“Qız yükü duz yükü ‘prinsipini şüar edərək valideynlər qız övladlarından tez xilas olmağın çarəsini ailə qurmaqda görürlər.”Tez yerbəyer edək canımız qurtarsın “, “köçürək getsin”

Amma ailə qurmaq ünvanı dəyişmək bir evdən başqa evə getmək deyil. Bir insanın ömrünə, həyatına, taleyinə , ruhuna,hissinə, xəyalına köçmək deməkdir. Çox təəssüflər olsun ki, valideynlər bunu nəzərə almırlar.Biz övladlarımıza (qız ya oğlan ) ailə barədə nə dəcədə düzgün tərbiyə veririk? Ailə qurarkən digər insanı xoşbəxt etməyin gərəkliyini nə dərəcədə öyrədirik? Ailə, bir biri üçün yaşamaq deməkdir. Ailəli insan fədakar, qayğıkeş, öz prinsip və iddialarını arxa plana atmış, qurban verməyi bacarmalıdır.

Dünyadaki bütün problemlər ailədə yaşanır. Bunu dərk etmək lazımdır! Qadın ailədə qənaətcil , ailənin iqtisadi durumunu daim qaydasında saxlayan,1 qəpiyi 100 man kimi dəyərləndirməyi bacaran, yeri gəldikdə isə siyasətçi olmalıdır. Ailəni kənar təsirlərdən qorumağı bacarmalıdır. Biz erkən nikahdan danışırıqsa, burada uşaq və yeniyetmələrin hüquqlarının kobud şəkildə pozulmasından birinci növbədə danışmalıyıq. Burada həm də ciddi qanun pozulmaları baş verir.Hətta, ölkəmizin qanunlarına görə erkən nikaha cəlb edən, şərait yaradan insanlar məsuliyyətə cəlb olunurlar.Təhsildən yayınmış yeniyetmə qız məktəbdən uzaqlaşdırılır, sinif yoldaşları ilə əlaqəsi kəsilir (əks halda məktəb psixoloqu, müəllimlər, rəhbərlik, yoldaşları onu fikrindən döndərə bilərlər). Sözsüz ki, heç bir yeniyetmə qız vaxtsız və səbəbsiz məktəbdən yoldaşlarından ayrılmaq istəməz,təhsilini yarıda qoymaq istəməz. Amma bizdə ailə qanunlarına görə böyüklər uşaqlara nə lazım olduğunu yaxşı bilirlər, valideynlər uşağının pisliyini istəməz,”biz bu ailəni yaxşı tanıyırıq.Maddi durumu yaxşıdır, sonraki dövürdə ailə qurduqdan sonra sən də tanış olarsan uyğunlaşarsan.'” deyə qız övladı üçün düşünməyə belə yer qoymurlar. Həm də valideynlərin sözündən çıxmaq, ağ valideyn olmaq olmaz, prinsipi üzdən iraq ailələrin şüarıdır. Amma hər bir valideynin borcu uşağa düzgün tərbiyə və təhsil verməkdir.

Uşaqlar düzgün tərbiyə və savadın gücü ilə həyatda öz mövqelərini sərbəst aydınlaşdırır, gələcəkdə nəyin yaxşı nəyin pis olmasını, ona nəyin gərəkli olmasını müəyyən edə bilirlər.Təhsil, hər bir insanın həyatının mayakıdır.Təhsili olmayan insanın beyni zülmət gecədir. Erkən nikah, həm də qızların sağlamlığını təhlükə qarşısında qoyur. Beləki vaxtından tez ailə həyatına başlayan qızların orqanizmləri buna hazır olmadığından ciddi problemlər baş verir .Sözsüz ki, erkən nigaha daxil olan qızın erkən ana olma təhlükəsi vardır. Statistika isə göstərir ki, uşaq dünyaya gətirən zaman ana ölümünün böyük faizi az yaşlı anaların payına düşür. Bu çox böyük riskdir. Biz övladlarımızı dəyərləndirməli, hər zaman onların inkişafına şərait yaradmalı, hətta bütün varlığımızla buna çalışmalıyıq. Söhbət heç də ali təhsildən getmir. Hər insanın öz seçimi var. Məktəbi bitirən hər bir yeniyetmə öz bilik və maraq dairəsinə uyğun ixtisas seçimi etmək hüququna malikdir. Bu baxımdan dərzi, aşbaz, kulinar, bərbər, vizajist, toxucu və daha bu kimi sənətlərə yiyələnib, insanlara nümunəvi xidmət göstərə bilərlər. Hazırda cəmiyyətimizin buna ehtiyacı var. Erkən nikaha imza atan qızı ətraf aləmdən təcrid etməyə çalışırlar, çünki yeniyetməlik dövründə haqqını tələb etməyə gücü çatmayan, söz haqqı verilməyən biri illər keçdikdən sonra ona qarşı valideynləri tərəfindən edilən zorakılığı anlayır və illər əvvəl həyatında baş verən bu yanlışlığı düzəltməyə çalışır, təhsilini davam etdirmək istəyir, hər hansı bir peşəyə sahib olmaq istəyir bu zaman münaqişələr baş verir, hədə qorxular, valideynlərin” nə istəyirsən et mən sənə sahib çıxmayacağam!-deyib bir daha evladından imtina etməsi böyük və həll olunmayan problemlərə yol açır. Bu zaman insanın həyatı dözülməz olur, nəticə isə müxtəlif. İntihara cəhd, əksər hallarda intihar, evdən qaçmaq, tanımadığı insanlara sığınma, ana olmağın çox böyük məsuliyyət olduğunu dərk edib, uşaqlardan imtina və s daha qlobal problemlər. Burdan valideynlərə səslənirəm: Əziz valideynlər min əziyyətə qatlaşıb böyütdüyünüz qızlarınızın arzu istəklərini ürəklərində öldürməyin. Hər həyata keçməyən istək insanın yaşam bağlarını qırır, uşaqlarınıza düzgün düşünüb, düzgün istiqamət götürüb, məqsədlərini planlı şəkildə həyata keçirməyi yaxşı -pisi ,haqq-hüququ, ədaləti öyrətməyə çalışın . Yaşadığımız dünya tərəqqiyə, öyrənib inkişaf etməyə açıq dünyadır.

Dövlətimiz savadı olanlara qiymət verir. Ödənişsiz orta, peşə, texniki hətta ali təhsil üçün şərait var ölkəmizdə. Təhsildə yüksək nəticələr göstərən gənclər üçün xaricdə yüksək təhsili belə dövlətimiz öz üzərinə götürür. Təhsil almağa yardım etmək ailəli birinin problemlərini həll etməkdən dəfələrlə asandır. Əks halda isə planlaşdırılmamış övladlar dünyaya gətirir və bir yox bir neçə nəfərin yükünü daşımaq məcburiyyətində qalırsınız, “qolun sınığı boyunundur”-deyib razılaşırsınız. Amma düşünmürsünüz ki, bu dözülməz həyata siz öz ciyərparanızı məhkum etmisiniz. “Qismət” deyib övladınızın mənəvi ölümünə xitam verməyin. Əksər qızlar toy günü mənən məhv olurlar. Buna imkan verməyin. İllər əvvəl həyat verib dünyaya gətirdiyiniz, dünyada ən şirin nemət olan varlığın diri ikən ölümünə fərman verməyin. Övladlarımızı öz planlarımıza uyğun deyil, onların öz arzularının qanadlarında pərvaz etməyə imkan verək. Onlara şəxsiyyət kimi yanaşaq, onların nə istədiyini,nnə düşündüyünü soruşub yalnışlarına düzəliş edək.

Öz yalnışlarımızla onları canlı meyit kimi yaşamağa məcbur etməyək. Sevgi hissini boğmayaq. Sevib sevilən, dəyər verib dəyərləndirilib hörmət, sayğı hiss edərək, gözəl həyat yaşamalarına şərait yaradaq, vəsilə olaq. Onlar xoşbəxt olsun ki, dünyaya gətirdikləri uşaqlar da xoşbəxt olsun,ətrafdakılar da xoşbəxt olsun, biz də həmçinin.

Gülşən Nəhmətova

Bənzər yazılar