100 illiyini qeyd edən doğma universitetimizin əziz qadın əməkdaş və müəllimləri, xanım tələbələri! Sizləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə cəmiyyətimizin çiçəklənməsi naminə gələcək fəaliyyətlərinizdə uğurlar, möhkəm cansağlığı və şəxsi səadət arzulayıram.

Zəngin mədəni-ictimai irs yaratmış istedadlı Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin yaşadılması və ötürülməsində, yetişən nəslin geniş dünyagörüşlü, vətənpərvər şəxsiyyət kimi tərbiyə edilməsində Azərbaycan qadınının rolu böyükdür. Bu tərbiyənin nəticəsidir ki, analarımızın yetişdirdiyi igid gənclərimiz şanlı Vətən müharibəsində göz qırpmadan öz canlarından keçmək bahasına torpaqlarımızın bütövlüyünü bərpa etdilər, doğma Qarabağımızı yenidən bizə qaytardılar. Şübhəsizdir ki, bu təbrikin ən ali ünvanı mərd şəhid anaları, xanımları, bacıları və qızlarıdır! Onların içərisində elmi-pedaqoji və tələbə heyətinin böyük qismini qadınların təşkil etdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin də əməkdaş və tələbələri yer alır. Digər yandan ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu, hərbi tibb qulluqçusu, Vətən müharibəsinin ilk və yeganə qadın şəhidi Arəstə Baxışovanın xatirəsini ehtiramla yad edirəm.

Tarixi zəfərin memarlarından olan qadınlarımız, eləcə də cəmiyyətin elmi, ictimai-siyasi həyatında getdikcə daha aparıcı yer tuturlar. Hələ 103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən müsəlman Şərqində ilk dəfə seçmək və seçilmək hüququ əldə edən Azərbaycan qadını bu gün də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasət nəticəsində ən uca zirvələri fəth edir, cəmiyyət həyatının aparıcı qüvvəsi qismində çıxış edir. Bunun bariz nümunəsi bu ilin 11 fevral tarixində ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatındakı tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çıxışıdır.

Cari ilin 6 mart tarixində Prezident cənab İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarının təltif edilməsi və onlara fəxri adların verilməsi haqqında sərəncamlar imzalaması qadınlara göstərilən diqqətin daha bir nümunəsidir.

Bu gün cəmiyyətin təməli olan təhsil sahəsində çalışanların da böyük əksəriyyətini qadın müəllimlərimiz təşkil edir. Bu prosesdə ADPU-nun qadın məzunları xüsusi çəkiyə malikdir. Onlara müqəddəs peşələrində uğurlar, nailiyyətlər və əzmkarlıq arzu edirəm.

Əziz xanımlar!

Sizləri bir daha ürəkdən təbrik edirəm.

Bayramınız mübarək!

Bənzər yazılar