Mənim ilk redaktorum…

Bu cümləni ehtiramla yazdım və… sonra öz-özümə sual verdim: “Təkcə mənimmi?”

Düşündüm ki, görəsən bu cümləni neçə nəfər iftixarla söyləyə bilər?..

Axı məndən əvvəl və məndən sonra da bu fikri səsləndirənlərin sayı lap çoxdur…

Universitet qəzetində ilk qələm təcrübəsi dərc olunan tələbə dünyaya sığmayan sevincini öncə redaktorla paylaşır. Sadə hesablama aparsaq, tələbə qəzeti redaktorunun ştatdankənar müxbirləri saysız-hesabsızdır…

Ağamusa Zeynalov kimi…

Qısa arayış:

Ağamusa Bahadur oğlu Zeynalov 1940-cı il yanvarın 10-da Cəlilabadda anadan olub.

1958-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə jurnalistika ixtisası üzrə qəbul olunub və 1963-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib.

1963-1965-ci illərdə Azərbaycan Pedaqoji İnstutunun “Gənc müəllim” qəzetində işləyib.

1970-1974-cü illərdə Moskva şəhərində SSRİ Jurnalistlər İttifaqının elmi yaradıcılıq konfraslarında iştirak edib.

1973-1977-ci illərdə BDU-nun “Bakı Universiteti” qəzetində redaktor vəzifəsində çalışıb.

1965-1994-cü illərdə “Bakı Universiteti” nəşriyyatının direktoru olub.

1994-cü ildən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında baş müəllim vəzifəsində çalışıb. “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi”, “Publisistika nəzəriyyəsinin əsasları”, “Jurnalist sənətkarlığının əsasları” kimi ixtisas fənlərini tədris edib. Bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

50 elmi məqalə, 600-dən çox publisistik məqalənin müəllifidir.

2021-ci il aprelin 21-də Bakıda vəfat edib.

Gözlənilməz təklif

Bakı Dövlət Universitetinə qəbul olunana – 1980-ci illərin əvvəllərinə qədər yazılarım Gürcüstanın Dmanisi rayonunda çıxan “Trialeti” qəzetinin redaktoru Mədəd Coşqunun xeyir-duası ilə tez-tez dərc olunurdu… Ustadımıza hörmətim sonsuzdur…

“Azərbaycan pioneri”, “Azərbaycan gəncləri” qəzetləri də ara-sıra imzama yer ayırırdı…

Amma redaksiyada ilk dəfə rəsmən işə düzəlməyimin təşəbbüskarı və səbəbkarı Ağamusa müəllim oldu…

Tələbə həyatından bəhs edən yazımı redaksiyada ötəri gözdən keçirib: “Sən hazır jurnalistsən ki!..”- dedi. “Bizim fakültədə oxuyursan?” – soruşdu. Bir az çəkinə-çəkinə: “Xeyr, ora düşə bilmədim, kitabxanaçılıqda oxuyuram”, – deyə cavab verdim. Üzü nurlandı: “Lap yaxşı, fərqi nədir, jurnal olmasın, kitab olsun!.. Bir də ki, qəzetimizin müxbirlərinin çoxu sənin tələbə yoldaşlarındı… Tez-tez əlaqə saxla, dərsin olmayanda redaksiyaya gəl…”

Onun bir az qayğı ilə, bir az da ərklə dediyi sözləri ciddi tapşırıq kimi qəbul etdim.

Üçüncü yazım çıxanda mənə bir ağ vərəq verib ərizə yazdırdı. Ağlıma da gəlməzdi ki, tələbə ola-ola məni işə götürə bilər. “Əlyazmalarını da aparıram. Rektorla danışacam, yazılarını göstərəcəm, məncə, razı olacaq” – dedi…

Beləcə, oldum “Lenin tərbiyəsi uğrunda” qəzetinin əməkdaşı…

Dərhal yataqxanamızın yaxınlığındakı poçta gedib dülgər atama teleqram vurdum ki, daha hər ay mənə pul göndərməsin. Tələbə təqaüdüm, qəzetlərdən gələn qonorarlarım, üstəlik təzə işimdən alacağım məvacibim bəs edirdi…

Redaktənin sirri

Balaca, darısqal bir otaqda əyləşib yazıları redaktə edir, növbəti nömrəni hazırlayırdıq. Demək olar ki, heç birimiz danışmırdıq. Müxbirimiz Solmaz xanım Babaşova, makinaçımız Tamella xanım Müslümova, ara-sıra redaksiyaya gələn fotoqraflarımız, o sırada Salam Muxtarov – hər birimiz sakitcə öz işimizlə məşğul olurduq. Sükutu həmişə Ağamusa müəllim pozurdu. Gah oxuduğu yazıya münasibət bildirirdi, gah bizə məsləhət verirdi, gah telefonda kiminləsə söhbətləşirdi, gah da olub-keçən maraqlı bir hadisəni danışırdı…

Ağamusa müəllimin xeyirxahlığı, həlimliyi, istiqanlılığı, tələbkarlığı, prinsipiallığı bizə də hopmuşdu…

Çox keçmədən isinişdim bu mehriban kollektivə…

Redaktorun da, əməkdaşların da, üstəlik haqqında məqalələr hazırladığım müəllim və tələbə qəhrəmanlarımın etimadını qazana bildim…

Artıq universitetin xüsusi müxbiri kimi tanınırdım…

Redaktənin incəliklərini Ağamusa Zeynalovdan öyrənməyə başladım…

Mənim bütün yazılarımı əvvəldən sonacan diqqətlə oxuyur, amma əl vurmurdu… Hansı abzas, ya da hansı cümlə ürəyindən olmasa, kənarına qırmızı və ya göy qələmlə xətt çəkir: “Bura təzədən baxarsan” – deyirdi.

Niyə belə etdiyini başa düşə bilmirdim. Bir gün səbəbini soruşdum. Çöhrəsinə yaraşıq verən təbəssümlə: “Mən düzəltsəm, onda sən redaktor kimi yetişə bilməzsən ki!..” – deyə cavab verdi. “Öz yazını mükəmməl redaktə etməyi öyrən ki, başqa müəlliflərin yazılarını da işləyib düzəldə biləsən”.

O gündən məsuliyyətim bir az artdı…

Daha sonra “Azərbaycan” nəşriyyatında məsul redaktorluğu mənim öhdəmə verdi. Səhərdən axşamacan nəşriyyatın yığım sexində, montaj otağında, mətbəəsində həyəcanla qəzetin növbəti nömrəsinin hazırlanmasına nəzarət edir, bir çətinliyə düşən kimi redaksiyaya – Ağamusa müəllimə zəng vurub məsləhət alırdım… Beləliklə, o, mənə mətbəəçiliyi də öyrətdi…

Şölə” ədəbi birliyinin şöləsi

Ağamusa müəllim qəzetdə məqalələrimlə yanaşı, şeirlərimə də səxavətlə yer ayırırdı. Bir gün dedi ki, redaksiyamızın nəzdində əvvəllər “Şölə” ədəbi birliyi olub. İndinin tanınmış şairləri, yazışıları, publisistləri o birliyin yetişdirməsidir… Qolunu çırma, işə başla… Redaktor kimi birliyin rəhbəri mən olum, məsul katibi sən ol… Yaradıcı gəncləri yığ başına, müzakirələr, disputlar keçir. Bir-birinizin şeirlərinizi, hekayələrinizi oxuyun, tənqid edin, məsləhət verin. Bəyənilən yazıları seçin, qəzetimizdə dərc eləyək..

Bu, Ağamusa müəllimin mənə növbəti etimadı idi…

“Şölə” ədəbi birliyi o gündən yenidən həyata vəsiqə aldı. Qısa zamanda demək olar universitetin bütün fakültələrini təmsil edən yaradıcı tələbələri redaksiyamıza toplaya bildik. Vaxtaşırı toplaşdıq, şeirlərimizi, hekayələrimizi, məqalələrimizi oxuyub müzakirə etdik. Ağamusa müəllim bir-iki yığıncağımızda iştirak edəndən sonra yenidən bütün məsuliyyəti atdı mənim çiynimə…

Çox çəkmədi ki, “Şölə” ədəbi birliyinin xoş sorağı Bakı Dövlət Universiteti ilə yanaşı Azərbaycan Dillər Universitetindən, Azərbaycan Dövlət Mədəniyyət Və İncəsənət Universitetindən, Azərbaycan Dövlət Pedaqoji Universitetindən, Bakı Mədəni Maarif Texnikumundan… gəlməyə başladı… Tələbə yataqxanalarında gənc şairləri o qədər alqışlayırdılar ki, səhər dərsdən sonra redaksiyaya gələndə məni ilk təbrik edən yenə Ağamusa müəllim olurdu. “Zəng vurub təşəkkür etdilər” – deyirdi…

Bu gün iftixarla deyə bilərəm ki, ədəbi-publisistik aləmdə imzalarını çoxdan təsdiq etmiş Mirşahin Ağayev, Fəridə Ləman, Yavər Həsən, Nəriman Paşayev, İslam Kəbirli, Mustafa

Rasimoğlu, İbrahim Xıdır, Dəyanət Səlimxanlı, Əlinasir İmanlı, Mübariz Piriyev, Şahin Həmidov, Bahəddin Həziyev, Mürvət Süleymanlı, Şəmistan, Camal Abdinov, Elbrus İsmayılov və adlarını şəkmədiyim onlarla istedadlı gənclər həm redaksiyamızın, həm də “Şölə” ədəbi birliyinin ən fəal üzvləri olublar. Onlara ilk xeyir-duanı da Ağamusa Zeynalov verib…

Onu da xatırladım ki, o vaxtlar Filologiya fakültəsində tanınmış şairimiz Ağa Laçınlı da yaradıcı tələbələrdən ibarət dərnək yaratmışdı. Ara-sıra biz onların, onlar da bizim qonağımız olurdu…

SSRİ Jurnalistlər İttifaqınının üzvü

1980-ci illərin sonlarında Ağamusa müəllimin zəmanəti ilə Azərbaycan Jurnalistlər Birliyinin nəzdində fəaliyyət göstərən Jurnalist Sənətkarlığı İnstitutunda təhsil aldım. Hacı Hacıyev, Sirus Təbrizli, Tofiq Rüstəmov, Fərman Eyvazlı, Nəriman Həsənzadə kimi peşəkar qələm ustadlarının mühazirələrini dinlədim, publisitikanın bir çox dəyərlərini mənimsədim…

Yenə o çağlarda Ağamusa müəllim mənə bir siyahı verib: “Bu sənədləri təcili hazırla” – deyə tapşırdı. “Səni SSRİ Jurnalistlər İttifaqınının üzvü görmək istəyirəm. Zəmanətin birini redaktor müavinimiz Natəvan xanım Həsənova yazar. Daha iki nəfər tatnınmış jurnalistdən zəmanət almalısan. Məqalələrin çıxan qəzetlərin redaksiyasına get, zəmanət al, gətir”.

Sevincimin həddi-hüdudu yox idi… Dərhal ştatdankənar müxbir kimi çalışdığım “Azərbaycan gəncləri” qəzetinin redaksiyasına yollandm. Utana-utana istəyimi şöbə müdirləri Xudayət Həsənli ilə Əli Səmədliyə bildirdim. Sağ olsunlar, ikisi də dərhal razılaşdı. Yarım saatın içində hər ikisinin zəmanəti hazır oldu. Mən qayıdınca Ağamusa müəllim Bakı Dövlət Universitetinin nəzdindəki ilk jurnalist təşkilatının yaradıcılıq xasiyyətnaməsini də hazırlamışdı. Beləcə, qalan sənədləri da qaydasına saldım. İclas çağırıldı. Məsələ müzakirəyə çıxarıldı. Hamı xoş söz söylədi, uğur dilədi, lehimə səs verdi…

Bir neçə aydan sonra Moskvadan SSRİ Jurnalistlər İttifaqınının üzvlüyü vəsiqəsini alanda keçidiyim hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm…

“Bakı Universiteti”nin sevinci

Artıq mən məzun idim, univertsitetdə Kitabxanaşünaslıq kafedrasında çalışırdım. Respublika qəzetlərində müntəzəm dərc olunurdum. Azərbaycan radiosu ilə sıx əməkdaşlıq edirdim, amma açığı Ağamusa müəllim mənim bu redaksiyadan uzaqlaşmağımı istəmirdi… Ona görə də yenə doğma qəzetimizdə də fəaliyyətimi davam etdirirdim.

1988-1990-cı illərdə Sovet İttifaqında, Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, xalqımızın milli oyanışı qəzetimizin ab-havasını da dəyişmişdi. Mənim də, başqa ştatdankənar müxbirlərimizin də yazılarımızın mövzusu zamanın ovqatına köklənmişdi. Ağamusa müəllim bəzən redaktor kimi tərəddüd edir, sonra vətəndaş olaraq qətiyyətlə: “Əşşi, verək getsin!” – deyirdi… Cəsarətinə, prinsipiallığına görə hərdən rəhbərliyin danlağına da tuş gəlirdi…

1980-ci illərin sonu – 1990-cı ilin əvvəllərində dəfələrlə “Lenin tərbiyəsi uğrunda” qəzetinin adının dəyişdirilməsi təşəbbüsünü qaldırdıq. Çoxlu variantlar söylənildi. Şadam ki, mənim də ürəkdən dəstəklədiyim “Bakı Universiteti” adının üstündə dayanıldı… Buna görə redaktorumuz universitet rəhbərliyi ilə sıx-sıx görüşüb istəyimizə nail ola bildi. Ağamusa müəllim bu xoş xəbəri bizə verəndə elə sevinirdi, elə bil dünyanı ona bağışlamışdılar…

Bir mühüm məqamı xatırladım.

Tələbələri də etiraf edə bilər ki, Ağamusa müəllim uzun illər ərzində qəzet redaktoru və nəşriyyat redaktoru vəzifələrində məsuliyyətlə çalışdığına görə nəzəri biliklərlə təcrübi fəaliyyəti bir-bir ilə çox asanlıqla uzlaşdırmağı bacaran pedaqoq idi. Dərslərini praktik nümunələr əsaında o qədər ustalıqla izah edirdi ki, sual verməyə ehtiyac qalmırdı. İşi

başından aşanda belə ona məsləhət üçün üz tutan həmkarlarının, yazısına baxmağı xahiş edən tələbənin sözünü yerə salmırdı.

Ağamusa Zeynalovun gileyləndiyi məqamlar da yadımdadı… Yarımçıq qalmış arzularından danışanda üzünün rəngi qızarırdı… Əsəbləşirdi… Elm yolunda irəliləməsinə bais olanları qınayırdı… Nə isə…

“Günəşə boylanan ümid pöhrəsi”ndən “Müdriklik nuru”na

Sadə xarakterli, yumşaq təbiətli, təvazökar insan idi Ağamusa müəllim… Heç kəsin xətrinə dəyməzdi… Ailəcanlı idi… Dostlarına sədaqətli idi…

Yaşımız arasında xeyli fərq olsa da dostlaşmışdıq. Təkcə özü ilə yox, qardaşları ilə də. Kimya fakültəsində təhsil alan qardaşı Azərlə səmimi dostluq münasibətlərimiz yaranmışdı… Əfsus ki, dünyasını erkən dəyişdi…

Ağamusa Zeynalovla növbəti görüşümüz kafedramızda oldu. Məni gözləyirdi. Əlindəki üç-dörd vərəqlik əlyazmasını mənə uzadıb: “Mətbuatda oxudum ki, yubileyin gəlir. Bu yazı sənə ilk redaktorunun ərməğanıdı” – dedi. Kövrəldim… Xatırlatdım ki, haqqımda ilk geniş yazını – “Günəşə boylanan ümid pöhrəsi” adlı məqaləni də məndən xəbərsiz-ətərsiz hələ 1980-ci illərdə məhz o dərc etdirib. Gülümsündü… “Yetirmələrimlə fəxr edirəm” – söylədi…

Mən 1990-cı illərin ortalarında Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında baş müəllim işləyərkən Ağamusa Zeynalov da Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında baş müəllim vəzifəsində çalışırdı. Mənim Jurnalistika fakültəsində ikinci ali təhsil aldığımı biləndə çox sevindi. “Onsuz da peşəkar jurnalist idin də” – dedi.

Sonralar hər dəfə qarşılaşanda qayğıkeşliklə: “Bir çətinliyin yoxdu ki?” – deyə soruşurdu. “Akif Rüstəmov kimi dekanı, Əli Hacıyev kimi dekan müavini, Famil Mehdi, Yalçın Əlizadə, Cahangir Məmmədli kimi kafedra müdirləri, bir-birindən qayğıkeş pedaqoqları olan tələbə-müəllimin çətinliyi ola bilərmi?” – deyə sualına sualla cavab verirdim…

2000-ci ildə Bakı Dövlət Universitetinin baş müəllimi, jurnalist Ağamusa Zeynalovun 60 yaşı tamam olurdu. O zaman çalışdığım Xəzər Universitetində çıxan, baş redaktor müavini olduğum “Xəzər Xəbər” ictimai-siyasi və ədəbi-publisistik jurnalının oktyabr nömrəsində ona həsr etdiyim “Müdriklik nuru” adlı bir yazı verdim. Jurnal çıxan kimi gətirib ilk redaktoruma təqdim etdim. Oxudu… Gözləri yaşardı…

İndi bizim gözümüz yaşlıdı Ağamusa müəllim… Dünyadan gedişinizlə bizi kədərləndirdiniz…

Son illərdə bir qədər sınıxmışdınız… Solmaz xanımla, Tamella xanımla vədələşmişdik ki, köhnə əməkdaşlar yığışıb sizə baş çəkməyə gedək… Araya dünyanı lərzəyə gətirən korona azar-bezarı düşdü…

Təsəllimiz budur ki, hər zaman yana-yana söz açdığınız Qarabağımızın azad olunması xəbərini eşitdiniz… Üçrəngli bayrağımızın erməni işğalından xilas edilən müqəddəs torpaqlarımızda dalğalandığını bilib alovlu Vətən oğlu kimi məğrurlandınız…

Bir də təsəlliimiz budur ki, sizin vaxtilə kövrək yazılarını düzəltdiyiniz, dərc edib sevindirdiyiniz tələbə gənclər, bugün söz sahibi olan ziyalılar iftixarla: “Mənim ilk redaktorum Ağamusa Zeynalov olub!” – deyirlər.

Elə mənim kimi…

Knyaz ASLAN

Bakı Dövlət Universitetinin

Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri

Bənzər yazılar