Salam hörmətli KİV təmsilçiləri!

Aşağıdakı yazını Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) elan etdiyi müsabiqəyə təqdim etmişdim. Buna səbəb həm KİVDF-də aparılan dəyişikliklərdən sonra məndə bu qurumda obyevtivliyin yaranacağına inam hissi, həm də Azərbaycanın parlaq Qələbəsindən sonra Şuşanın turizm potensialı barədə bilgiləri ictimailəşdirmək idi. Bu mövzuda Şuşa hələ işğal altında olarkən bir sıra layihələrdə iştirak etmiş və zəngin faktları toplamışdım. Bircə erməni vandallarının əlində əsir olan son 28 ilin Şuşası barədə hamı kimi məlumatsız idim deyə, yalnız bu dövrü əhatə edə bilməmişdim. Əslində bu dövrdə Şuşa ancaq dağıntılara məruz qaldığından, turizmdən söhbət açmağa lüzum da yox idi.

Lakin hər sözündə, üslubunda kifayət qədər zəngin faktları ictimailəşdirməyi nəzərdə tutan bu yazı KİVDF-nin heç bir nominasiyasında “özünə yer edə bilməyib”. Nə isə…

Hörmətli həmkarlar!

Heç olmasa sizlər bu vacib faktlarla zəngin, formaca yığcam, lakonik yazını (əlbəttə ki, əlahəzrət KİVDF-nin tələbini nəzərə alaraq çox çətinliklə onu bu intervala sığışdırmışdım) ictimailəşdirin ki, ölkə vətəndaşları oxuyub məlumatlansınlar. Görün zəhmət çəkib nə qədər mənbəni (bir sıra mənbələrin məlumatları bu intervala sığmadığından onları kəsib atmalı olmuşdum) araşdırmışam… Bəlkə “ekspertlər” də, KİVDF təmsilçiləri də oxudu…

 

 

Mövzunun istiqaməti:

İşğaldan azad olunmuş ərazilərimizin turizm potensialı

 

Yazının adı:

Şuşa – turizm və müalicə potensiallı təkrarsız təbiət

Şuşa… İnsanlar, adətən itirdiklərinin gerçək dəyərini onun yoxluğunda daha yaxşı dərk edirlər. Azərbaycanın rəşadətli ordusunun erməni vandalları üzərində BÖYÜK ZƏFƏRİ nəticəsində işğaldan azad edilən bu qala-şəhərimizin hər daş-kəsəyinin, tarixi-memarlıq abidələrinin, bütün dünyanın marağını cəlb edən təmiz havasının, müalicəvi bulaqlarının, təbii landşaftının, əsrarəngiz flora və faunasının turizm və müalicə potensialının dəyərləndirilməsi indi ən ümdə problemlərimizdəndir. Ölkəmizin təbii-strateji nöqtələrindən birində yerləşən, ən gözəl, ən səfalı guşələrindən olan Şuşa və ətraf kəndləri nadir təbiət möcüzələri – İsa bulağı, Turşsu, Səkili bulağı, Soyuqbulaq, Yüzbulaq, Şəmil bulağı, Daşaltı çayı, Şırlan, Kirs dağı, Qırxbulaq, Çarıqbulaq, Topxana meşəsi kimi təbii gözəllikləri ilə yanaşı, məşhur tarixi abidələrdən ibarət 242 turizm obyektlərinə də sahibdir. Təbii ki, Şuşa qalası, Gəncə, İrəvan və Ağoğlan qapıları, Yuxarı və Aşağı Gövhərağa məscidləri, İbrahim xanın qəsri, xan qızı Xurşidbanu Natəvanın evi, Qarabağ xanının vəziri olmuş klassik Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi, indi ermənilər tərəfindən viran qoyulmuş, özündə tariximizin ayrılmaz parçalarını yaşadan digər milli

mədəniyyət abidələri də bərpa olunmaqla xalqımızın və turistlərin öhdəsinə veriləcək.

 

Şərqin konservatoriyası Qərbin nəzərində

 

Məlumat üçün onu da qeyd edək ki, SSRİ zamanında Şuşa şəhərində rəsmən turizmin yaranması 1935-1936-cı illərə təsadüf edir. İlk dəfə Şuşada istirahət evi 1936-cı ildə istifadəyə verilmişdir. Şuşa Pansionatının inşası 1964-cü ildə başa çatır, 1970-ci ildən həmin pansionat mədə-bağırsaq xəstəlikləri üzrə sanatoriya tipində öz fəaliyyətini davam etdirməyə başlayır. Müalicəvi əhəmiyyətli Turşsu bazası isə 1970-ci ildə ölkə vətəndaşlarının, pasiyentlərin ixtiyarına verilir.

Bakıdan 373 km məsafədə yerləşən şəhərin Şuşa adlanmasını tədqiqatçılar buranın təmiz və saf havası ilə əlaqələndirirlər.

Azərbaycana böyük ədiblər, rəssamlar, musiqi xadimləri, görkəmli xanəndələr bəxş etmiş, böyük fəxrlə “Şərqin konservatoriyası” adlandırılan Şuşanı dünyanın daim nəzər-diqqətində saxlayan səbəblərdən biri də onun təkrarsız təbiəti və müalicə potensialıdır. Hələ orta əsrlərdə Şərqə, Azərbaycana səyahətə çıxan avropalı səyyahlar, təbiblər, alimlər, yazıçılar Qarabağı, xüsusilə Şuşanı görməyə can atar, onun təbiətindən və gözəlliklərindən dönə-dönə söz açardılar. Bu barədə məşhur fransız yazıçı-səyyahları Aleksandr Dümanın, Jak de Morqanın, ingilis səyyahla-rından Robert Ker Porterin, Ceyms Moryenin, Robert Burterin, sovet alimlərindən E.İ.Vasil-yevin və başqalarının qeydlərində kifayət qədər yazılmışdır. Beləcə, Şərqin konservatoriyası Qərbin nəzərində məxsusi hörmətə və hərtərəfli əhəmiyyətə malik bir diyar kimi ad çıxarmışdı.

Təəssüf ki, ermənilərin bu torpaqlar uğrunda apardığı çirkin və ədalətsiz müharibələr, yaratdıqları konfliktlər buranın istirahət ünvanı olmasını müxtəlif zamanlarda əngəlləyə bildi. İndi Şuşa işğaldan azad olunsa da, hazırda məhz həmin münaqişənin nəticəsi olaraq nadir gözəlliklər diyarı özünün gerçək mahiyyəti ilə ziddiyyət təşkil edən bir durumdadır. Hətta vəhşi xislətlilər köçüb-qaçdıqları zaman onun Topxana meşəsi kimi təbii gözəllik məkanının bir hissəsini də yandırıb məhv etməkdən çəkinmədilər. Amma Azərbaycanın dilbər guşəsinin bu halı müvəqqətidir. Çünki o meşələri bitirən müqəddəs torpağımız yerindədir, o qala-şəhəri, o tarixi abidələri quran humanist ideallı babalarımızın varisləri artıq Şuşaya qayıdıb və bu fikrimin mahiyyəti özünü çox yaxın zamanlarda göstərəcəkdir.

Şuşa haqqında zamanla yazılanların bir qismini vərəqləyirəm. Görkəmli musiqişünas alim Firudin Şuşinski “Şuşa” kitabında qeyd edir ki, Şuşa istirahət evində dincələnlərin sayı təxminən 60 min nəfərə yaxınlaşıb. Hər yay ölkəmizin müxtəlif guşələrindən və xarici ölkələrdən minlərlə insan bura istirahətə gəlir.

F.Şuşinski kitabda əcnəbi qonaqların bəzilərinin Şuşa barədə təəssüratlarına da yer ayırıb. Məsələn, jurnalist V.Şaxovun yazdıqlarından: “Son illər mən Qafqazın ən yaxşı kurortlarında istirahət etmişəm. Amma Şuşa kimi gözəl yerdə olmamışdım. Mən Şuşanın havasına valehəm. Hətta yayın isti günlərində gödəkçədə və papaqda gəzsəm də tərləmirəm. Mən İsa bulağı və Turşsu bulağına heyran oldum. Cıdır Düzünün gözəlliyinə söz ola bilməz. Nə gözəl xoşbəxtlikdi Topxanada bülbüllərin cəh-cəhlərinə qulaq asıb təmiz havada nəfəs almaq”.

1962-ci ildə 2 saylı istirahət evində yaşamış Kubadan gələn 23 tələbə buranı tərk edərkən ziyarətçilərin kitabında belə qeyd aparmışdılar:

– Kuba xalqı bizim vasitəmizlə bu gözəl yerlərdən, Sera Maestra dağlarını xatırladan Qafqaz dağlarından cox şey öyrənəcək. Buradan biz Şuşanın böyük tarixini aparırıq. Biz kubalılar yaxşı qayğıya və qonaqpərvərliyə görə azərbaycanlılara çox minnətdarıq. Bu qayğıkeşlik ürəyimizdə əbədi məskən salacaq.

Başqa bir qeyddə isə Şuşanın müalicəvi əhəmiyyətindən söhbət açılır: “Şuşanın üstünlüyü ondadır ki, bura xəstəliklərdən zəifləmiş adamların öz sağlamlıqlarını bərpa etmələri üçün çox rahat guşədir. Buradakı istirahət evləri böyük kurortun yaradılmasında əsas baza rolunu oynaya

bilər” – bu sözlərsə Şuşada istirahət etmiş professor K.Yeqorova məxsusdur.

 

Davosdan üstün Şuşa

 

Tibb elmləri üzrə professorlar Hacıbala Bədəlli və Nazim Bədəlov Şuşa kurortunu İsveçrənin dünyaca məşhur Davos kurortu ilə müqayisə ediblər: “Şuşa dəniz səviyyəsindən 1300-1500 metr yüksəklikdə yerləşən orta hündürlüklü dağ kurortlarına aiddir. Şuşanın iqlimi qışda nisbətən soyuq (-3°, +4°), yayda sərin, günəşli (+18°) olur. Hər iki alimin “Turşsu” müalicəvi suyu ilə bağlı qənaətləri də maraqlıdır: “Turşsu kurortunda tənəffüs yollarının, ağ ciyərlərin müəyyən xroniki xəstəliklərini də (xroniki-bronxit) müalicə etmək olar”.

“Şuşa kurortunun ərazisi dekorativ və meyvə ağacları ilə zəngindir. Kurort amilləri kompleksinin xüsusiyyətlərinə, havanın saflığına, təmizliyinə və müalicəvi əhəmiyyətinə görə Şuşa kurortu İsveçrənin Davos kurortu ilə müqayisə edilə bilər” – söyləyən Qafqaz kurortlarının tədqiqatçısı, iqlim xüsusiyyətlərinin mükəmməl bilicisi V.İ.Fiqurovski Şuşanın iqlimini İtaliyanın, İsveçrənin, eləcə də Avropanın məşhur kurortlarının iqlimləri ilə müqayisəli şəkildə öyrənmiş, bir çox parametrlərə görə üstünlüyü Şuşa kurortuna vermişdir.

Onu da qeyd edək ki, SSRİ zamanında Şuşada məktəblilərin yay istirahəti üçün nəzərdə tutulmuş 17 pioner düşərgəsi, respublika üzrə 1 ixtisaslaşmış uşaq sanatoriyası yerləşib. Məktəblilərin yay tətilinə çıxdığı aylarda Şuşanın təbiəti möcüzəvi şərait yaradırdı.

Şuşa haqqında öyrənə bildiklərimizin sonunda SSRİ dönəmindəki bir tarixi fakta da diqqətinizi cəlb etmək istəyirəm. O zaman icra olunan bütün layihələr mütləq Moskvada təsdiqlənib mərkəzlə razılaşdırılmalıydı. Ermənilərsə buradakı turizm, sanatoriya obyektlərinin Stepanakertdə (Xankəndinə-N.Z.) inşa etdirilməsinə çalışırdılar. Bu “niyyətlərini” reallaşdırmaq üçün Moskvadan ekspedisiya qrupları dəvət edirdilər. Belə qrup üzvlərindən birinə 1953-cü ildə akademik Mirəli Qaşqay demişdi: “Tutaq ki, obyektləri Stepanakertdə inşa etdk, bulaq suyunu da boru ilə çəkdirib Stepanakertə gətirdik, bəs Şuşanın havasını Stepanakertə necə gətirəcəyik?!..” Belə bir danılması qeyri-mümkün fakt qarşısında ekspedisiya qrupunun üzvləri sanatoriyanın məhz Şuşada salınması ilə razılaşmağa məcbur olmuşdular.

İndiki düşmən işğalından azad edilmiş Şuşanı isə bütün dünyanın diqqətində olacaq turizm mərkəzlərindən birinə çevirmək imkanımız reallaşmaq üzrədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusilə qeyd etdiyi kimi, Şuşanın dirçəldilməsinə indi daha çox ehtiyac hiss olunur. 28 il insan ləyaqətindən təcrid olunmuş Şuşamızı nəhayət İNSANLIĞIN ixtiyarına, eləcə də ölkə və dünya turizminin sərəncamına verməyimizin zamanı gəlib çatdı.

Nəzirməmməd Quliyev (Nəzirməmməd Zöhrablı)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında K İVDF-nin keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Bənzər yazılar