Bir zamanlar ümid dolu sözlərlə başlayardıq yazmağa – Qarabağ yenidən bizim olacaq! Biz Şuşaya qayıdacağıq! İçimizdəki bu inam hissi heç vaxt sönmədi və ümid bəslədiyimiz o günlər gəlib çatdı. Artıq biz Qarabağdayıq. Qarabağ öz doğma xalqına geri qayıtdı!

27 sentyabr 2020-ci il səhər saatlarında başlayan və 44 gün davam edən haqq mübarizəsi Azərbaycanın əzmkar, cəsarətli oğullarının xalqımıza, dövlətimizə qalibiyyət bəxş etməsilə başa çatdı. Vətən uğrunda öz yaşamaq hüququndan keçən əsgərlərimiz canları, qanları bahasına yeni tarix yazdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun ətrafına toplaşan xalq nəinki düşmənə, bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini, mərdliyini nümayiş etdirdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan ərazilərə etdikləri səfərlər damarlarında azərbaycanlı qanı axan hər bir insana qürur hissi yaşadır. Hətta əminliklə demək olar ki, hər kəs birinci xanım Mehriban Əliyevanın səfər zamanı çəkilən səmimi paylaşımlarını səbirsizliklə gözləyir.

Hazırda düşmən işğalından azad olunan torpaqlarımız çiçəklənmə dövrünü yaşayır. Düşmənin vəhşicəsinə talan etdiyi ərazilərimizdə quruculuq işləri aparılır. Bərpa işləri istiqamətində bir sıra tədbirlər, layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığı ilə aidiyyəti qurumlar, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiya hazırlanıb. Konsepsiyanın əsasını işğaldan azad olunan ərazilərdə şəhərsalma, ərazilərin quruluşu məsələləri təşkil edir. Həmin ərazilərdə geniş miqyasda sosial, iqtisadi layihələr və aktiv məşğulluq proqramları icra olunacaq. Həmçinin işğaldan azad olunan ərazilərdə şəhərsalmanın planlaşdırılması, bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə əlaqədar xarici ölkələrlə də əməkdaşlıqlar müzakirə olunur. Azərbaycan-İtaliya əməkdaşlığını misal göstərə bilərik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad olunan ərazilərin inkişafı sahəsində əməkdaşlıq üçün dost ölkələrdən olan şirkətlərə üstünlük veriləcəyini, Azərbaycan-İtaliya əməkdaşlığının bundan sonra da yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün bu gün yeni mühitin formalaşdığını bildirib. Ərzaq məhsulları üzrə emaledici məhsulların hazırlanması, turizm sektoru və digər xüsusi sektorlarda İtaliyanın

iştirakı əhəmiyyətlidir. İtaliya ilə yanaşı Türkiyə şirkətlərinin də aqrar sektorda, sənaye məhsullarının istehsalında, eləcə də turizm sahəsində də iştirakı gözlənilir.

Qarabağ ərazisinin təbiətinin gözəlliyi hər kəsə məlumdur. Lakin ermənilər təbiətimizə verdikləri zərərlərlə necə vandal olduqlarını bir daha nümayiş etdirdilər. “Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam” – Cənab Prezident İlham Əliyev.

Bəli, Ana təbiətimiz yenidən canlanacaq, güllü-çiçəkli cənnətə çevriləcək.

Qarşımızda daha geniş

üfüqlər,

Biz dayandıq zaman ilə

döş-döşə.

Bu gün bizim çaldığımız

hər zəfər,

Sabah üçün bir pillədir

həmişə.

Bu günündən gələcəyə

siz ey körpü salanlar,

Səfəriniz mübarək!

Ey bu ana torpaqdan

üz ağlığı alanlar,

Zəfəriniz mübarək!

 

Bəxtiyar Vahabzadə

 

Leyla İlqar,

BDU-nun Jurnalistika fakültəsinin magistrantı

Bənzər yazılar