaraq eşidirik, hər hansı bir nəticələr görmürük. Açığı, hazırda mən AMEA-dan heç bir islahat gözləmirəm. Nə üçün? Çünki Akademiyada elmin başında duranlar yenə həmin köhnə fikirli, köhnə düşüncəli, bürokratikləşmiş adamlardır. Bu nə qədər belə olacaqsa, biz Azərbaycan elmindən yaxşı heç nə gözləyə bilmərik. Akademiyada bəzi elmi-tədqiqat institutları istisna olmaqla bir sıra sahələrdə elm formal xarakter daşıyır. Müstəqillik illərində Azərbaycan tarixi ilə bağlı xeyli iş görülüb və bunlar təqdirəlayiqdir. Amma əksər sahədə, aparıcı elmi istiqamətlərdə biz təəssüf ki, bu yenilikləri görə bilmirik. Ona görə ki, elm məmurlaşmış, bürokratikləşmiş adamların əlindədir. Həmişə fikrim belə olub ki, elm məmurlaşmış, bürokratikləşmiş adamların rəhbərliyi altında heç zaman inkişaf edə bilməz. Elmdə islahatlar aparılması üçün, ilk növbədə, elmin idarə olunması dəyişməlidir. Elmlə təhsil bir yerdə olmalıdır. Bütün inkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, elm, təhsil və texnologiya bir yerdə olmaldır. Azərbaycan elm sahəsində çox ciddi islahatların aparılmasına ehtiyac var. Söhbət ondan getmir ki, AMEA bağlanmaldır, onun fəaliyyətinə son verilməlidir. Söhbət ondan gedir ki, indiki dövrdə Akademiya özünü doğrulda bilmir. Bu qurumun elmi müəssisələri dövlətin, cənab Prezidentin onlardan gözləntilərini doğrulda bilmirlər. Bir çox hallarda, Akademiyada elmə rəhbərlik edən adamlar absurd bir yanaşma ortaya qoyurlar ki, Azərbaycanda ümumdaxili məhsulun elmdə payı artmasa, elm inkişaf etməyəcək. Sizi əmin edirəm, Azərbaycanda ümumdaxili məhsulun hətta 10 faizi belə elmə yönəldilsə, hazırkı durumda yenə də bu idarəetmə sistemi ilə Azərbaycan elmini inkişaf etdirmək mümkün deyil. Bu yalnız bir qrup insanın şəxsi maraqlarına xidmət edəcək. Bu baxımdan da elmdə inkişafdan söhbət gedə bilməz. Azərbaycanda elm ümumi inkişafın lokomotivi rolunda çıxış etməlidir. Amma Azərbaycanda elm dövlətin ümumi inkişafında  lokomotiv rolunda yer ala bilmir, ümumi inkişafdan qat-qat aşağı pillədə yer alıb. Bu da yalnız onunla bağlıdır ki, dövlətin elm siyasətini həyata keçirən insanlar bu sistemi qura bilmirlər. Ona görə də bu idarəetmə sistemi mütləq şəkildə dəyişməlidir”.

İ.Orucovun sözlərinə görə, ölkə başçısı İlham Əliyev Akademiyada olarkən elmin gələcək hədəflərini açıqlayıb, gözləntilərini dilə gətirib. “Cənab Prezident hər zaman qeyd edib ki, biz inkişaf etmiş ölkələrin səviyyəsinə nəzər salmalıyıq. Dövlət başçısı həmişə elmin həmin ölkələrin inkişafındakı rolunu çox dəqiq, düzgün qiymətləndirib. Qeyd edib ki, həmin ölkələrin inkişafının təməlində məhz elm dayanıb. Amma Azərbaycanda elmin rolu və yeri hardadır? Akademiyanın elmə rəhbərlik edən insanlarının hamısı bürokratikləşmiş, məmurlaşmış insanlardır. Bir velosiped icad edə bilməyən elmi müəssisənin rəhbərinin hansı məntiqlə bahalı maşınlarda gəzməyə ixtiyarı var? Bu, sadəcə olaraq, elmin məmurlaşması, elmin bürokratikləşməsidir. Hər zamanlar, xüsusən də son illər Azərbaycan elminin iqtisadiyyatdan nə qədər geridə qaldığının şahidi olmuşuq. Akademiyaya dövlət, dövlət başçısı hər zaman ən  yüksək səviyyədə qayğı və diqqət göstərib. Gedin baxın, Akademiyanın binaları muzeylərə oxşayır, bu qurumun təchizat məsələsi yüksək səviyyədədir, bura ən bahalı avadanlıqlar alınıb. Amma görək bunlar özünü doğruldurmu, Azərbaycan iqtisadiyyatında elmin payı nə qədərdir? Demək olar ki, heç nədir”.

İ.Orucovun fikrincə, nə qədər ki, Akademiyada elmə rəhbərlik edənlər görüntü ilə, şou xarakterli işlərlə məşğul olacaq, Azərbaycanda elmin inkişafından danışmaq yersizdir, mənasızdır: “O adamların da Akademiyada “islahatlara başlamaq lazımdır” deməsi yalnız boş və mənasız fikirlərdən başqa bir şey deyil. Mən dünyanın müxtəlif ölkələrində elmi mərkəzlərdə, universitetlərdə olmuşam. Gedin baxın, həmin institutların, elmi mərkəzlərin, universitetlərin rəhbərlərinin hərəkətlərinə, davranışlarına, sonra da gəlin Akademiyanın elmi-tədqiqat institutlarının rəhbərlərinin davranışlarına, elm adamı bu qədər məmurlaşmalıdırmı, əlbəttə yox. Elm və təhsilə münasibət fərqli olmalıdır, elmdə gəncləşdirilmə aparılmalıdır. Onlar elmdə gəncləşdirmə istiqamətində hansı işlər görüblər? Heç bir iş görülməyib. Biz illərdir deyirik ki, gəlin diaspor alimləri əlaqələr qurun, diaspor alimləri dünya səviyyəli alimlərdir, onlar dünyanın elmtutumlu ölkələrində, elmi mərkəzlərində çalışırlar, onları cəlb edin, onlarda maraq yaradın. Amma bizim “Biləcəridən o yanda” tanınmayan alimlərimiz onlara qısqanclıqla yanaşırlar. İllərdir deyirəm, dövlət proqramı çərçivəsində, dövlətin vəsaiti hesabına xaricdə təhsil almış gəncləri elmə cəlb edin. Amma bunu etmək əvəzinə, gənclərə qısqanclıq hissilə yanaşırlar. Bu formada isə elmin gələcəyindən danışmaq mümkün deyil” – deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA

Bənzər yazılar