Martın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib. Onlayn formada Microsoft Teams platforması vasitəsilə təşkil edilən iclası giriş sözü ilə açan universitetin rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov gündəlikdəki məsələləri şura üzvlərinin diqqətinə çatdıraraq ötən dövr ərzində pandemiya şəraitində tədrisin təşkili və tələbələrin ictimai-sosial aktivliyi, inzibati idarəetmə sahəsindəki fəaliyyətlər, Vətən müharibəsində şəhid və qazi olan ADPU-nun tələbə və məzunları və onlarla bağlı görülən işlərdən geniş məlumat verib. Rektor ADPU-nun “2018-2021-ci illər üçün İnkişaf Strategiyası” çərçivəsində son 3 il ərzində icra edilən, yekunlaşan hazırda icrası davam edən, o cümlədən görüləcək işlər haqqında məlumat verib, universitetin maddi – texniki resurslarının səmərəli istifadəsi məsələlərinə toxunub.

Müəllim peşəsinin nüfuzunun artırılması yönündə aparılan sistemli dövlət siyasəti nəticəsində bu sahədə ADPU-nun da böyük irəliləyişlər əldə etdiyini vurğulayan prof. C.Cəfərov hazırda universitet tələbələrinin təxminən 70 faizinin təqaüd aldığını bildirərək həmçinin davamlı optimallaşdırmaların davam etdirilməsinin önəmini vurğulayıb.

Universitetdə yeni tədris metod və texnologiyalarının tətbiq olunduğu eksperimental qrupların faydaları, elektron kitabxananın yenilənmiş və daha funksional variantı üzərində iş, o cümlədən beynəlxalq əməkdaşlığın əhatə dairəsinin artırılması məsələləri də rektorun çıxışında xüsusilə qeyd olunub.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov uğurla yekunlaşan onlayn qış imtahan sessiyası haqda hesabat çıxışı edərək bəzi statistik təhlilləri də şura üzvlərinin diqqətinə çatdırıb. ADPU-da cari tədris ilinin qış imtahan sessiyası 11 yanvar – 11 fevral 2021-ci il tarixləri aralığında təşkil edilib. E.Aslanov bildirib ki, qış imtahan sessiyasına buraxılan bakalavr və magistrantların sayı ümumilikdə 13759 nəfər olmuşdur ki, onların da 10200 nəfəri (onlardan 182 nəfəri imtahanlarda iştirak etməmiş, 42 nəfəri imtahandan kəsilmişdir. Həmçinin ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) 159 nəfər imtahanlarda iştirak etməmiş, 325 nəfər imtahandan kəsilmişdir.) Bakı şəhərindəki kampuslarda, 3559 nəfəri (onlardan 68 nəfəri imtahanlarda iştirak etməmiş, 154 nəfəri imtahandan kəsilmişdir.) bölgələrdəki filiallarda təhsil alanlardır. İmtahan Qərargahına elektron qaydada 145 müraciət daxil olmuşdur ki, hər bir müraciət araşdırılaraq müvafiq qərarlar qəbul edilib. E.Aslanov həmçinin qış imtahan sessiyası ilə bağlı tələbələrlə aparılan onlayn sorğunun nəticələrini elan edərək, sorğuda 614 tələbənin iştirak etdiyini bildirib.

Daha sonra qarşıdakı yaz semestrində qarşıda duran vəzifələr və imtahan sessiyasına hazırlıqla bağlı məlumat verən E.Aslanov bildirib ki, cari semestr ərzində aralıq qiymətləndirmə,

kollekvium, kurs işi və sərbəst işlər icra edilməli, imtahanqabağı müvafiq giriş balı toplanılmalıdır, o cümlədən Təhsil Nazirliyinin müvafiq göstərişləri nəzərə alınaraq qaib limiti bu semsertdə 50% həcmində müəyyən edilir. Qarşıdakı yaz imtahan sessiyası haqqında yekun qərar may ayında elan olunacaq, lakin fors-major hallar yaşanmazsa, hazırda imtahanların şifahi-onlayn qaydada təşkili nəzərdə tutulur.

Çıxışında tələbələrin təcrübə keçmələri haqqında danışan prorektor bildirib ki, hazırda universitetin 4488 nəfər tələbəsi onlayn qaydada təcrübəyə cəlb edilib. Hazırda orta ümumtəhsil məktəblərində mövcud karantin rejiminin tələblərinə uyğun olaraq əyani təcrübənin təşkili hələ ki, mümkün deyil, lakin təcrübəçi tələbələr üçün onlayn qaydada bütün şərait yaradılır.

E.Aslanov universitetin məzunlarının əmək bazarında məşğulluq nisbəti haqqında hesabatı təqdim edərək ümumi statistik mənzərəni diqqətə çatdırıb. Belə ki, ADPU-dan 2019/2020-ci tədris ilində Bakı kampusları üzrə 2099 nəfər bakalavriat səviyyəsindən məzun olub ki, onların 14 %-i magistraturaya qəbul olunub, 7,1 %-i həqiqi hərbi xidmətə yollanıb, 61.7 %-i (1650 nəfər) isə əmək bazarına çıxıb. Əmək bazarına çıxan məzunların 41 %-i (677 nəfər) Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında iştirak etmişdir ki, onların 51,2 %-i 50-60 bal arasında nəticə göstərib, 64 %-i ixtisası üzrə işə qəbul olunub. Digər məzunların əksəriyyəti dövlət və özəl sektorda fəaliyyətə başlayıb. Məzunlardan 52 nəfəri Vətən müharibəsi iştirakçısıdır. Ümumilikdə, əmək bazarında çıxan məzunların 51,5 %-i (851 nəfər) hazırda işləyir. ADPU-nun filialları üzrə bakalavriat səviyyəsindən ümumilikdə 674 nəfər məzun olub ki, onlardan 3,5 %-i magistraturaya qəbul olunub, 7,4 %-i həqiqi hərbi xidmətə yollanıb, əmək bazarına çıxan 89 % (600 nəfər) məzunların 51,3 %-i (308 nəfər) əsasən ixtisasları üzrə olmaqla işləyirlər ADPU-nun magistraturasından 294 nəfər məzun olub ki, onlardan 144 nəfəri (49 %) müxtəlif sahələrdə işləyirlər. Ötən tədris ilində ADPK-nın 581 nəfər məzunundan 236 nəfəri (43,4 %) işləyir.

Çıxış edən Ümumi işlər üzrə prorektor Tural Cəlilov qış imtahan sessiyasında Apellyasiya Komissiyasının haqqında ətraflı məlumat verərək qeyd edib ki, ümumilikdə 391 nəfər tələbə apellyasiya müraciəti edib. Onların 336 nəfərinin müraciətlərinə öz iştirakları ilə onlayn qaydada baxılıb, nəticələr protokollaşdırılıb. Tələbələr nəticələrdən razı qalıblar. Apellyasiya baxışlarının videoyazısı arxiv materialı kimi saxlanılıb. 55 nəfər tələbə apellyasiya baxışından əvvəl ərizəsini geri götürüb. T.Cəlilov müəllimlərə və dekanlıqlara komissiyasının işinə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Ardınca şuranın gündəliyindəki cari məsələlərə baxılıb. Şura pandemiya şəraitində işlənən dissertasiyaların müdafiəyə buraxılması məsələsini müzakirə edib, dissertant və doktorantların mövzularını təsdiqləyib. Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov elmi və tədqiqat işlərinin yazılmasının yeni qaydaları haqda ətraflı məlumat verərək yeniliklərin

universitetdə aparılan elmi tədqiqatların daha da inkişaf etdirilməsi və praktikliyinə əsas verəcəyini vurğulayıb.

Cari məsələlər üzrə müzakirələrdə həmçinin müəyyən struktur təkmilləşdirilmələri haqqında Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev təqdimatla çıxış edib. Təqdimata əsasən “İctimaiyyətlə əlaqələr və marketinq” şöbəsi ləğv edilərək “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinə birləşdirilir və yeni yaradılan şöbə “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” şöbəsi adlandırılır. Qərar layihəsi elmi şura tərəfindən yekdilliklə qəbul elilərək yeni təşkil edilən “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” şöbəsinin yeni struktur və əsasnaməsi təsdiq edilib.

Elmi Şuranın iclası ümumi məsələlər ətrafında müzakirələrlə davam etdirilib, perspektiv təkliflər dinlənilib. Sonda prof. C.Cəfərov çıxış edərək şuranın işinin səmərəli keçdiyini bildirib, iştirakçılara təşəkkürünü bildirib.

Bənzər yazılar