Hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox çətin olar ki, bu iki məqam üst – üstə düşər. Tariximizi səhifələyəndə görürük ki, xalqımız 1990-cı ilin Qanlı Yanvarını həm faciəli, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı.

Keçmiş Sovet imperiyasının qatilləri öz ordusunu zülmət qış gecəsində fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə yeridərək, əhaliyə divan tutdu. Belə bir ifadə oxumuşdum, “Ədalət yuxuda”, – deyə. Məhz o gecə həqiqətən də ədalət Azərbaycan xalqı üçün yuxuya getmişdi. Necə ki, illərdir bu, belə də davam edir.

“Xalq dözə bilsə də zülmün şərinə,

Yanır gözlərində kini, nifrəti.

Alıb tabutları çiyinlərinə

Allaha göstərir bu cinayəti”.

Günəşin doğmadığı gün – 20 Yanvar, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli bir əməl idi. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər isə qanunsuz həbs olunmuşdur. Həlak olanların arasında qadınlar, uşaqlar, qocalar, həmçinin, təcili yardım işçiləri və hətta milislər olmuşdur. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqını təhqir edərək, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Ancaq niyyətləri gözlərində qaldı. Bizi torpağa gömsələr də, yenidən cücərəcək toxum olduğumuzu bilmədilər.

“Yenə bir ölüb, min yol dirildik,

Qızıl qərənfillər əllərdə min-min.

Şəhidlər önündə bir an dondular,

Fədakar oğullar Rəsulzadənin,

Bayrağı altında dəfn olundular”.

Xalqımız nə qədər faciələr görsə də, bu gün qalib ölkə olmanın qürurunu və haqlı sevincini yaşayırıq. Bu günlərimizi tarixin səhifələrinə qızıl hərflərlə yazmış igidlərimizə, onların ailələrinə, yarım qalmış məhəbbətlərinə, qoxusunu belə ala bilmədikləri övladlarına borcluyuq.

Ah mənim başı bəlalı yurdum! Nə qədər sağalmayan yaran var, Azərbaycanım? Nə qədər kədərin, qəmin var? Neçə İlham və Fərizən, neçə mərd oğlun, qızın var.

 

“Neçə yarım qalmış həyata bayraqsan sən!

“Durun, ağlamayın” vallah, qəm-kədər

Heç vaxt sığışmamış qeyrətimizə.

Bu bayraq altında yaşamaq qədər

Torpağa getmək də şərəfdir bizə!”

Bu il xalqımız 20 Yanvar hadisəsinin 31 – ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.

 

Aynur Əliyeva, BSU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar