Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanan Azərbaycanın yaratdığı yeni reallıqlar həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyətə malikdir. Artıq işğaldan azad edilmiş torpaqlarımızda bərpa, quruculuq işlərinə başlanılıb. Bununla yanaşı, regionda yeni əməkdaşlıq və təhlükəsizlik mühiti formalaşmaqdadır. İlk növbədə bəzi beynəlxalq təşkilatların və dövlətlərin Ermənistanın işğal siyasətinə dəstək verən mövqelərinə tutarlı zərbə vuruldu. Azərbaycan göstərdi ki, torpaqlarının işğal altında qalması ilə heç vaxt razılaşa bilməz. Danışıqlarda imitasiya edən, zamanı uzatmaqla işğala daha güclü beynəlxalq dəstək almaq istəyən Emənistan güc yolu ilə Azərbaycan torpaqlarından qovuldu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasının hüquqi-siyasi təsdiqi və bölgədə yaranmış yeni reallığın təcəssümüdür. Bu sənəd həm də bölgədəki sülhün və təhlükəsizliyin zəmanətidir. Bu sənədə imza atmaqla Ermənistan bir dövlət olaraq öz üzərinə öhdəliklər götürüb. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq, Ermənistan bu öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Beləliklə, Prezident İlham Əliyev Cənubi Qafqazda yeni reallığın müəllifi oldu. 44 günlük müharibə ilə Ermənistanın işğal siyasətinə son qoyuldu. Bu savaşdakı tarixi zəfərin nəticəsi olaraq Azərbaycan bölgədə sabitliyi və təhlükəsizliyi möhkəmləndirdi, mövqelərini daha da gücləndirdi. Son vaxtların siyasi prosesləri göstərdi ki, Azərbaycan Qafqazda sağlam siyasi və iqtisadi mühitin yaranmasının bilavasitə təminatçısıdır. Erməni terrorçu qruplaşmalarının işğalçı xislətinin bütün dünya üçün təhdid olmasını bəyan edərkən dünyada məlum qüvvələrin şantaj cəhdlərini diplomatiyamız hətta qıra bilmiş və onilliklərlə dünyada təhlükəli tendensiyaların vüsət almasında maraqlı qüvvələrin niyyətlərini puça çıxarmışdır. Məlumdur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Buna görə Azərbaycanın işğal olunmuş ərzilərinin boşaldılması kimi qətnamələr əsas istinad edilən sənəd kimi faktiki icra olunmamış qalmışdır. Azərbaycan həmişə olduğu kimi, bu gün də Qarabağda insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı təhlükəsiz şəraitdə yaşaması kimi humanist mövqeyi həmsədrlər tərəfindən qiymətləndirilməmişdir.

Ermənistan da daxil olmaqla, indiyədək heç kimin “Dağlıq Qarabağ Respublikası”nı tanımadığı halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması kimi sərsəm ideyanın himayə edilməsinin dünyaya utanc gətirən addımdan başqa bir ada malik olmadığını məhz Azərbaycanın qətiyyətli milli iradəsi sübut etdi. Siyasi proses göstərdi ki, belə yanaşmaya adekvat cavabı böyük sınaqlardan keçmiş Türkiyə və Azərbaycanın siyasi iradəsi verə bilərdi. Maraqlıdır ki, bölgədə sülhün təmin olunması üçün Türkiyənin ortaya

qoyduğu ədalətli mövqe onun regionda dominantlıq etmək istəyi kimi qələmə verilməsi cəhdləri yarandı. Lakin Azərbaycanın doğru yolu onda idi ki, hətta Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra Türkiyənin bölgənin sabitlik, inkişaf üçün roluna dair konsepsiyanı qəbul etdirə bilmişdir. Çünki regionda mövcud bütün kommunikasiyaların hədəfləri məhz Türkiyənin iştirakı ilə sülh və əməkdaşlığa yönəlib. Ermənistanın isə avantürası bu ölkəni təcrid olunma kimi acı taleyə məhkum etdi. O da məlumdur ki, Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə olunan sülhməramlı planda kommunikasiyalara istinad var idi.

Prezident İlham Əliyev bu məsələyə münasibətdə demişdir: “Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Bu da Türkiyənin, Azərbaycan və Mərkəzi Asiya ilə quru əlaqəsi olacaq. Bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Bütün kommunikasiyalar açılacaq. Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına olan nifrət dayandırılmalıdır. Gürcüstan isə regionda böyük investor, ən böyük vergi ödəyicisi kimi bu əməkdaşlıqda uzun illərdir ki, iştirak edir. Bütün əsas nəqliyyat və enerji kommunikasiyamız Gürcüstan ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı icması var, 300 minə yaxın. Ona görə də münasibətlər mükəmməldir. Yeri gəlmişkən, Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Azərbaycan regiona bu nöqteyi-nəzərdən baxmır”.

Beləliklə Azərbaycanın bu istiqamətdəki siyasəti bilavasitə Cənubi Qafqaz regionu ücün prioritet olaraq gələcək hədəfləri müəyyən edən siyasətdir. Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin Bakıda bunları əyani olaraq görərkən ictimaiyyət qarşısında bəyanatla çıxışında Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirmişdir. Bu, Cənubi Qafqazda ən böyük sabitlik adası kimi Azərbaycanın reallaşdırdığı layihələrin nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşamış, Bakının mərkəzində isə bərpa olunmuş və hökumət tərəfindən qorunan erməni kilsəsi bu gün də qalmaqdadır.

Azərbaycan nəinki regionda, dünya dövlətləri içərisində öz qüdrətini təsdiq edib. Yaxın 30 ilin tarixi onu da göstərdi ki, bu mənzərəni qəbul edə bilməyən məkrli qüvvələr təkcə xaricdə deyil, hətta daxildə belə bu nizamı pozmağa maraqlıdırlar. Həqiqətlərin qəsdən təhrif edilməsi, siyasi təfəkkürü bəsit olanların “siyasi oyunbazların” əlində alətə çevrilməsi prosesi indi də getməkdədir. Lakin möhkəm dövlətçilik əsasları və qətiyyətli siyasi liderin iradəsi belə qüvvələrə tarixi dərs verdi. Azərbaycan sübut etdi ki, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı dövlət siyasətinə çevrilməsi hər bir dövlətin qarşısında zəruri məsələ kimi dayanmalıdır. Tarixi hadisələr göstərdi ki, Azərbaycanın regionda belə siyasi

kursu ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günlərindən başlamış, Qafqaz və Yaxın Şərq xalqlarının inkişafı naminə mövcud konsepsiya özünü doğrultmuşdur. Bu siyasətin əsasında dahi siyasi xadimin o ideyası dayanırdı ki, “dünyadan təcrid edilməyə xidmət edən siyasət kursunun heç bir perspektivi yoxdur. Azərbaycanın inkişafı Qafqaz regionunda inteqrasiya prosesləri ilə sıx bağlı olmalıdır. Cənubi Qafqaz isə öz növbəsində dünya siyasi və iqtisadi məkanına inteqrasiya olunmalıdır.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı bəyanat Azərbaycanın hərbi-siyasi və diplomatik meydanda qələbə çalmasını təsdiq etdi. Azərbaycanın qalib ölkə olaraq Cənubi Qafqazın yeni inkişaf perspektivlərini müəyyənləşdirən alternativsiz siyasəti birmənalı olaraq qəbul edildi.

Yeni reallıqlar bölgədə yaşayan bütün xalqların həyatında ciddi dəyişikliklərə səbəb ola bilər. Həyata keçiriləcək irimiqyaslı layihələr region ölkələrinin və xalqlarının rifahına əhəmiyyətli töhfələr verəcək. “İndi ən əsas məsələlərdən biri bütün ölkələrin, o cümlədən Ermənistanın və erməni xalqının yeni reallığın çağırışlarını düzgün qiymətləndirməsidir. Ermənistan hakimiyyəti və dövləti də keçmişə deyil, gələcəyə baxaraq öz xalqının mənafelərini düşünməli, ölkəsinin inkişafı üçün yaranan imkanlardan istifadə etməlidir. Keçmişə ilişib qalmağın bu ölkəni nə qədər geri atdığını daha aydın dərk etməlidirlər. Hesab edirəm ki, Prezident İlham Əliyevin çıxışlarında əksini tapmış fikirlər Azərbaycan dövlətinin yeni reallıqlar fonunda gələcəyə strateji baxışının əsas konturlarını əks etdirir. Cənubi Qafqazın tarixində qarşılıqlı faydalı əməkdaşlıq dövrü başlayır. Bu tarixi anı bütün region ölkələri düzgün qiymətləndirməlidir”.

Əbədi qələbələrin və müstəqilliyin mübarək, AZƏRBAYCANIM!

Firavan Əlizadə,

BDU-nun Hüquq fakültəsinin IV kurs tələbəsi

Bənzər yazılar