Dərc olunub: 30.03.2021

 

Martın 30-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun (AR Tİ) direktoru Rüfət Əzizov Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) işgüzar görüşdə olub. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, rektorun müşaviri Ümid Mehdiyev və Magistratura və doktorantura şöbəsinin müdiri professor İbrahim Bayramov iştirak edib.

ADPU-nun rektoru prof. C. Cəfərov qonağı salamlayaraq Təhsil İnstitutu ilə ADPU arasında elmi-pedaqoji sahədə uzun müddətdir davam edən əməkdaşlıq və ortaq layihələrin icrasından söz açıb, hazırda da STEAM, inklüziv təhsil sahəsində tədris modullarının və təlim-metodiki vəsaitlərin hazırlanması sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib.

Təhsil İnstitutunun direktoru R.Əzizov da öz növbəsində yüksəksəviyyəli qarşılamaya görə təşəkkür edərək Pedaqoji Universitetin ölkəmizdə təhsilin məzmunu və metodikası, o cümlədən müasir təhsil islahatlarında önəmli elmi-metodiki mərkəz olduğunu və müəllim hazırlığının bayraqdarı olaraq müasir pedaqoji araşdırmaların tətbiqi ilə yeni tipli müəllimlər yetişdirdiyini qeyd edib. R. Əzizov çıxışında ADPU ilə çoxşaxəli elmi-pedaqoji əməkdaşlığın verəcəyi faydalara toxunub.

Çıxış edənlərdən prof. A. Zamanov və dos. E. Aslanov bakalavriat səviyyəsində tədrisin təşkilinin müasir metodları, müvafiq sahələr üzrə tədris modullarının tətbiqi, magistatura və doktorantura səviyyəsində yüksəkixtisaslı pedaqoji kadrların, metodistlərin hazırlanması ilə bağlı öz fikirlərini bölüşüblər.

Görüşdə ümumilikdə ADPU və AR Tİ arasında qarşılıqlı əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Hazırda qurumlar arasında icra olunan bir neçə ortaq layihələrin gedişindən məmnunluq ifadə edilib.

ADPU-nun Mətbuat Xidməti

Bənzər yazılar