Mektebgushesi

Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev iki beynəlxalq mükafata layiq görülüb.

Universitetdən bildirilib ki, professor dünya elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Avropa Ordeni” ilə təltif edilib.

Qeyd edək ki, İctimai Mükafatlar Şurası (UNCOPA) İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən və dünya miqyaslı alimləri müxtəlif nailiyyətlərinə görə dəyərləndirən qurumdur.

Professor S.Əliyev bu günlərdə həm də Beynəlxalq Elmlər Akademiyasının (BEA) həqiqi üzvü seçilib. ATU-nun prorektoruna artıq təşkilatın diplomu da təqdim olunub. Diplom BEA-nın prezidenti, professor Uolter Kofler və qurumun Azərbaycan bölməsinin rəhbəri Elçin Xəlilov tərəfindən imzalanıb.

Qeyd edək ki, BEA 1984-cü ildə iki dəfə Nobel mükafatı laureatı Linus Paulingin təşəbbüsü ilə yaradılıb və onun təsisçiləri dünya miqyasında görkəmli siyasi, ictimai xadimlər olan 119 Nobel mükafatı laureatıdır.

BEA Azərbaycan Bölməsi isə Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə yaradılıb.

 

 

Bənzər yazılar