23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Yazıma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin ədəbi siması elan edilmiş dahi şairimiz Nizami Gəncəvinin ayrı-ayrı əsərlərindən aldığım üç beyti ilə başlayıram:

Dünyada nə qədər kitab var belə,

Çalışıb əlləşib gətirdim ələ…

Mənim хəzinəm vаr “Məхzənül-əsrаr”,

Bоş zəhmət çəkməyin nə mənаsı vаr?

Mənəm hər bilikdə dəftər bəzəyən,

Hər incə nüktədə qələm işlədən.

Diqqət yetirdinizsə, ustadımız bu beytlərində kitabdan, müəllifdən, müəllif hüququndan söz açır.

Ən azı 850 il bundan öncə…

Bu örnəkləri sözgəlişi xatırlatmadım. Bu gün Ümumdünya Kitab və Müəllif Hüququ günüdür.

23 aprel simvolik tarixdir, dünya ədəbiyyatı üçün rəmzi məna daşıyır.

Kitabsevərlər yaxşı bilir ki, həmin gün, daha dəqiq desək, 1616-cı il aprel ayının 23-də, eyni ildə, eyni gündə dünya ədəbiyyatının üç dühası dünyasını dəyişib:

İngiltərəli şair, yazıçı, aktyor Uilyam Şekspir;

İspaniyalı yazıçı, şair, dramaturq Migel de Servantes;

Perunun ispan əsilli yazıçısı, tarixçi İnka Qarsilaso de la Veqa.

Dünyaca məşhur olan bir çox korifeylər isə müxtəlif illərin 23 aprelində dünyaya göz açıblar:

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, Ümumdünya Sülh Şurasının Ədəbiyyat mükafatı laureatı, island yazıçısı Halldor Kilyan Laksness;

Amerika Birləşmiş Ştatlarının rus əsilli yazıçısı, şair, ədəbiyyatşünas Vladimir Nabokov;

Kolumbiyalı yazıçı, jurnalist Manuel Mejia Vallejo;

Fransalı uşaq yazıçısı, siyasətçi, ssenarist Moris Drüon…

Siyahını uzatmaq, hətta buraya doğum və ya ölüm tarixləri 23 aprelə düşən məşhur Şərq, eləcə də Azərbaycan şair və yazıçılarını də əlavə etmək olar…

Əlbəttə, hər şey sözdən başlayır. İnsanın fitri istedadı, anadfangəlmə qabiliyyəti, potensial resursları yaşa dolduqca onun yaradıcılığında, əqli fəaliyyətində özünü büruzə verir. Həmin fəaliyyətin səmərəli nəticələri zaman-zaman obyektivləşir, maddi daşıyıcıya köçür, yazıya, əsərə, kitaba çevrilir.

Bu baxımdan “Kitab”, “Müəllif”, “Müəlliflik hüququ” anlayışları yaranan andan başlayaraq bir-biri ilə qırılmaz təmasda olur.

Beləcə, yaradıcıdan əlyazmaya, müəllifdən kitaba, əlyazmadan, yaxud kitabdan müəlliflik hüququna qədər qırılmaz üzvi əlaqələr meydana gəlib

formalaşır. Bunlar isə həm tarixi ardıcıllığı, həm də müəlliflik hüququnun yaradıcılıqdakı əhəmiyyətini aydın şəkildə göstərir.

Mütəxəssislərin fikrincə, Azərbaycan xalqının müəlliflik hüququ ənənələri uzaq dövrlərə gedib çıxır. Dünya mədəniyyətinin inciləri sırasında ayrıca sanbalı olan “Kitabi-Dədə Qorqud” dastanını yada salaq. Dastanın hər boyunda Dədə Qorqudun hadisələrin sonunda gəlib boy boylayır, soy söyləyir. Əslində bu, bir növ dastanlara Dədə Qorqud möhürünün vurulması kimi başa düşülməlidir.

Müəlliflik hüquqlarının ilkin formasına orta əsrlərdə yaşayıb-yaratmış klassik şairlərimizin yaradıcılığında da rast gəlirik: onlar yazdıqları əsərlərin son beytində və ya son bəndində öz adlarını, yaxud ədəbi təxəllüslərini göstərməklə bunun ilk örnəklərini yaradıblar.

İndiki informasiya cəmiyyətində, rəqəmsal dünyada sürətlə inkişaf edən kommunikasiya texnologiyaları köklü dəyişikliklərə gətirib çıxarsa da, ənənəvi kitab və ya kitab ənənəsi öz əhəmiyyətini qoruyub saxlamaqdadır…

Qısa arayış

Ümumdünya Kitab və Müəlliflik Hüquqları Günü Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə İxtisaslaşmış Qurumunun (UNESCO-nun) 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilib.

Hər il UNESCO-nun Baş qərargahında keçirilən tədbirlərə kitab ticarətçiləri, nəşriyyat şirkətləri, rəssamlar və başqa qonaqlar dəvət olunur. Onlar kitablara və mütaliəyə olan sevgilərini bölüşür, gənclər üçün praktik seminarlar keçirirlər.

Bu yaddaqalan tədbirlər keçmişlə gələcək arasında varislik əlaqəsi yaradır, nəsillərin və mədəniyyətlərin mənəvi körpüsü olan kitabın əsrarəngiz qüdrətini bir daha nümayiş etdirir.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü müəllifləri, naşirləri, müəllimləri, kitabxanaçıları, qeyri-hökumət təşkilatlarını, kütləvi informasiya vasitələrini, bir sözlə, milyonlarla kitabsevər insanı bir araya gətirir.

Bu bayram insanlara kitabdan və mütaliədən zövq almağı təşviq edir.

UNESCO ilə yanaşı, naşirləri, kitab ticarətçilərini və kitabxanaları təmsil edən beynəlxalq təşkilatlar, yəni kitab sənayesinin üç əsas sektoru növbəti ilin 23 aprelinədək şəhərlərdən birini Ümumdünya Kitab Paytaxtı olaraq seçirlər.

Xatırladıram ki, keçən il Cənub-Şərqi Asiya dövləti olan Malayziyanın mərkəzi şəhəri olan Kuala Lumpur dünyanın Kitab Paytaxtı elan olunmuşdu…

“Kitaba layiq olduğu dəyəri verməklə…”

Hər il Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə UNESKO-nun Baş direktoru dünya xalqlarına müraciət ünvanlayır. Bu müraciətlərin birində deyilir:

“Kitaba layiq olduğu dəyəri verməklə biz oxumaq, yazmaq, tərcümə, nəşretmə kimi fəaliyyətləri də alqışlayırıq… Biz həmçinin fundamental yolla həmin fəaliyyətlər üçün zəruri olan azadlıqları təşviq edirik.

Bizim borcumuz dünyanın hər yerində bu azadlıqları qorumaq, savadsızlıq və yoxsulluqla mübarizə aparmaq məqsədilə yazmağı və oxumağı təşviq etmək,

sülhün əsasını gücləndirmək, o cümlədən nəşretmə ilə əlaqəli peşə və peşəkarları qorumaqdır”.

Statistikada bu gün dünyada təxminən 1 milyarda yaxın insanın savadsız olması, 200 milyondan çox uşağın təhsildən kənarda qalması öz əksini tapır. UNESKO onların təhsilə cəlb edilməsi məqsədi ilə ehtiyac olan ayrı-ayrı ölkələrdə müntəzəm qaydada layihələr, proqramlar hazırlayıb həyata keçirir.

Azərbaycanda kitab günü

Azərbaycan Respublikasında 1997-ci ildən bəri hər il aprel ayının 23-ü Ümumdünya Kitab və Müəllif Hüquqları Günü qeyd olunur.

Xatırladaq ki, 26 aprel isə Beynəlxalq Əqli Mülkiyyət Günüdür. 26 aprel tarixinin seçilməsi onunla bağlıdır ki, həmin gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis edilməsi haqqında 1970-ci il Konvensiyası qüvvəyə minib.

Azərbaycan həm də 1996-cı ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür.

Azərbaycanda 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü 2001-ci ildən qeyd olunur.

Onu da vurğulamalıyıq ki, artıq bir neçə ildir 26 aprel Azərbaycan Respublikasında “Oxu günü” elan olunub. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan “Oxu günü” tədbirlərinin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Elə buradaca təklif etmək istəyirik ki, aprel ayını kitabın, oxunun, mütaliənin təşviqi və təbliği istiqamətində görülən işlərə həsr etmək faydalı ola bilər. Bu halda həm nəşriyyatların, həm mətbəələrin, həm naşirlərin, həm kitab mağazalarının, həm kitabxanaların, həm də kitabsevər oxucuların fəal iştirakı ilə bu ayı əsl bayram ayına çevirmək mümkündür.

Düşüncənin əsrarəngizliyi

UNESCO-nun baş direktoru xanım Odri Azulenin keçən ilki müraciətində mühüm bir mesaj var. Burada deyilir ki, “kitabı səhifə-səhifə oxuyaraq bizi müxtəlif dövrlərə və ölkələrə aparan, azadlıq ruhunun hiss olunmasına imkan yaradan insan düşüncəsinin əsrarəngizliyiniı izləyirik.

Biz keçmiş mədəni mirası xatırlamaqla yanaşı, kitabla əlaqədar olan bütün peşələrin nümayəndələrini, o sırada ədəbi irsimizin populyarlaşdırılmasında bilavasitə iştirak edən, yeni yaradıcılıq nümunələri ilə tanış olmağımıza imkan yaradan, yeni ideyaların yayılmasına fürsət verən naşirləri, redaktorları və tərcüməçiləri də xatırlatmalıyıq. Həmin peşələrin dəstəklənməsinə və təşviq edilməsinə indi daha çox ehtiyac var.

Bu, COVID-19 pandemiyasının tüğyan etdiyi indiki mərhələdə xüsusilə aktualdır. Çünki bu infeksiya məcazi mənada “görüş yeri” adlandıra biləcəyimiz mədəniyyət sahəsinin inkişafını bütün dünyada ciddi şəkildə və uzunmüddətli olaraq məhdudlaşdırmaqla təhdid edir…”

Məntiqli mülahizələr, məqsədyönlü çağırışlardır…

“Hər birimiz kitablara borcluyuq”

Elə bu məqamda ulu öndər Heydər Əliyevin kitab nəşri ilə bağlı məşhur kəlamlarını xatırladıram:

“Kitab nəşri hər bir ölkənin, hər bir xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də, hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir”.

Onu da vurğulamalıyıq ki, müstəqillik dövründə Heydər Əliyev tərəfindən yaradılmış milli müəllif-hüquq sistemi ötən dövrdə bir çıra uğurlara nail olub.

Müstəqillik dövründə kitab nəşri və müəlliflik hüququ sahəsində zəngin qanunvericilik bazası yaradılıb. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüququ qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarının, eləcə də digər normativ hüquqi sənədlərin qəbul edilməsi bu sahənin inkişafına müsbət təsir göstərir.

Prezidenti İlham Əliyev deyir: “Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır”.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ötən illər ərzində ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin qorunması, kitab nəşri və müəlliflik hüquqlarının qorunması sahəsində ardıcıl tədbirlər görür. Bir çox dövlət və özəl mətbəə və nəşriyyatlar yenidən qurulur, kitab nəşri ilə əlaqədar nəşriyyatların maddi-texniki bazası yaxşılaşdırılır, yaradıcı insanlara qayğı və diqqət artırılır.

Agentlik erməni saxtakarlıqlarını ifşa edən kitablar nəşr etdirir, bu əsərləri müxtəlif vasitələrlə yayır. Eləcə də qeyri-maddi mədəni irsin qanunsuz mənimsənilməsi hallarının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirir. Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, hüquqi qorunması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsinin təmin edilməsi istiqamətində mühüm işlər görür…

Sözə söykək

23 aprel 2021-ci ildə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəsmi saytında UNESCO-nun Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə geniş ictimaiyyətə müraciəti yayımlanıb. Müraciətdə deyilir:

“Oxuyun… Özünüzü heç vaxt tənha hiss etməyəcəksiniz

Nə üçün oxumaq indiki zamanda həmişəkindən daha vacibdir?

Dünyanın əksər məktəblərinin bağlandığı və insanların bayırda keçirdikləri vaxtları məhdudlaşdırmaq məcburiyyətində qaldıqları bir dövrdə, eyni zamanda

zehnimizi və yaradıcılığımızı stimullaşdırarkən. kitabların gücü həmişəkindən daha çox təcridlə mübarizə, insanlar arasındakı əlaqələri gücləndirmək, görüş dairəsini genişləndirmək üçün istifadə olunmalıdır.

Aprel ayı və bütün il boyu təkbaşına və ya uşaqlarınızla birlikdə oxumağa vaxt ayırmaq vacibdir. Kitab oxumağın vacibliyini qeyd etmək, uşaqların oxucu kimi böyüməsinə şərait yaratmaq və ömür boyu ədəbiyyata sevgi və iş dünyasına inteqrasiyanı təşviq etmək vaxtıdır”.

Yazıçılar yazmalı, oxucular oxumalıdır

Çağdaş Amerikanın məşhur yazıçılarından olan Rey Duqlas Bredberinin bir kəlamı var: “Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər”.

Görkəmli irland yazıçısı Oskar Uayld isə fikrini belə ifadə edir: “Əvvəllər kitabı yazıçılar yazırdılar, oxucular oxuyurdular. İndi isə kitabı oxucular yazır, amma heç kəs oxumur”.

Amma mən yazımın sonunda yazıçıları yaxşı yazmağa, oxucuları diqqətlə oxumağa səsləməklə UNESCO-nun baş direktorunun müraciətinə qoşularaq hər kəsi Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə təbrik edirəm!

Hamını ana dilimizin, elmimizin, birliyimizin – diriliyimizin daşıyıcısı olan sevimli kitablarla ünsiyyət yaratmağa, ülfət bağlamağa, dost olmağa çağırıram!

Qoy bu kitablar hər birimizə xoş ovqat, mənəvi güc, sabaha inam yaratsın!..

Xalq şairimiz Səməd Vurğun demişkən:

Kitabsız bir ömrün nə mənası var?!.

Knyaz ASLAN

Bakı Dövlət Universiteti

Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri

Bənzər yazılar