Bakımızdan Göyçəmizə boylanan

dosent Elçin Yusif oğlu Əhmədovun 60 yaşına gözaydınlığı

Sözə körpü

İlk tanışlığımızı – 1980-ci illərin əvvəllərini yaxşı xatırlasam da, nədənsə həmişə mənə elə gəlib ki, Elçinlə bir kənddə, bir məhlədə, hətta qonşu evlərdə böyümüşük…

Bakı Dövlət Universitetinin birinci kursunda baş tutan birinci görüşümüzdən bizi az qala qırx ilə yaxın vaxt ayırır…

Yox, “ayırmaq” məsdəri bu məqamda o qədər də yerinə düşmür… Çünki ötən illərin fəsilləri, ayları, günləri bizi mənən birləşdirdi…

Universitetdə ayrı-ayrı qruplarda oxusaq da hərəmiz bir qrupun nümayədəsi idik.

Auditoriyalarda çox vaxt yanaşı əyləşdik…

Yataqxanada otaq yoldaşı olduq…

Şənbə-bazar günləri Elmlər Akademiyası metrosundan Dənizkənarı bulvara, ordan da tələbə şəhərciyinə piyada birlikdə gedib-gəldik…

Ara-sıra davaya bir yerdə düşdük, bir-birimizə arxa-dayaq olduq…

Yay semestrlərində tələbə inşaat dəstəsinin tərkibində Krasnodara, Tümenə, Surquta birlikdə getdik…

Yataqxanada qaldığımız 1980-ci illərdə onun tövsiyəsi ilə bədahətən düzüb-qoşduğum, saz çalıb danışdığım, qoşmalar-gəraylılar söylədiyim ilk kiçik dastanı maqnitafon lentinə yazdırıb Göyçəyə aparan, məni orada tanıdan da Elçin olub…

Onu da xatırlayıram ki, “Bakı Universiteti” qəzeti redaksiyasının nəzdində mənim rəhbərliyimlə fəaliyyət göstərən “Şölə” ədəbi birliyində ən fəal üzvlərdən biri də Elçin Əhmədov idi. Yox, o, şeir və ya hekayə yazmırdı. Mənə, birliyimizə mənəvi dəstək olurdu…

Hələ Hüseyn Arif, Tofiq Bayram, Cabir Novruz, Abbas Abdulla, Zəlimxan Yaqub və başqa tanınmış qələm adamları ilə macəralı görüşlərimizi demirəm…

Bakı Dövlət Universitetində, Filarmoniyada, Opera Teatrında, Dram Teatrında, Musiqili Komediya Teatrında, Aktyorlar Evində keçirilən bir tədbiri də boşuna vermirdik…

Məzun kimi bir müddət Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında əmək fəaliyyətinə başladıq: o, metodist kimi, mən redaktor kimi… Yeri gəlmişkən, Elçin Əhmədovun 1990-cı illərin əvvəllərində uşaq və məktəb kitabxanalarına kömək məqsədi ilə yazdığı ilk metodik vəsaitlərin redaktoru da mən olmuşam…

Sonra mən “Mübarizə” qəzetinin baş redaktou olanda onu müxbirliyə cəlb etdim. Az sonra şöbə müdiri oldu… Aktual mövzularda maraqlı yazılar yazıb dərc etdirdi…

(Çox adamın bilmədiyi bir yaddaş saxlancı: biz tələbə olanda BDU-da ictimai müxbirlər fakültəsi fəaliyyət göstərirdi. Hər ikimiz ora daxil olduq. Amma sonralar nədənsə Elçin bu kurslara müntəzəm gəlməkdən vaz keçdi…).

1990-cı illərin əvvəllərində Azərbaycan kitabxanaçılarının müəllimi, kafedra müdirimiz professor Abuzər Xələfov mənə müraciətlə söylədi ki, enerjili, təşəbbüskar, cavan bir kadr lazımdır. “Kimi dəvət edə bilərik?” – deyə soruşdu. Tərəddüd etmədən Elçin Əhmədovun adını çəkdim. “Respublika Uşaq Kitabxanasına metodika şöbəsinin müdiri işləyir”, – dedim. Namizədimi bəyəndi. Dedi, yəqin orada maaşı çox olar, amma burada az olacaq. Çalış, qılığına gir, dostunu razı sal, qoy gəlsin. Elə həmin gün Elçinlə danışıb razılığını aldım. Səhər gəldi, Abuzər müəllimlə söhbətləşdi. Məsələ müsbət həll olundu…

Eyni kafedrada iş birliyimiz başladı…

Elçin tələbəlikdən indiyəcən mənim poetik yaradıcılığımın ilk oxucusu, ilk rəyçisi və ilk təbliğatçısı olub. Bəzən onu narahat edən mövzulara əsər həsr etməyimi də məsləhət görüb. Mən də ona bir neçə şeir yazmışam. Bu şeirlərdə bizi birləşdirən mənəvi dəyərlərimiz, torpaq nisgili, Vətən həsrəti duyğuları öz əksini tapıb…

Ötən illərin uğurları

Elçin Yusif oğlu Əhmədov 15 aprel 1961-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Dərə kəndində ziyalı ailəsində anadan olub.

Orta məktəbi 1978-ci ildə bitirib. Sonra bir il Dərə kənd kitabxanasına müdirlik edib.

1979-1981-ci illərdə hərbi xidmətdə olub.

1983-1988-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb.

1989-cu ildə Moskva şəhərində Ümumittifaq Mədəniyyət İşçilərinin Təkmilləşmə İnstitutunda ixtisasını artırıb.

1988-1993-cü illərdə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında baş metodist, metodika şöbəsinin müdiri vəzifələrində çalışıb.

1994-1998-ci illərdə Kitabxanaçılıq fakültəsi üsrə aspiranturada təhsili alıb.

2000-ci ildə professor Abuzər Xələfovun elmi rəhbərliyi ilə “Azərbaycanda uşaqlara kitabxana xidmətinin təşkili (1901-1995)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 2009-cu ildən dosentdir.

Uzun illər Kitabxanaçılıq-informasiya fakültəsində magistratura və elmi işlər üzrə dekan müavini kimi səmərəli fəaliyyət göstərib.

1994-cü ildən BDU-nun Kitabxanaşünaslıq kafedrasında işləyən dosent Elçin Əhmədov 2018-ci ildən həmin kafedranın müdiridir.

Hazırda “Müstəqillik illərində Azərbaycanda uşaqlara və gənclərə kitabxana xidməti” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

Uzun illərdən bəri bakalvriat və magistratura səviyyələrində ixtisas fənlərindən mühazirə və seminar dərsləri aparır.

Dosent Elçin Əhmədov elm və təhsil sahəsində xidmətlərinə görə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunub, Təhsil Nazirliyinin və BDU rəhbərliyinin Fəxri fərmanlarına layiq görülüb…

Bir ailə kimi

…1980-ci illərin sonlarında Qarabağı ələ keçirmək istəyən mənfur ermənilər soydaşlarımızı indi Ermənistan adlandırılan qədim oğuz yurdundan da didərgin saldılar. O zaman Elçingilin ailəsi də Azərbaycana pənah gətirdi. Bakıda, Bakıxanov qəsəbəsində məskunlaşdılar. Əslində həmin yay Elçinlə birlikdə Göyçəyə getməyi planlaşdırmışdıq… Evlərində də bilirdilər… Amma sən saydığını say, gör qarı düşmən nə sayır…

Bir gün şəhərdəki evlərinə getdik. Ailəsi ilə üzbəüz tanışlığımız başladı. Onsuz da məni qiyabi tanıyırdılar. Ona görə tez isinişdik. Atası Yusif müəllim, anası Qəmər xanım mənə o qədər qayğıkeşliklə yanaşırdılar ki, özümü doğma evimizdəki kimi hiss edirdim. O gündən ayağım açıldı… Bəzən gecə də onlarda qalırdım… Qardaşları Cəlaləddin, Cəmaləddin, Babək, Abbas qardaşlarım, bacısı Mərziyyə bacım oldu. Bir məclis olan kimi süfrələrinin başında idim… Yusif müəllimin ağayana sağlıqları, duzlu-məzəli söhbətləri, Qəmər ananın dadlı-ləzzətli xörəkləri, doğmalaşan bacı-qardaşlarımın ilıq münasibəti ünsiyyətimizi möhkəmləndirdi…

Onu da deyim ki, Yusif Əhmədov hələ sovet hakimiyyəti illərində Dərə kənd məktəbinin direktoru işləyib. Sonra Pəmbək kənd sovetinin sədri olub. 1988-ci ildən ömrünün sonuna qədər Azərbaycan Qaçqınlar Cəmiyyətində şöbə müdiri idi…

İş elə gətridi ki, Elçin də ara-sıra Bakıya gələn atam İlyas Hasanpaşa oğlu ilə tanış oldu. Tez dil tapdlar. Anam Bağda ilə ara-sıra telefonla danışıb, kef-əhvalını soruşdu. Polkovnik qardaşım Şahbazla aralarında səmimi münasibət yarandı… Onların hər üçü son nəfəslərinə qədər hər görüşümüzdə məndən Elçini soruşurdu…

Bizim təmənnasız, səmimi dostluğumuz ailələrimizi də bir-birinə yaxınlaşdırdı…

Toy əhvalatı

Sizə bir sirr açım:

1990-cı illərin əvvəllərində axır ki, Elçin məndən ibrət götürüb (mən ondan nə az, nə çox, düz 3 ay 20 gün böyüyəm!) subaylığın daşını atmaq qərarına gəldi. Sevib-seçdiyi qız – Könül xanım da elə öz tələbəmiz idi. Yaddaşım məni aldatmırsa, onu rəfiqəsi ilə “Mübarizə” qəzetinin redaksiyasına gələndə görüb bəyənmişdi…

Toy günü doğmalarla birlikdə mən də gəlinimizi gətirmək üçün Gədəbəyə gedəsi oldum. Biz ora çatanda məclis təzəcə başlamışdı. Yenicə əyləşmişdik ki, sözü Bakıdan gələn qonaqlara verdilər. Yusif müəllim məni irəli çəkib: “Sən söz adamısan, gəl bizi təmsil elə” – dedi. Mikrafonu alıb poetik bir təbrik sağlığı söylədim… Əyləşmək istəyəndə dedilər ki, tamada aradan çıxıb. Deyib ki, bu şairin yanında mən tamadalıq eləyə bilmərəm… Beləcə, oldum Elçinin toyunun tamadası… Gözəl bir məclis keçdi… Gəlinimizi də götürüb gəldik Bakıya… Dostlarla, doğmalarla səhərə qədər bəylə gəlinin şərəfinə sağlılar söylədik, xeyir-dua verdik…

İndi xatirəyə dönən o maraqlı hadisədən illər keçib. Elçin müəllimlə Könül xanım iki igid oğul böydürlər. Ata-analarına layiqli övlad olan Elminlə Zamin tələbədirlər. İnşallah, onların toyunda da əmi kimi iştirak etmək mənəvi borcum olsun!..

Elmi əsərlərin işığı

Dosent Elçin Əhmədovun indiyə qədər 5 kitabı, 50-dən çox elmi məqaləsi çapdan çıxıb.

Onun “ABŞ və Rusiya kitabxanalarının iş təcrübəsində uşaq mütaliəsi məsələləri” (2005), “Dünya milli kitabxanaları” (2008), “Uşaq və gənclərin kitabxana-informasiya təminatı” (2016), “Multikulturalizm kitabxana-informasiya fəliyyətində” (2019) və s. kimi metodik göstəriş, tədris metodiki vəsaiti, dərs vəsaiti və monoqrafiyaları mütəxəssislərin marağına səbəb olub. Həmin kitabların ya ön söz müəllifi, ya rəyçisi, ya da redaktoru olmaq məsuliyyəti isə mənim boyuma biçilib.

Alim “Özəl ali məktəb kitabxanalarında informasiya xidmətinin bəzi xüsusiyyətləri”, “Kitabxanaşünaslığın tədqiqində fəlsəfi amillər”, “Müasir kitabxanaşünaslıqda model anlayışları”, “Qlobal informasiya məkanı və müasir kitabxanaşünaslıqda mütaliənin yeni təzahürləri”, “Biliklər cəmiyyəti kitabxana işinin modernləşdirilməsinə təsir edən amil kimi”, “Kitabxana işinin hüquqi təminatında beynəlxalq əməkdaşlığın rolu”, “Multikulturalizm ənənələri kitabxana-informasiya infrastrukturunda” və digər elmi məqalələrini kitabxanaşünaslıq elminin nəzəri və təcrübi ənənələri aspektində qələmə alıb, mühüm elmi ümumiləşdirmələr aparmağa nail olub.

Onun uşaq mütaliəsinə rəhbərliyin xüsusiyyətləri, uşaq və məktəb kitabxanalarında audiovizual xidmət işinin məktəb proqramı ilə əlaqələndirilməsi, ölkəşünaslığa dair məlumat-biblioqrafiya aparatının təşkili metodikası, ölkəşünaslıq kataloq və kartotekasının təşkili metodikası və s. kimi mövzulara həsr etdiyi elmi məqalələr rəğbətlə qarşılanıb.

Bəllidir ki, böyüməkdə оlаn nəslin əsl vətəndаş kimi fоrmаlаşmаsı və hərtərəfli inkişаf еtmiş şəхsiyyətlər kimi yеtişməsi prоsеsi cəmiyyətin və dövlətin diqqət mərkəzindədir. Hələ 1990-cı illərin ortalarında ulu öndər Hеydər Əliyеv üzünü gənc nəslin nümayəndələrinə tutaraq belə dеyir: “Bizim bоrcumuz gənclərə dаhа çох qаyğı göstərməkdən, оnlаrın təhsil və tərbiyəsi işini, yаşаyış şərаitini dаhа dа yахşılaşdırmаqdаn və gələcək nəsil üçün dаhа yахşı həyаt qurmаqdаn ibаrətdir. … Bu, bizim və şəхsən mənim аli məqsədimdir… Sizin bоrcunuz yахşı təhsil, tərbiyə аlmаqdаn, öz istеdаdlаrındаn səmərəli istifаdə еtməkdən, həyаt fəаliyyətinə, gələcəyinizə yахşı hаzırlаşmаqdаn, öz əхlаqınızlа, təhsilinizlə, tərbiyənizlə vаlidеynlərinizi, cəmiyyətimizi və bizi sеvindirməkdən ibаrətdir… Mən inаnırаm ki, Аzərbаycаnın bu gün yеtişən gənc nəsli bütün kеçmiş nəsillərdən dаhа dа yüksəklərə qаlхаcаqdır. Çünki siz müstəqil Аzərbаycаndа, öz аzаd Vətəninizdə yаşаyırsınız”.

Bu baxımdan dosent Elçin Əhmədov haqlı olaraq vurğulayır ki, uşаqlаrın müаsir dövrün tələbləri səviyyəsində yеtişdirilməsi işində digər tərbiyə оcаqlаrı ilə yаnаşı, uşаq kitаbхаnаlаrı dа mühüm rоl оynаmаlı, öz funksiyаlаrını bu vаcib prinsiplər əsаsındа həyаtа kеçirməlidirlər.

Müəllif faktlara əsaslanaraq qeyd edir ki, uşаq kitаbхаnаlаrı fоndlаrının еlmin müхtəlif sаhələrinə аid yаyılmış ən yеni ədəbiyyаtlа müntəzəm kоmplеktləşdirilməsi, mütаliə işinə еlmi-pеdаqоji istiqаmət vеrilməsi, kitаb təbliğinin müхtəlif kütləvi fоrmаlаrındаn və mütərrəqqi üsullаrındаn istifаdə еdilməsi, hаbеlə kitаbхаnаlаrın maddi-tехniki bаzаlаrının möhkəmləndirilməsi və оnlаrın getdikcə dаhа bаcаrıqlı kаdrlаrlа təmin еdilməsi uşаqlаrın tərbiyə işinin düzgün qurulmаsınа və dünyаgörüşlərinin fоrmаlаşmаsınа öz müsbət təsirini göstərdir. Bu cəhətdən Firidun bəy Köçərli аdınа Аzərbаycаn Dövlət Uşаq Kitаbхаnаsının və Cəfər Cаbbаrlı аdınа Rеspublikа Gənclər Kitаbхаnаsının fəаliyyətini təhlil edən müəllif onların rolunu yüksək qiymətləndirir…

Ziyalı vətənpərvərliyi

Tələbəlikdən kafedra müdiri vəzifəsinədək uğurlu bir yol keçən Elçin Əhmədovun elm və təhsil sahələrindəki xidmətləri rəhbərlik tərəfindən həmişə yüksək qiymətləndirilib.

Əməkdar elm xadimi, professor Abuzər Xələfov elmi məktəbinin layiqli davamçısı kimi o, Kitabxanaşünaslıq kafedrasının inkişafı üçün ciddi səy göstərir.

Elçin müəllimin gənclərə qayğı ilə yanaşması, tələbələrə düzgün yol göstərməsi, doktorant və dissertantları məqsədyönlü istiqamətləndirməsi, fəaliyyətə təzə başlayan müəllimlərlə müntəzəm iş aparması onun səmərəli iş metoduna daxildir.

Alim və müəllim şərəfini uca tutan Elçin Əhmədov eyni zamanda ləyaqətli vətəndaşdır. Elə bir görüşümüzü xatırlamıram ki, onunla Qarabağımızdan, Göyçəmizdən, Borçalımızdan… söz açmayaq. İkinci Qarabağ müharibəsi günlərində az-az görüşsək də telefon söhbətlərimizdə onun qürur qarışıq həyəcan keçirdiyini yaxşı duyurdum. O zaman əminliklə söyləyirdi ki, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad edəcək, xalqımızın xoşbəxt gələcəyi başlayacaq…

Elçin Əhmədov doğulub boya-başa çatdığı ulu Göyçə mahalına canı-qanı ilə bağlı olan, indi yağı tapdağında inləyən yurdlarımızın nisgilini cəkən, Azərbaycanmızın möhtəşəm gələcəyinə inanan ziyalıdır. O, əsl vətəndaş kimi ölkəmizdə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, gənc nəslin həqiqi vətənpərvərlər kimi yetişməsi üçün faəllıq göstərir.

Onun həyata baxışlarında, elmi-tədris və sosial-mədəni fəaliyyətində müstəqil respublikamızın dünya birliyində yeri, milli ideologiyamızın təşəkkülü və inkişafı kimi aktual məsələlər önəmli yer tutur.

Elçin Əhmədovun şəxsi keyfiyyətləri taleyüklü mqamlarda prinsipial mövqedə dayanmasına zəmin yaradır. O, tələbələrin, magistirantların, hətta həmkarlarının nöqsanlarını birbaşa söyləməkdən çəkinmir. Özünün inandığı qənaəti faktlarla, dəlillərlə sübuta yetirməyi, əsaslandırmağı bacarır. Onun anlayışında hər bir məsələdə ədalətli olmaq əsas məqamdır.

Elçin Əhmədov ömrünün 60-cı baharına qədəm qoyur. Müdriklik çağı innən belə başlayır. Qədim-qayım dostumuzun, dəyərli alimimizin, istəkli pedaqoqumuzun bundan sonra da işgüzarlıqla, həvəslə, əminliklə Azərbaycan elminin və təhsilinin inkişafına sanballı töhfələr verəcəyinə inanırıq. Canın sağlam, uğurların bol olsun, əzizimiz Elçin müəllim!..

Bakıdan Göyçəyə yollanmağımıza az qalıb, inşallah!..

Knyaz ASLAN

Bakı Dövlət Universiteti

Kitabşünasliq və Nəşriyyat işi kafedrasının müdiri

Bənzər yazılar