Mektebgushesi

Azərbaycanda ali məktəblərə “tədqiqat universiteti” statusunun verilməsi məsələsi yenidən gündəmə gəlib. Belə ki, təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında bildirib ki, ali məktəblərə “təd­qi­qat uni­ver­si­te­ti” sta­tu­su ve­­ril­mə­si üçün ali təh­sil müəs­si­sə­lə­ri qar­şı­sın­da mü­va­fiq tə­ləb­lər qo­­yul­ub və ha­zır­da bu is­ti­qa­mət­də müva­fiq iş­lər gö­rü­lür.

Nazir bildirib ki, bu ba­xım­dan bə­zi ix­ti­sas­laş­dı­rıl­mış uni­ver­si­tet­­lər­də klas­ter­lər ya­ra­dıl­ma­lı, el­mi nə­ti­cə­lə­rin is­teh­sa­la tət­bi­qi sti­mul­­laş­dı­rıl­ma­lı, təh­sil-elm-is­teh­sal əla­­qə­lə­ri­nin sə­mə­rə­li­li­yi yük­səl­dil­mə­li, in­no­va­si­ya­la­rın kom­mer­si­ya­laş­dı­rıl­­ma­sı, təd­qi­qat uni­ver­si­te­­ti­nin ya­ra­dıl­ma­sı ilə bağ­lı qarşıda duran hədəflərə nail olunmalıdır.

Qeyd edək ki, təxminən 3il bundan əvvəl Nazirlər Kabinetinin tərəfindən ali məktəblərə “tədqiqat universiteti” statusu verilməsi üçün tələblər müəyyənləşdirilib. Bu tələblərə görə, ali məktəblərdə fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzinin mövcudluğu, son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsi olmalıdır.

Bununla yanaşı, doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosent olmalı, dissertasiya şuralarının (ən azı 1 şura) fəaliyyət göstərməli, magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası olmalıdır.

“Tədqiqat universiteti” statusunun verilməsi üçün ali təhsil müəssisələri tərəfindən anti-plagiat sistemindən istifadə edilməli, yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən azı 20 qrant alınmalıdır.

Bəs, görəsən, Azərbaycanda ali məktəblərə “tədqiqat universitet”i statusunun verilməsi niyə ləngiyir? Bu status ali məktəblərə hansı üstünlüklər qazandıra bilər?

Dünya təcrübəsi nə deyir?

Qeyd edək ki, bu gün elmtutumlu ölkələr arasında ciddi rəqabət mövcuddur. Sanki bu ölkələr elmi tədqiqat işlərinin aparılması sahəsində bir-biri ilə yarışa giribklər. Əlbəttə bu məsələdə ağıla gələn ilk ölkə dünya ali təhsil sisteminin favoriti sayılan ABŞ olur. Məlumat üçün bildirək ki, ABŞ ali təhsil sisteminə 5000-dən çox kollec və universitet daxildir. Bu təhsil müəssisələri də ayrı-ayrı təsnifatda qruplaşıb. Məsələn, doktorluq dərəcəsi verən universitetlər – bu təsnifata daxil olan

universitetlər hər il ən azı 80 doktorluq dərəcəsi vermiş olurlar. Professional doktorluq dərəcələri  buraya aid edilimir. Bu universitetlərin özləri də apardıqları tədqiqatların səviyyəsinə görə yenidən təsnifata bölünürlər. Məsələn, R 1 (yəni elmi – tədqiqat) universitetlər. Bu qrupa aid olan universitetlər cox yüksək tədqiqat fəaliyyəti olan universitetlərdir. 2019-cu ilin nəticələrinə görə ABŞ-da 131 belə universitet olub. R 2 universitetlər – yüksək tədqiqat fəallığı olan universitetlərdir. 2019-cu ilin nəticələrinə görə ABŞ-da 135 belə universitet var. R 3 professional universitetlər – 20-dən az doktorluq dərəcəsi verən universitetlər. 2019-cu ilin nəticələrinə görə ABŞ-da 161 belə universitet olub.

Magistr dərəcəsi verən kollec və universitetlər də bir neçə qrupa bölünür. Məsələn, M 1- ildə 20-dən az doktorluq dərəci verən, ən azı 200 magistr dərəcəsi verən daha geniş proqramları olan kollec və  universitetlər. ABŞ-da 393 belə kollec və universitet vardır. M 2- ildə ən azı 100-199 master dərəcəsi verən kollec və universitetlər. ABŞ-da 207 belə kollec və universitetlər var. M 3-ildə 50-99 magistr dərəcəsi verən kollec və universitetlər. ABŞ-da 141 belə kollec və universitet vardır.

Bakalavr dərəcəsi verən kollec və universitetlərə gəlincə, bu təhsil müəssisələri ildə bütün bakalavr dərəcəsinin ən azı 10 faizini əhatə edir və 50-dən az magistr dərəcəsi verir. ABŞ-da 991 belə kollec fəaliyyət göstərir.

Ali məktəblərdə tədqiqat laboratoriyaları yox dərəcəsindədir

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov deyib ki, Azərbaycanda elm və təhsilin bir-birindən ayrı fəaliyyət göstərməsi islahatlar prosesini ləngidir:

“Bu çox zərərli bir vəziyyətdir. Biz zaman-zaman qeyd etmişik ki, təhsil və elm vahid mərkəzdən idarə olunmalıdır. Azərbaycanda xüsusilə elmi tədqiqatların idarə olunması keçmiş SSRİ dövründən qalmış bir ənənədir. Yəni elmi fəaliyyət əsasən, Azərbaycan Elmlər Akademiyasında həyata keçirilir. Bu da ona gətirib çıxarıb ki,ali təhsil müəssisələrimizdə demək olar ki, elmi təqdiqat laboratoriyaları, elmi tədqiqat institutları yox dərəcəsindədir. Son illərdə yalnız UNEC-də bu istiqamətdə xeyli iş həyata keçirilib və müəyyən irəliləyişə nail olunub. Digər universitetlər isə yalnız tədrislə məşğuldurlar. Məhz bunun nəticəsidir ki, Azərbaycan universitetləri dünya universitetlərinin reytinq cədvəlində gözə dəymirlər. Çünki universitetlərin reytinqinin müəyyənləşdirilməsi zamanı əsas göstəricilərdən biri kimi nə dərəcədə tədqiqatyönümlü olması götürülür. Amma indiki şəraitdə bizdə ali məktəblərə “tədqiqat universiteti” statusu verilsə belə, mövcud potensial bu fəaliyyəti yerinə yetirməyə imkan verməyəcək. Çünki onların nə maddi-texniki, nə də kadr potensialı yetərli deyil. Bu istiqamətdə ciddi düşünmək lazımdır”.

Xaricdə universitetlər həm tədqiqatdan, həm təhsildən pul qazanırlar

Ekspert vurğulayb ki, Azərbaycanın dünyanın təhsil və elmtutumlu dövləti olmasını istəyirsə, idarəetmədə əsaslı dəyişikliklər edilməlidir: “Hesab edirəm ki, Azərbaycanda Təhsil Nazirliyi olmamalıdır. Bu qurum Təhsil, Elm və Texnologiyalar Nazirliyi ya da Təhsil, Elm və İnnovasiyalar Nazirliyi olaraq formalaşdırılmalıdır. Belə olan təqdirdə, aparılan islahatlar daha yaxşı effekt verəcək. Ən azından elm və təhsil vahid mərkəzdən idarə olunacaq, nəticədə tədqiqat universitetlərinin təşviq edilməsi məsələsi genişlənəcək. Bundan başqa elmi tədqiqatlara ayrılan vəsaitlərin ÜDM-da payının  artırılması məsələsi də burada gündəmə çıxır. Amma bugünki reallıqda elmə ayrılan vəsaitlərin həcminin ÜDM-dəki payını 2 faizə çatdırsaq belə, effektli nəticə ala bilməyəcəyik. Biz keyfiyyəti atırmaq istəyiriksə, problemə bir neçə prizmadan yanaşmalıyıq. Belə ki, həm maddi-texniki bazanı gücləndirməliyik, həm potensiallı, savadlı gənclərin elmə cəlb olunmasına çalışmalıyıq, onların potensialının artırılması üçün elmtutumlu ölkələrdə təcrübə keçməsinə imkan yaratmalıyıq və s.Yəni, bu məsələnin reallaşmasını ləngidən problemlər çoxdur. Digər tərəfdən bilirsiniz ki,hazırda universitetlər özünümaliyyələşdirmə mexanizmi əsasında fəaliyyət göstərirlər. Demək olar ki, ali məktəblərin əsas gəlir yeri tələbələrin ödədiyi təhsil haqqıdır. Bu da demək olar ki, müəllimlərin əməkhaqqına ödənilir. Amma xaricdə universitetlər həm tədqiqatdan, həm təhsildən pul qazanırlar, universitetlərin çox ciddi texnoparkları var, istehsalla birbaşa əlaqəlidirlər. Yəni, universitetlərin ortaya qoyduğu elmi məhsul, innovasiyalar birbaşa istehsalata yönəlir. Məsələn, Amerika universitetlərinin dünya universitetlərinin reytinq cədvəlində ön sıralarda olmasının əsas səbəblərindən biri tədqiqatyönümlü olmasıdır. Çünki Amerika universitetləri həm tədqiqatla, həm də tədrislə məşğuldurlar. Tədris universitetin fəaliyyətinin bir hissəsidir. Hazırda dünyada elmtutumlu ölkələr xüsusilə Amerika, Yaponiya, Çin, Qərbi Avropa ölkələri hesab edilir. Bu ölkələrin hər birinin təcrübəsi çox yaxşıdır. Amma həmin təcrübəni Azərbaycanda tətbiq etmək üçün mütləq şərait olmalıdır. Tutaq ki, UNEC-də bu istiqamətdə işlər aparılır. Amma UNEC elə bir universitetdir ki, daha çox ictimai elmlər üzrə fokuslanıb. Əgər bu istiqamətdə Texniki Universitetdə iş aparılmalı olsa, bu böyük vəsait tələb edəcək. Çünki böyük laboratoriya şəbəkəsi, böyük tədqiqat mərkəzləri qurulmalıdır. Eyni zamanda, böyük təcrübə sınaq mərkəzləri yaradılmalıdır. Bunun üçün də xeyli vəsait lazımdır. Düzdür, bir müddət əvvəl ölkə Prezidenti tərəfindən AMEA-nın maddi-texniki bazasının təkmilləçdirilməsi üçün vəsait ayrıldı. Amma elmlə təhsil ayrı olduğundan ayrılan vəsaitin də heç bir effekti olmadı. Yəni, görüntü xətrinə elm var, elmin effektivliyində söhbət gedə bilməz. Biz indi Amerika universitetlərini misal çəkirik. Bu ölkə nəinki MDB məkanına daxil olan ölkələrdən, dünyanın hər yerindən istedadlı gəncləri elm mərkəzlərinə toplayaraq yüksək məbləğdə qrant verir. Bizdə isə gənclər elmdən uzaq düşüb. Düzdür, Amerika ilə bizim imkanlarımız eyni deyil. Amma biz unutmamalıyıq ki, elmə qoyulan sərmayə uzun bir müddət ərzində həmin ölkənin həm hərbi, həm də iqtisadi qüdrətini artırır. Bütövlükdə isə universitetlərin səviyyəsi yüksəlir. Təsadüfü deyil ki, məhz bu səbəbdən dünyada Amerika universitetləri ilə rəqabət apara biləcək universitetlər hələ də yoxdur”.

Bənzər yazılar